Məhkəmə qərarları › İş №8(005)-554/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-554/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-554/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MG 350” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 20000 manat məbləğində pul Borclu, 13000 manat məbləğində pul X1 tutularaq Tələbkar verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 manatı Borclu, 76 manatı isə X1 tutularaq Tələbkar verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icranı könüllü təmin etməsi üçün verilmiş 10 gün müddətində borclu tərəfindən hər hansı məbləğ tələbkarın xeyrinə ödənilməmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Aparılmış icra tədbirləri zamanı “Elektron İcra” sistemindən əldə etdikləri məlumatdan görünür ki, Borclu məxsus “MG 350” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, ümumi borcun 20000 manatını hazırki iş üzrə Borclu ödəməlidir, 2014-cü ildən bəri heç bir ödəniş edilməmişdir. Dələduzluq edərək evini satmağa məcbur etmişlər. Hadisədən sonra yoldaşı xəstə düşərək vəfat etmişdir. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, qeydiyyatı Şuşa rayonunadır, o, hazırda Xətaidə yaşayır. Onun icra işi Nərimanovda olmamalıdır. O, icra şöbəsi tərəfindən çağırılmayıb, ancaq məhkəmə bildirişindən sonra bilib ki, belə bir iş var. İşə Şuşa rayon İcra şöbəsində baxılmalıdır. Aidiyyət üzrə göndərilməlidir. Beləliklə o, aidiyyət qaydasının pozulmasını, icra işindən məlumatsız olmasını, könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədinin icra edilməsi haqda bildirişin ona çatdırılmamasını əsas gətirərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 20 000 manat məbləğində pulun Borclu, 13 000 manat məbləğində pulun X1 tutularaq Tələbkar verilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; - Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “MG 350” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “MG 350” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclunun icra sənədinin könüllü icrası ilə bağlı ona bildiriş verilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunun 44.1.3-cü maddəsinə görə isə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məcburi icra tədbiri kimi həbsin tətbiq edilməsinin başlıca məqsədi, icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş müddət bitdikdən sonra, tələbkarın pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəmə və digər orqanların qərarlarının məcburi icra edilməsidir. Hazırki iş materiallarından görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixində verilmiş, həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Həmçinin icra işinin materiallarında olan SMS bildirişlərdən görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə Borclu adına olan bütün nömrələrə, icra şöbəsinə dəvət edilməsi barədə bildirişlər göndərilmişdir. Eyni zamanda tələbin könüllü icrası barədə bildiriş hazırlanaraq borclunun ünvanına göndərilmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasının yeri və vaxtı ilə bağlı da eyni ünvana və telefon nömrələrinə bildirişlər göndərilmiş və borclu məhkəmə iclasına gəlmişdir. Qeyd edilənlərə əsasən onun icra prosesindən xəbərsiz olması ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Müvafiq bildirişin təqdim edilməməsinə əsaslanmaqla mövcud vəziyyətdə əmlakın üzərinə həbs qoyulmaması həmin əmlakın borclunun mülkiyyətindən çıxarılmasına, icra sənədinin icrasının daha da çətinləşməsinə səbəb ola bilər. Bu hal borclunun hüquqlarından sui-istifadəsinə, qanunvericilik normalarının məzmunundan başqalarına ziyan vuran şəkildə istifadə edilməsinə şərait yaratmış olur, eləcə də icra qanunvericiliyinin əsaslandığı obyektivlik, ədalətlilik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə və 80-ci maddələsinə uyğun olaraq, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Borclunun onun işinə aidiyyəti üzrə Şuşa Rayon İcra şöbəsi tərəfindən baxılmalı olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Hazırkı iş üzrə əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində borclunun olduğu yer olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 27a, mənzil 40 qeyd edildiyindən icra vərəqəsinə aidiyyət üzrə Nərimanov rayon İcra Şöbəsində baxılmış və icra sənədi üzrə icraata başlanılmışdır. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun icra işinə Şuşa Rayon İcra Şöbəsində baxılmalı olsa belə, mövcud vəziyyətdə icra edilməli olan məhkəmə qətnaməsi vardır və müvafiq icra sənədinin hansı icra şöbəsi tərəfindən icra edilməli olmasından asılı olmayaraq onun məcburi icrası mütləq qaydada təmin edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün məcburi icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “MG 350” minik markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3745/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MG 350” minik markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar