Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-672/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X1, İcra məmuru X2 iştirakları ilə, X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, 15 iyul 2019-cu il tarixli icra sənədi üzrə Nərimanov rayon icra şöbəsinin “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı” hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev məhkəməyə təqdimatla müraciət edərək, X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,8(005)-268/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7203/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş,ünvan 1 ünvanında qeydiyyatda olan X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Hazırda ərizəçi X5 şikayət ərizəsi ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli 15 iyul 2019-cu il tarixli icra sənədi üzrə Nərimanov Rayon İcra şöbəsinin “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasmın götürülməsi ilə bağlı” hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra şöbəsinin xx.xx.2025-ci il tarixli, 30286/20 15/23 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, ”borclu qismində tərəf olduğunuz Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 7203/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb tərəfinizdən könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmurunun müvafiq təqdimatı əsasında ölkədən getmək hüququnuz müvəqqəti məhdudlaşdırılmışdır”. İcra məmuru qanunvericiliyin tələblərini pozmaqla borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı müraciətini müsbət cavablandırmamış, bu hal da qanunvericilin tələblərinə zidd olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Bildirdi ki, icra sənədi onun tərəfindən icra edilmişdir. Həmçinin qeyd etdi ki, səhhəti ilə bağlı Gürcüstan Respublikasına həkim qəbuluna getmək istəsə də, ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün ölkədə çıxa bilmir. Məhkəmə iclasında iştirak edən icra məmuru İmran Cəfərquliyev bildirdi ki, borclu tərəfindən icra ödənişi ödənilmədiyindən məhdudiyyətin götürülməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməyib. Ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ərizəyə tələbkarın iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunun və icra məmurunun izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X6 tərəfindən ondan ötrü verilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, icra şöbəsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etdiyi 7369 manat pulu borclu X3 alıb. Bu günə ona borcu olmadığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, icra vərəqələrinin icrasının təmin edilməsi tərəflərin pozulan hüquqlarının bərpasına, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlir. İcra sənədinin məcburi icrasının təmin edilməsi üçün görülən tədbirlərdən biri də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasıdır. Bununla belə, istənilən məhdudiyyət tədbiri kimi, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması da müddətsiz olaraq tətbiq edilməməlidir. Belə ki, müddətinin nəzərdə tutulmaması belə məhdudlaşdırmanın qanuni məqsədə mütənasibliyi prinsipinin və belə məhdudiyyətin mütənasibliyinin (zəruriliyinin) dövri olaraq yoxlanılması tələbinin gözlənilməməsinə şərait yaradır. Konstitusiya Məhkəməsi Plenumunun X11 (X12) şikayəti üzrə xx.xx.2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32). Nəzərə alınmalıdır ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların uzun müddətə məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Habelə Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Lakin o da qeyd edilməlidir ki, göstərilən hüquqlar, bu hüquqların vacibliyinə baxmayaraq, mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Hər bir halda icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinin həmin Qanunun 84-1.1-ci maddəsi ilə sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq qeyd etmişdir ki, borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran tədbir bu və ya digər səbəbdən artıq mütənasiblik prinsipinin tələblərinə cavab vermirsə (o cümlədən məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə xidmət etmirsə), icra məmuru bu tədbirin götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmədikdə, “İcra haqqında” Qanunun 29.1 və 87.1-ci maddələrinə uyğun olaraq borclu icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri, cəza tədbiri olmamaqla, müəyyən müddətə tətbiq edilməli, bu zaman mütənasiblik prinsipi nəzərə alınmalı və məhkəmə qərarının tam və vaxtında icrasına maneəçilik törədə bilən halların qarşısının alınmasına yönəlməlidir. Borclunun təqdim etdiyi sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, X5 tərəfindən borc Tələbkar ödənilmişdir. Beləliklə, şəxsin ölkədən çıxma hüququnun məhdudlaşdırılması şəklində məhdudiyyət tədbirinin saxlanılmasına zərurət aradan qalxmışdır. Lakin icra məmuru borclunun müraciətinə, müvafiq məhdudiyyətin tətbiqi üçün əsasların aradan qalxdığına, yəni həmin məhdudiyyətin tətbiqinin hər hansı bir əhəmiyyəti olmadığına, borclunun ölkədən getməklə qətnamənin icrasına maneə olmaq niyyətinin olmamasına, əksinə məhdudiyyətinin bu qədər uzun müddətə tətbiq edilməsinin borclunun Konstitusiya ilə təsbit edilmiş hüquqlarını pozduğuna baxmayaraq, həmin məhdudiyyəti götürməməsi qanunsuz olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, icra məmurunun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qoyulmuş qadağanı götürməməsi – hərəkətsizliyi, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə mütənasiblik və hüquqi müəyyənlik prinsipini, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 268/2022 saylı qərardadı əsasında X4 ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-268/2022 saylı qərardadı əsasında X1 ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət ləğv edilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-672/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-672/2025
25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver