Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-565/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X7 iştirakı ilə, X1 borc məbləğinin hissə-hissə ödənilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, səhhətini, maddi durumunu və ailə vəziyyətini nəzərə alaraq 3800 manat borcumun hissə-hissə hər ay 200 manat məbləğində ondan alınaraq tələbkar X2 xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(005)-423/2024 saylı qətnaməsi ilə ondan 4200 manat tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qət edilmiş 4200 manat puldan tələbkara 400 manat pul ödənilmiş və həmin borcdan 3.800 manat pul qalmışdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclu olaraq ondan icra sənədinin icra edilməsi tələb olunsa da, maddi vəziyyətinin çox ağır olması səbəbindən icra məmurunun tələblərini vaxtında yerinə bilməmişdir. Səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, əlavə gəliri və pensiya təminatı yoxdur, lakin bütün bunlara baxmayaraq borcu ödəmək arzusundadır. Hazırda vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə olmaqla ayda 200 manat ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X9 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru və tələbkarlar məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Qeyd olunmalıdır ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsini xahiş edən şəxsin təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı, məhkəmə aktının real icrasını təmin etməli və tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər (“Burdov Rusiyaya qarşı”, 2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəməyə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi cüzi ödəniş edildiyini, borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən hüququnun pozulacağını nəzərə alaraq hesab edir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(005)-423/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X4 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-565/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-565/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver