Məhkəmə qərarları › İş №8(005)-577/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-577/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-577/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X1, Borclu iştirakları ilə, X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3873/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Borclu işin ərazi aidiyyəti üzrə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İş materiallarından göründüyü kimi alimentin miqdarının minimum əmək haqqına müvafiq indeksasiya edilməsi xahiş edilən qətnamə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Belə olan halda həmin qətnamənin icra olunmasına nəzarət də bilavasitə qeyd edilən məhkəmə tərəfindən həyata keçirilir. Bu səbəbdən alimentin indeksasiya olunması məsələsinə məhz həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3873/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3873/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar