Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-657/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon icra şöbəsinin 28.112024-cü il tarixli qərarının ləğv edilməsi və işin icra olunması üçün yenidən Nərimanov rayon icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə cəmi 10,853.13 (On min səkkiz yüz əlli üç (.13)) manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmiş və icra məmuru X2 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu yaşadığı Bakı şəhəri, Nərimanov rayon, X4 küçəsi 33a, mənzil 45 ünvanına göndərilmişdir. Həmin vaxtdan borcluya könüllü icra edilməsi üçün vaxt verilmiş, lakin borclu qətnamənin könülü icrasını yerinə yetirməmişdir. İcra məmuru Rafail Səfərov tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına sorğular təqdim edilmiş, lakin borcluya məxsus hər hansı bir əmlak və ya gəlir növləri aşkar edilməmiş və eyni zamanda borclunun göstərilən ünvanda uzun müddot yaşamaması müəyyən olunmuşdur. İcra məmuru R.Səfərov öz növbəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək, Borclu icra sənədini icra edə bilməməsi səbəbindən həmin iş üzrə icraata xitam vermişdir. Hal-hazırda Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə nəzərdə tutulan hallar aradan qalxmışdır. Belə ki, Borclu, hal hazırda özəl sektorda işləyir və əmək haqqı alır. Nəzərinizə çatdırırıq ki, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyilik. Belə ki, məhkəmənin yekun qərarı icra edilməmiş və Borclu barədə axtarış və ya ölkədən qetmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə icra şöbəsinin nümayəndəsi və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin şikayətini nəzərdən keçirib, iş materiallarını və icra işi materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Şikayətə əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, Cavabdeh Borclu 9352,39 (doqquz min üç : yüz əlli iki manat otuz doqquz qəpik) AZN əsas, 1378.15 (min üç yüz yetmiş səkkiz manat on beş qəpik) AZN faiz borcu olmaqla, cəmi 10730.54 (on min yeddi yüz otuz manat əlli dörd qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 122.59 (yüz iyirmi iki manat əlli doqquz qəpik) AZN məbləğində vəsaitin tutularaq "xxxx" ASC-yə ödənilməlidir. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qeyd olunan icra sənədi 02.12 2022-ci il tarixdə şöbənin icraatına daxıl olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu Hacibaba qızı tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədi ilə “Elektron icra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak və gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borclunun ünvanında olan zaman borclunun həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. -43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. -45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. -45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. İş materiallarından da göründüyü kimi icra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlanılmışdır (icra işi № e292145/2022-15-12). İcra sənədi üzrə tələb 10730.54 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 122.59 manatdır. Bununla belə, könüllü icra müddəti bitməsinə və icra sənədinin icra şöbəsinə daxil olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra olunmamışdır. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmiş, elektron sorğularla kifayətlənmiş, həmçinin icra sənədinin qaytarılması barədə qərar formal əsaslandırılmış, bununla da icra qanunvericiliyinin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən “Elektron Məhkəmə” informasiya sistemindən borclunun gəlir məlumatlarına dair edilmiş sorğu əsasında əldə edilmiş məlumatlarla müəyyən olunmuşdur ki, Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətində alıcı (təchizat) vəzifəsində işləyir, aylıq əmək haqqı 670 manatdır. Qanunvericiliyə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın mənafeyinə uyğun gəlmədiyindən onun haqlı şikayətinə səbəb olmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: - 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, tələbkar “Expressbank" ASC-nin şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” AR Qanunun 23.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2914/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-657/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-657/2025
02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver