Məhkəmə qərarları › İş №8(005)-636/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-636/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-636/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 fevral 2024cü il tarixli, 2(005)-2/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi və X2 hər ay iddiaçının hesabına 100 manatın tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-2/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar MMC-nin iddiası qismən təmin edilmiş, cavabdehdən 5.400 (beş min dörd yüz) manat əsas borc, 150 (yüz əlli) manat gecikmə faizi (cərimə) borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 (yüz) manat pul, 30 (otuz) manat dövlət rüsumu, 1 (bir) manat bank xidmət haqqı olmaqla, cəmi 5681 (beş min altı yüz səksən bir) manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, X3 məhkəmənin qətnaməsini dərhal icra etmək imkanı yoxdur. İşləmir, himayəsində 2 uşağı var. Uşaqlarından biri gözdən əlildir. 2-ci övladı üçün əlilliyin təyini üçün müraciət etmiş, psixi xəstədir. Məhkəmənin qətnaməsini icra etdiyi halda övladlarının qayğısına qalıb, onları müalicə etdirə bilmir. Maddi imkansızlıq səbəbindən hesab edir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-2/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi və X2 hər ay iddiaçının hesabına 100 manatın tutulması barədə qərardad qəbul olunmalıdır. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəsini, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir: Hər hansı məhkəmə tərəfindən verilən bu cür qərarların icrası hüququ "məhkəməyə hüququn" ayrılmaz hissəsidir (Hornsby Yunanıstana qarşı, § 40; Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 196). Əks halda, 6 § 1 Maddənin müddəaları bütün faydalı təsirindən məhrum edilər (Burdov Rusiyaya qarşı, §§ 34 və 37) Məhkəmə qərarının icrasında müəyyən gecikmələr xüsusi şərtlər altında əsaslandırıla bilsə də, bu gecikmə iddiaçının qərarın icra edilməsi hüququna xələl gətirəcək dərəcədə olmamalıdır (Burdov Rusiyaya qarşı, §§ 35-37). Beləliklə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğin hissə-hissə ödənilməsinə dair borclunun təklifinə tələbkarın razılığını müəyyən etmək mümkün olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar