Məhkəmə qərarları › İş №8(005)-624/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-624/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-624/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rəfail Səfərovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rəfail Səfərov ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatında olan müvafiq icra işi üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 2026.5 manat məbləğində əmək haqqı, istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzi, 61 manat mediasiya xərci və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə, 43 manat dövlət rüsumu isə Dövlət Büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC tərəfindən Tələbkar ödənilməli olan istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzinin nə qədər məbləğ təşkil etməsi barədə borclu "xxxx" MMC-nə sorğu verilmiş, şöbəyə göndərilmiş rəsmi melumata əsasən Tələbkar 2023-cü ilin may ayında aylıq aldığı 370 manat əmək haqqına görə düşən illik 21 gün məzuniyyət haqqı 255,60 manat ödənilmiş, əlavə olaraq 2023-cü il üçün hesablanmış məzuniyyət haqqı olan 135 manat tələbkarın hesabına ödənilmişdir, icra sənədi üzrə Tələbkar məzuniyyət haqqının ona ödənilmədiyini bildirmişdir. Göründüyü kimi tərəflər arasında fikir ayrılığı mövcuddur. Sorğuya alınmış cavabla məzuniyyət haqqını müəyyən etmək mümkün deyil. Eyni zamanda məzuniyyət haqqının hansı müddətlər üçün hesablanmalı olması icra sənədində öz əksini tapmamışdır. Əsas əmək məzuniyyətinə görə pul əvəzinin nə qədər məbləğ təşkil etməsi suallar yaradır. Məhkəmə iclasında Tələbkar izahat verərək, borclu tərəfindən heç bir ödənişlər edilməmiş və əmək məzuniyyətinə görə ödənişlərin qaldığını, icra məmuru tərəfindən isə faktiki məbləğ müəyyənləşdirilmədiyindən, icranın mümkün olmadığını, halbuki borclu MMC-nin mühasibi 255.60 manat məbləği 2 illik məzuniyyət ödənişi, qalan müddət isə 135 manat olaraq hesablandığını, lakin borclu hazırda həmin ödənişləri ona əvvəlcədən etdiyini mübahisələndirdiyini bildirmişdir. İcra məmuruna ərizəyə baxılması barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir: Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh borclu "xxxx" MMC-dən 2026.5 manat məbləğində əmək haqqı, istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzi, 61 manat mediasiya xərci və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə, 43 manat dövlət rüsumu isə Dövlət Büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra mərhələsində istifadə edilməmiş məzuniyyət haqqının ödənilməli olan müddətlə bağlı hissədə müəyyən çətinliklər yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin nəticə hissəsində “istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzi” ifadəsinə aşağıdakı məzmunda "Cavabdeh "xxxx" MMC-dən istifadə edilməmiş 2021, 2022 və 2023-cü illər üçün əsas əmək məzuniyyətinə görə pul əvəzi iddiaçı Tələbkar xeyrinə tutulsun" kimi izah verilməlidir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri üçün ona əsas əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmədiyini bildirmiş, məhkəmə də həmin tələblər üzrə iddianı əsaslı hesab edərək, məzuniyyətə görə pul əvəzinin ödənilməli olması qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki məsələ mübahisə predmeti ola bilməz və qanuni qüvvəsini almış məhkəmə qərarı borclu tərəfindən icra edilməlidir. Qeyd olunan məsələ məhkəmənin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin 58-ci paraqrafındakı hüquqi mövqeyinə, o cümlədən qətnaməyə izah verilməsi qanunvericiliyin tələblərinə (qətnamənin məzmununu dəyişdirmədən) uyğundur. Bundan əlavə ərizədə qeyd olunmuş tərəflər arasında məzuniyyət haqqının ödənilibödənilmədiyi barədə aralarında olan fikir ayrılığı barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, bu məsələ qanuni qüvvəsini almış qətnamə ilə artıq öz həllini tapmışdır. Təkrarən həmin məsələlər tərəflər arasında mübahisə predmeti ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2283/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin nəticə hissəsində “istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzi” ifadəsinə “Cavabdeh "xxxx" MMC-dən istifadə edilməmiş 2021, 2022 və 2023-cü illər üçün əsas əmək məzuniyyətinə görə pul əvəzi iddiaçı Tələbkar xeyrinə tutulsun" kimi məzmunda izah verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar