Məhkəmə qərarları › İş №8(005)-702/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-702/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-702/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan məhkəməyə şikayət ərizəsi verərək, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 icraatında olan xx.xx.2023-cü il tarixli, e-2(005)-119/2023 saylı icra sənədi üzrə "İcraata xitam verilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, onunla cavabdeh Borclu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqaviləyə əsasən onun mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m. mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m. sahəsinin hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 11000 manat kompensasiya ödənilməsi, cavabdehlə bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xüsusi mülkiyyətində olan 25.1 kv.m qarajın əvəzində isə 28 kv.m "Qaraj" sahəsinin verilməsi, bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqavilə öhdəlikləri üzrə kirayədə qaldığı 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m verilməsi səbəbi ilə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 5160 manat kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində iddiaçıya 28 kv.m. "Qaraj" sahəsinin cavabdeh tərəfindən verilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı 5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrində qüvvədə qalmışdır. Həmin qərara görə, Nərimanov rayon Məhkəməsinin e-2(005)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada X7 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində X5 28 kv.m "Qaraj" sahəsi cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməlidir. Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 heç bir əsas olmadan, icra sənədi tam icra edilmədiyi halda qanunsuz şəkildə icraatında olan iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etmişdir. İcra məmuru xx.xx.2023-cü il tarixli, e-2(005)-119/2023 saylı icra sənədinin icrası zamanı ciddi qanun pozuntusuna yol verdiyindən sözügedən qərar ləğv edilməlidir. "Azərbaycan Respublikası adından" çıxarılmış Ali Məhkəmənin 2(102)-3209/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı qəbul edildiyi andan qüvvəyə minmiş, bütün dövlət qurumları və vəzifəli şəxslər üçün icrası məcburi olan hüquqi aktdır. İcra məmuru isə bu qərarı nəinki icra etmiş, əksinə onu heçə sayaraq, öz səlahiyyətindən sui-istifadə etmiş, icra sənədi tam icra olunmadığı halda icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Belə ki, onun yaşlılığını və hüquqi savadsızlığını bilə-bilə, icra məmuru qarşı tərəf - Borclu ilə əlbir hərəkət etmiş, onu aldadaraq 28 kv.m-lik qaraj sahəsi əvəzinə, faktiki ölçüsü cəmi 13 kv.m olan sahəni ona təqdim etmişdir. Bu zaman bildirilmişdir ki, verilən qaraj sahəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında nəzərdə tutulduğu qaydada 28 kv.m təşkil edir və icraata xitam verilməsi barədə ərizə imzalamalıdır. Əslində isə, ona təhvil verilən sahə yalnız 13 kv.m olmuşdur - yəni qanunla təsbit olunmuş sahənin dəfələrlə azaldılması baş vermişdir. İcra məmuru tərəfindən ərizə yazılmış, daha sonra isə hüquqi savadsızlığından istifadə edərək ərizəni imzalamalı olduğu bildirilmişdir. Qarajın yerləşdiyi yer göstərilərək bildirilmişdir ki, qarajın ümumi sahəsi 28 kv.m təşkil etməkdədir. Həmin zaman ərazi sahəsinin doğru müəyyən olunması müşahidə ilə mümkün olmadığından belə hesab etmişdir ki, ona göstərilən qaraj sahəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında ona verilməsi nəzərdə tutulmuş qaraj sahəsi eynilik təşkil edir. Lakin sonradan ona məlum olmuşdur ki, icra məmuru tərəfindən ciddi qanun pozuntusuna yol verilmiş, ona 13 kv.m-lik qaraj sahəsi verilmişdir. Borclu MTK etiraz ərizəsi təqdim edərək, şikayətin əsassız hesab edilməklə təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli qaraj sahəsi tələbkara özlərinin iştirakı ilə ölçülərək təhvil verilmiş, bununla bağlı hər hansı bir şikayətinin olmaması ilə əlaqədar ərizə təqdim edərək, icraata xitam verilməsini xahiş etmişdir. Qaraj sahəsinin ölçüsü tələbkarın qeyd etdiyi kimi deyil və təqribi sahəsi müqavilə öhdəliklərinə uyğundur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, onların şikayətləri qarajla bağlıdır. Qarajın ölçüsü qətnamə ilə müəyyən edilmiş ölçü ilə uyğun deyil, 2 dəfə azdır. Həmçinin qarajın tələbkara təhvil verilməsinə dair hər hansı bir sənəd də verilmir ki, qarajı öz adına keçirsin. İcra məmuru xitam ərizəsi yazdıraraq, tələbkara qol çəkdirmişdir. Tələbkar isə yaşlı olduğundan və icra məmuruna inandığından həmin ərizəyə qol çəkmişdir. Lain sonra dəfələrlə borcluya müraciət etmələrinə baxmayaraq qaraja aid hər hansı bir sənəd verilməmiş, ölçüsünün də az olduğunu müəyyən etmişlər. Şikayətin təmin edilməsini xahiş etmişdir. İcra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri, icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 119/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m verilməsi səbəbi ilə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 5160 manat kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində iddiaçıya 28 kv.m. "Qaraj" sahəsinin cavabdeh tərəfindən verilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı 5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2593/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3209/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2593/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X2 ərizə ilə müraciət edərək, icraata xitam verilməsini xahiş etdiyindən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədi üzrə icraata xitam verilməsi yalnız qanunvericiliklə sadalanmış hallarda mümkündür. Göründüyü kimi, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi icra edilmiş sayılır. Hazırkı iş materiallarından isə görünür ki, məhkəmə aktı tam icra edilməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi kompensasiya ödənilməsi hissəsində icra edilmiş, lakin 28 kv.m qarajın verilməsi hissəsində tam icra edilməmişdir. Belə ki, tələbkar tərəfindən təqdim edilmiş video yazıdan da görünür ki, iddiaçının istifadəsinə verilmiş qarajın sahəsi icra sənədində göstəriləndən azdır. Hətta qarajın sahəsinin uyğun gəldiyi qəbul olunsa belə, həmin qaraja aid hər hansı bir sənəd tələbkara təqdim edilməmişdir. İcra sənədində nəzərdə tutulmuş “iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində iddiaçıya 28 kv.m. "Qaraj" sahəsinin cavabdeh tərəfindən verilməsi” müddəası yalnız qarajın iddiaçının istifadəsinə verilməsini deyil, göstərilmuş ölçüdə qarajın tələbkarın mülkiyyətinə verilməsini (rəsmiləşdirilməsi üçün zəruri sənədlərlə birlikdə) ehtiva edir. Əks hal, qərarın yalnız bir hissəsinin icrası əsasında icraatın tam başa çatdırılmış hesab edilməsi əsassız məhkəmə araşdırmalarının davam etməsinə, məhkəmə qərarlarının məcburiliyi və məhkəmə müdafiəsi hüququ prinsiplərinin pozulmasına səbəb ola bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tələbkar tərəfindən Nərimanov rayon İcra şöbəsinə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə ilə müraciət edilsə də, bu hal sonradan tələbkarın şikayəti əsasında məhkəmə qərarının tam icra edilməsi üçün icra məmurunun qərarının ləğv edilməsinə mane ola bilməz. Belə ki, icra sənədi tam şəkildə yerinə yetirilmədiyindən, həmin icra sənədi əsasında başlanmış icraata xitam verilməsi hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini əsas götürərək hesab edir ki, tələbkarın şikayəti əsaslı hesab edilərək təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 icra sənədi üzrə "İcraata xitam verilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 icra sənədi üzrə "İcraata xitam verilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar