Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-525/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Borcun hissə-hissə ödənilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 472/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi İlə mənim əmək pensiyamın yarısı yəni 50 faizi tutulmasının üsul və qaydasına dəyişiklik edərək mənim əmək pensiyamdam 25 faiz məbləğində pulun tələbkarın xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan 9000 ABŞ dolları əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 450 ABŞ dollarının, 139 manat dövlət rusumunun tutularaq iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, maddi vəziyyəti çox pisdir, belə ki, ondan asılı olmayan səbəblərdən heç yerdə işləmir. Pensiyaçıdır və 358 manat əmək pensiyası alır. Bu pensiyanın 179 manatı, yəni 50 faizi 2024-cii ilin mart ayından tutularaq borca ödənilir. Bildirir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün böyüklər üçün yaşayış minimumu 280 manat müəyyən olunb. Onun pensiyasından 50 faiz tutulması yaşayış vəziyyətini çox ağırlaşdırır. Qeyd olunan səbəblərdən də bu günkü gündə yaranmış belə bir vəziyyətdə onun pensiyasından 50 faiz pulun borcun ödənilməsi heç də ağlabatan deyildir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir: Hər hansı məhkəmə tərəfindən verilən bu cür qərarların icrası hüququ "məhkəməyə hüququn" ayrılmaz hissəsidir (Hornsby Yunanıstana qarşı, § 40; Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 196). Əks halda, 6 § 1 Maddənin müddəaları bütün faydalı təsirindən məhrum edilər (Burdov Rusiyaya qarşı, §§ 34 və 37) Məhkəmə qərarının icrasında müəyyən gecikmələr xüsusi şərtlər altında əsaslandırıla bilsə də, bu gecikmə iddiaçının qərarın icra edilməsi hüququna xələl gətirəcək dərəcədə olmamalıdır (Burdov Rusiyaya qarşı, §§ 35-37). Beləliklə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-472/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğin hissə-hissə ödənilməsinə dair borclunun təklifinə tələbkarın münasibətini müəyyən etmək mümkün olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-472/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-525/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-525/2024
30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver