Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-596/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(005)-140/2019-008 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə borclu (Hüseynova) Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-140/2019- 008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü borclu (Hüseynova) Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tələbkar 24 may 2006-cı il ildə doğulmuş X1 və 28 oktyabr 2011-ci ildə doğulmuş X2 ilə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 12, mənzil 2-də hər həftənin bazar günləri saat 10:00-dan 16:00dək ünsiyyətdə olma hüququ verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün borclu (Hüseynova) Borclu ünvanına bildiriş məktubu göndərilmişdir. Borclu (Hüseynova) Borclu dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, heç bir münasibət bildirilməmişdir. Nəticədə borclu (Hüseynova) Borclu şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən borclu (Hüseynova) Borclu təqdimata etiraz edərək bildirmişdir ki, qızı 19 yaşındadır, oğlu isə atası ilə mütəmadi görüşür. Bəzi günlərdə uşağın atası ilə görüşü alınmayanda atasına bildirir, o da etiraz etmir və onun əvəzinə başqa bir gün görüş təyin edirlər. Keçən həftə müəyyən səbəblərdən görüşləri alınmamışdır. İcra məmuru isə ona icra sənədi ilə bağlı hər hansı bir çağırış etməmişdir. İcradan yayınmır. Təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuru və tələbkar məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu tərəfin izahatlarını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, borclu (Hüseynova) Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsaslar olduğundan təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-140/2019 saylı icra vərəqəsinə əsasən qətnamə ilə iddiaçı Tələbkar 24 may 2006-cı il ildə doğulmuş X1 və 28 oktyabr 2011-ci ildə doğulmuş X2 ilə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 12, mənzil 2-də hər həftənin bazar günləri saat 10:00-dan 16:00dək ünsiyyətdə olma hüququnun verilməsi qət edilmişdir; - Nərimanov Rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(005)-140/2019- 008-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “borclunun məcburi qaydada gətirilməsi barədə” qərarının surətindən görünür ki, borclu (Hüseynova) Borclu Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən qanunvericiliyin onlara verdiyi səlahiyyətlər çərçivəsində qətnamənin icrasının təmin edilməsi üçün lazimi tədbirlər görülmüşdür. Hazırki işdə borclunun verdiyi izahatdan da göründüyü kimi, o müəyyən zamanlarda uşağın atası ilə görüşünün təmin edilə bilmədiyini bildirmiş, belə olan hallarda onun əvəzinə başqa tarixlərdə görüşlərin təşkil edildiyini qeyd etmişdir. Bununla belə o, qeyd edilən halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı bildirilməlidir ki, səbəb nə olursa olsun borclu qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun göstərişlərini diqqətə almalıdır və dəvət olunan vaxtı şöbəyə gəlmək onun birbaşa vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(005)-140/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu (Hüseynova) Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, borclu (Hüseynova) Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(005)-140/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-596/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-596/2024
29.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver