Məhkəmə qərarları › İş №8(005)-551/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-551/2022

19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-551/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovin icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovin hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X3 “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh X4 qarşı "birgə mülkiyyətin naturada ayrılması" tələbinə dair iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilərək, X7 1/2 və X6 1/2 pay hüququ ilə məxsus olan Abşeron rayonu, Pürəkeşkül kənd ərazisində 5.0 ha torpaq sahəsinin paylara münasib naturada real bölgüsünün həyata keçirilməsi, bunun üçün torpaq sahəsinin yol ilə sərhəd boyu 127,15 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 195,4 metr uzunluqda sərhəd hasarı çəkilməsi, daşınmaz əmlakın real bölgüsü həyata keçirilərkən görüləcək işlərlə (hasarın çəkilməsi, qapının açılması) bağlı xərclərin tərəflərə aid edilməsi, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və "Mercedes 270 Dİ” markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin hərracda ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və “Mercedes 270 Dİ” markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən məbləğin iddiaçı X12 və cavabdeh X8 arasında 2/1 hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Həmin iş üzrə icra sənədi icra olunması üçün Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək icra sənədinin icarsı ilə tanış olmuşdur. İcra işi ilə tanış olarakən məlum olmuşdur ki, torpaq sahəsinin açıq hərracda satışını təşkil etmək məqsədi ilə Nərimanov Rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş məktubu göndərilmişdir. Həmin MMC tərəfindən torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün müxtəlif vaxtlarda hərraclar keçirilmiş və bu barədə guya ona bildirişlər göndərilmişdir. Lakin hərrac baş tutmamış və xx.xx.2021-ci il tarixli yekun protokol növbəti tədbirlərin görülməsi üçün Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. Sənədlərlə tanış olarkən o da məlum olmuşdur ki, icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi dəyərinin 1/4 hissəsinin ödənilməsinin təmin ediləcəyi təqdirdə xx.xx.2021-ci il tarixli, 18633 196126/21-15-12 saylı məktubla ona təklif göndərilmişdir. "xxxx" MMC tərəfindən nə hərrəcların keçirilməsi lə bağlı bildirişlər, nə də Nərimamov Rayon icra şöbəsi tərəfindən qeyd olunan təklif göndərilməmişdir. Buna baxmayaraq Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə" xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Əmlak satılmasa da, qanunvericiliyin tələbinə zidd olaraq ona təklif edilməmişdir. İcra məmurunun göstərilən qərarı qanunsuz olduğu üçün ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X7 1/2 və X6 1/2 pay hüququ ilə məxsus olan Abşeron rayonu, Pürəkeşkül kənd ərazisində 5.0 ha torpaq sahəsinin paylara münasib naturada real bölgüsünün həyata keçirilməsi, bunun üçün torpaq sahəsinin yol ilə sərhəd boyu 127,15 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 195,4 metr uzunluqda sərhəd hasarı çəkilməsi, daşınmaz əmlakın real bölgüsü həyata keçirilərkən görüləcək işlərlə (hasarın çəkilməsi, qapının açılması) bağlı xərclərin tərəflərə aid edilməsi, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və "Mercedes 270 Dİ” markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsinin hərracda ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0.43236 kv.m torpaq sahəsi və “Mercedes 270 Dİ” markalı **-XE-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən məbləğin iddiaçı X12 və cavabdeh X8 arasında 2/1 hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının surətindən görünür ki, icra sənədinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin açıq hərracda satışını təşkil etmək məqsədilə "xxxx" MMC-yə sifariş məktubu göndərilmiş, lakin həmin torpaq sahəsinin üzrəində yaşayış binası yerləşdiyindən torpaq sahəsinin satışı mümkünsüz olmuşdur. Qeyd edilən məlumatlın doğruluğunu yoxlamaq məqsədi ilə həmin ünvanda olan zaman həqiqətən çoxmərtəbəli yaşayış binasının olduğu müəyyən olunmuşdur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “ İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələrinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 70.4-cü maddəsinə uyğun olaraq icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən əmlakın satılması və tələbkara təklif edilməsi ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Hazırki iş üzrə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovin “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovin “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar