Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-536/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar X10 və X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qərarından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ilə müraciət edərək, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7570/2019 saylı icra sənədinə əsasən 1 ədəd dəyəri 7000 manat olan qızıl kişi qol saatı və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyü, onlar olmadığı təqdirdə isə onların əvəzi X10 xeyrinə tutulmalıdır. Göründüyü kimi artıq məhkəmə qətnaməsi ilə əşyaların qiyməti müəyyənləşdirilmişdir. X11 həmin əşyaları qəbul etməkdən imtina etmişdir. Belə olan halda həmin əşyaların qiymətləndirilməsinin əhəmiyyəti yoxdur. Ləğv edilməsi xahiş olunan qərarın qəbul edilməsində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinə istinad edilmişdir. Halbuki həmin maddə mövcud vəziyyəti tənzimləmir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinə uyğun izahat verərək, icra məmurunun qərarının ləğv edilməsini xahiş etdi. Vəkil həmçinin məhkəmə iclasında 01 ədəd CD disk və 01 ədəd üzük və 01 ədəd qızıl saat təqdim edərək, diskdə əks edilən video görüntülərdə tələbkar X10 eyni saat və üzüklə əks etdirildiyini, bununla da borclunun həqiqətən icra sənədində qeyd edilən əşyaları qaytarmağa hazır olduğunu, tələbkarın icranı uzadaraq əşyaları qəbul etmədiyini bildirmiş, icra məmurunun qiymətləndiricinin dəvət edilməsi ilə bağlı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X8 qiymətləndiricinin dəvət olunması barədə qəbul etdiyi qərarı müdafiə edərək bildirdi ki, məhkəmə qətnamsinə əsasən verilmiş icra vərəqində göstərilən 1 ədəd qızıl kişi saatı və 1 ədəd qızıl kişi üzüyünün borclu tərəfindən tələbkara təklif olunan kişi saatı və kişi üzüyü ilə eyni əşyalar olduğunu müəyyən etmək üçün qiymətləndiricinin dəvət olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X11 borclunun icra mərhələsində təqdim etdiyi və 1 ədəd CD diskdə qeyd edilən qızıl və zinət əşyalarının onun məhkəmə qətnaməsi əsasında tələb etdiyi əşyalar ilə eynilik təşkil etmədiyini, bu səbəbdən onları qəbul etmədən imtina etdiyini və qiymətləndiricinin dəvət olunmasını tələb etdiyini bildirmişdir. Məhkəmədən şikayəti təmin etməməyi xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7570/2019 saylı qətnaməsindən müəyyən olunur ki, 1 ədəd dəyəri 7000 manat olan qızıl kişi qol saatı və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyü, onlar olmadığı təqdirdə isə onların əvəzi X10 xeyrinə tutulması qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə tələbkar X11 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızı kişi üzüyünün qiymətinin müəyyən edilməsi üçün müvafiq qiymətləndirmə xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Bu səbəbdən icra sənədində qeyd edilən 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyünün qiymətləndirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən nümayəndə dəvət edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7570/2019 saylı icra sənədinə əsasən 1 ədəd dəyəri 7000 manat olan qızı kişi qol saatı və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyünün, olmadığı təqdirdə isə onların dəyərinin tələbkar X6 xeyrinə tutulmalı olması müəyyən edilmişdir. İşin materiallarından məlum olur ki, məhkəmə icraatı zamanı adı çəkilən qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilməmiş, əmlakın dəyərini müəyyənləşdirmək üçün iddiaçı Fətullayeva (Əhədova) Yasəmən Saday qızına İstintaq şöbəsindəki izahatında qeyd olunan qızıl-zinət əşyalarının dəqiq adlarını və təsvirini əks etdirən yazılı izahatı məhkəməyə təqdim etməsi təklif olunsa da, o bununla bağlı yazılı izahatı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qızıl-zinət əşyalarının təsviri ilə bağlı iddiaçı məlumat vermədiyindən və buna görə onların dəyərini müəyyən etmək qeyrimümkün olduğuna görə onların dəyəri cavabdehin tələb etdiyi kimi müəyyən olunmuşdur.Məhkəmə qətnaməsində qızıl-zinət əşyalarını fərdiləşdirməyə imkan verən məlumatlar əks etdiyilməmişdir (əşyaların çəkisi, əyarı, modeli, markası, buraxılış ili , istehsalçı ölkə və s. kimi) İcra mərhələsində X1 təqdim etdiyi qızıl-zinət əşyalarını tələbkar qəbul etməkdən imtina etmişdir. Borclu Y.Fətullayevanın vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında təqdim etdiyi 01 ədəd diskdə əks etdirilmiş qızıl-zinət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2171/2022 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilir ki, məhkəmə iclası zamanı təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, video-görüntülərdə X9 istifadə etdiyi 01 ədəd qol saatı və 01 ədəd üzük ilə X2 məhkəmə iclasında təqdim etdiyi əşyalar arasında eynilik müəyyən edilməmişdir. İşin hallarından görünür ki, icra məmuru icranı təmin etmək üçün bütün imkanlardan istifadə etmək məqsədi ilə qiymətləndiricinin dəvət olunması barədə qərar qəbul etmişdir. Məhkəmə bu halda icra məmurunun mövqeyi ilə razılaşır. Belə ki icra vərəqəsində qeyd edilən 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyünün borclunun təqdim etdiyi 1 ədəd qızıl kişi qol saatı və 1 ədəd qızıl kişi üzüyü ilə eyniləşdirməyə imkan verən yeganə meyar həmin əşyaların dəyəridir. Qiymətləndirici tərəfindən veriləcək rəydə tələbkara təklif edilən əşyaların qiymətlərinin icra vərəqəsində qeyd edilən qiymətlərlə eyni olacağı halda, tələbkar icranı qəbul edə bilər ki, bu da məhkəmə qətnaməsinin icrasını təmin edəcəkdir. Tələbkarın icranı qəbul etməyəcəyi halda isə icra məmuru tərəfindən icra sənədinin geri qaytarılması istisna edilmir ki, bu da borclunun hüquqlarını pozmur və onu icranı təmin etmək borcundan azad edir. “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas mövcud deyil. Buna görə də Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022ci il tarixli qərarından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli qərarından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-536/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-536/2022
10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver