Məhkəmə qərarları › İş №8(005)-668/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-668/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-668/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-596/2021 -010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv.m və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan əmlakların üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimata və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-596/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, icra sənədi üzrə Borclu 15.000 manat və dövlət rüsumuna ödənilmiş 30 manat tutularaq tutularaq Tələbkar verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv.m və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan əmlakların Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Tələbkar, icra məmuru və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri, borclu və maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sübutları və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv.m və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan torpaqlar “yaşayış” məqsədli istifadə növündədir. Və torpağın mülkiyyətçisi olaraq X1 qeydiyyata alınmışdır. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarından müəyyən olunur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarın qeyd hissəsinə əsasən, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra məmuru borclunun icra vərəqi üzrə öhdəliklərini yerinə yetirmədikdə gələcəkdə tələbin həmin əmlaka yönəldilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv.m və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin elektron məhkəmə informasiya sistemindən görünür ki, üzərinə həbs qoyulması xahiş olunan torpaqlar borclunun deyil, X1 adlı şəxsin mülkiyyətindədir və yaşayış təyinatlıdır. Belə olan halda məhkəmə həmin torpaqların üzərinə həbs qoyulması üçün əsasların olmadığı qənaətinə gəlir. Çünki icra vərəqinin icra olunmasını təmin etmək üçün yalnız borclu şəxsin özünə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Halbuki hazırki əmlkakın mülkiyyətçisi olaraq elektron məhkəmə informasiya sistemində başqa şəxs qeydə alınmışdır. Eyni zamanda Nazirlər Kabinetinin qeyd edilən Qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısında borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağın üzərinə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Təqdimata qeyd edilən halları ətraflı araşdırmağa imkan verən sənədlər əlavə edilməmiş, icra məmuru məhkəmə iclası barədə məlumatlandırmış, lakin iclasda iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş materialları təqdimatın təmin edilməsi üçün yetərli deyil və bu səbəbdən də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin Borclu mülkiyyətində olan Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0728 kv.m. və Bakı Şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, ümumi sahəsi 0.0727 kv.m olan əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar