Məhkəmə qərarları › İş №8(005)-601/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-601/2024

05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-601/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X7 iştirakı ilə, X1 borc məbləğinin hissə-hissə ödənilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, səhhətini, maddi durumunu və ailə vəziyyətini nəzərə alaraq 3800 manat borcunun hissə-hissə hər ay 600 manat məbləğində ondan alınaraq tələbkar X2 xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(005)-423/2024 saylı qətnaməsi ilə ondan 4200 manat tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qət edilmiş 4200 manat puldan tələbkara 400 manat pul ödənilmiş və həmin borcdan 3800 manat pul qalmışdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclu olaraq ondan icra sənədinin icra edilməsi tələb olunsa da, maddi vəziyyətinin çox ağır olması səbəbindən icra məmurunun tələblərini vaxtında yerinə yetirə bilməmişdir. Səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, əlavə gəliri və pensiya təminatı yoxdur, lakin bütün bunlara baxmayaraq borcu ödəmək arzusundadır. Hazırda vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə olmaqla ayda 600 manat ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X9 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru və tələbkarlar məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edildiyindən, ərizə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Qeyd olunmalıdır ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsini xahiş edən şəxsin təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı, məhkəmə aktının real icrasını təmin etməli və tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəmə aktının hissə-hissə icra edilməsi ilə bağlı qərar qəbul edərkən, tərəflərin əmlak vəziyyəti və digər halları, borclunun qət olunmuş qərarın icrası ilə bağlı bugünədək həyata keçirdiyi hərəkətləri, borclunun hissə-hissə icra üzrə hər ödəniş dövrü üçün təyin olunmasını xahiş etdiyi pul vəsaitin həcmi, bu cür icranın borcun tam ödənilməsi üzrə çəkəçəyi müddəti və bunlarla bağlı hər iki tərəfin hüquqlarının qarşılıqlı təhlili nəzərə alınmalıdır. Belə ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi ilə bağlı nəzərə alınmalı amillərdən olan borclunun səhhəti, maddi durumu və ailə vəziyyəti, əvvəlki məhkəmə qətnaməsi üzrə borclunun öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar ödəniş etməsini, ödəniş dövrləri üçün pul hissələrinin həcmi qismində 600 manat təyin olunması istəyini və bu dövri məbləğin öhdəliyin tam yerinə yetirilməsinin lazımsız uzatmaması, həmçinin həmin miqdarın tələbkarın həyat fəaliyyətini təmin etmək üçün kifayət etməsi ərizənin təmin olunması üçün keçərli səbəblər qismində çıxış edirlər. Faktiki olaraq borclu bildirir ki, qətnaməni ona görə hazırki vaxtadək icra etməmişdir ki, onun həmin məbləği birdəfəlik ödəməyə imkanı yoxdur, belə ki, onun maddi vəziyyətin ağırdır və icra ediləsi başqa öhdəlikləri var. Həmçinin bildirir ki, qətnamənin icrası hazırki ərizənin təmin edilməsi ilə mümkündür. Ona görə də məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsi ilə məhkəmə qətnaməsinin tam icrasında gecikdirməyə gətirib çıxarmasına haqq qazandırıla bilər. Belə ki, bu gecikdirmənin müddətti məlumdur və qeyri-müəyyən deyil, həm də bu vasitə ilə qətnamənin icrasına nail olmaq olar ki, sonda da ədalətli məhkəmə araşdırması hüququ təmin edilər. Belə ki, borclu əmlak vəziyyətini və digər halları nəzərə alaraq könüllü olaraq qətnamənin icrasının bu cür mümkün olacağını etiraf edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Lakin məhkəmə hər ay ödənilməli pulun məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğin birtərəfli qaydada yalnız borclu tərəfindən müəyyən edilməsi ilə məhkəmə bağlı deyildir, həmin halları məhkəmə nəzərə alır. Məhkəmə hesab edir ki, kreditorun mənafeyi mütləq nəzərə alınmaqla qətnamənin icrası mümkün dərəcədə tezləşməlidir. Buna görə də məhkəmə hesab edir ki, ödəmənin hər ay 600 manat müəyyən edilməsi ilə son nəticədə qətnamənin icrasına nail oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, müəyyən edilən məbləğdə hər ay hissə-hissə ödənilmənin müəyyən edilməsi, heç də borcluya maddi vəziyyəti imkan verdiyi halda daha artıq məbləğin, hətta tam məbləğin birdəfəlik ödəməsini istisna etmir. Bu həm də kreditora da imkan verir ki, borclunun maddi vəziyyəti yaxşılaşdığı halda və bu barədə kreditorda sübutlar olduğu halda, yaranmış əsaslı yeni vəziyyətlə əlaqədar qətnamənin icra üsul və qaydasının dəyişdirilməsi üçün yenidən məhkəməyə müraciət etməsi hüququnu istisna etmir. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər (“Burdov Rusiyaya qarşı”, 2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəməyə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(005)-423/2024 saylı icra vərəqəsi hər ay 600 manat olmaqla hissə-hissə icra ediləməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(005)-423/2024 saylı qətnaməsi hissə-hissə, yəni hər ay 600 manat məbləğində pul ödəniş edilməklə icra edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar