Məhkəmə qərarları › İş №8(005)-648/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-648/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-648/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Borclu nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4153/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus daşınmaz əşyaların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 30 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, 14 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndi, ev - saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu və X4 600.000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 30 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, ev 14 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndi, ev - saylı fərdi yaşayış evinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi X5 bildirmişdir ki, icra sənədi üzrə borc əslində digər cavabdeh X3r. Elnur, yazılı iltizam verərək borcu tam şəkildə ödəyəcəyini bildirmişdir. Hazırda ödəniş etmiş, 500000 manata yaxın borcu qalmışdır. Hər üç ev fərdi yaşayış evləridir. 1 milyon manatdan çox qiymətləri vardır. X9 prospektində yerləşən torpaq sahəsində dörd mərtəbəli bina inşa edirlər. Elə onun bir mərtəbəsi 1400 kv.metrdir. Təqdimatın qismən təmin edilməsini xahiş etmişdir. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4153/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu və X4 600.000 manat pul müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4153/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Təqdimata əlavə edilmiş elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, X1 adına 4 ədəd daşınmaz əmlak və 1 ədəd nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş iltizamın surətindən görünür ki, X6 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan və Borclu tutulmalı olan borc məbləği tam məsuliyyət üzrə ona aiddir. Bütün öhdəlikləri və məsuliyyəti öz üzərinə götürür. Borclu adı burada formal şəkildə çəkilir və hər hansı bir məsuliyyət daşımadığını bəyan edir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 30 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, ev 14 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndi, ev - saylı fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus 3 ədəd daşınmaz əmlakın üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği, eləcə də daşınmaz əmlakların texniki göstəricilərini, fərdi yaşayış evi olmalarını, yerləşdiyi ərazini nəzərə alaraq, borcluya məxsus iki ədəd daşınmaz əşyaların üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 30 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4153/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospektində yerləşən 30 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndi, ev - saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar