Məhkəmə qərarları › İş №8(005)-66/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-66/2024

26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-66/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, X1 şikayətini məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın icra edilməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməsi üçün qanuni tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə X4 ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə yolverilməzliyə görə şikayətin icraata qəbulundan imtina olunmalıdır. Belə ki şikayətin məzmunundan görünür ki, X3 Rayon Məhkəməsinin icra vərəqəsi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyindən narazı olmaqla mütəmadi olaraq icra məmuruna müraciət etməsinə baxmayaraq icra sənədinin qərəzli olaraq icra olunmadığını bildirmiş, məhkəmə qətnaməsinin icra edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin icra xidməti, probasiya qurumları, dövlət notariat ofisləri, regional qurumları, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi X5 hazırkı şikayətlə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət etməli olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. Bu səbəbdən onun icraata qəbul edilərək baxılması mümkün deyil və ona görə də şikayətin qəbul edilməsindən yolverilməzliyinə görə imtina olunmalıdır. Məhkəmə qeyd edir ki, X5 hazırkı şikayətlə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 şikayətinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçinin hazırkı şikayətlə icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququ olması izah olunmalıdır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçinin hazırkı şikayətlə icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar