Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-703/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun və şöbə rəisinin hərəkət və hərəkətsizliyindən şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ilə müraciət edərək, icra məmurunun və icra şöbəsinin rəisinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görülmədiyini icra sənədi üzrə tələbin borclu olmayan X3 əmək haqqına yönəldilməsini qanunsuz hesab edilməklə, X3 iş yerinə göndərilmiş məktubun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra şöbəsinin icraatında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-224/2023 saylı xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən borclu X5 “Bank Respublika“ ASC-nin xeyrinə 16 428,17 manat tutulmalıdır. İcra məmuru “Elektron İcra“ informasiya sistemindən belə bir məlumat əldə etmişdir ki, X8 Borclu arvadıdır. Bu məlumat kifayət əsas hesab edilmiş və şöbə rəisinin imzası ilə Ailə Məcəlləsinin 32.2.1 maddəsinə istinadən icra sənədi üzrə tələb borclu şəxsin arvadı X3 əmək haqqına yönəldmişdir. Hesab edir ki, icra məmuru və şöbə rəisi tərəfindən kobud qanun pozuntularına yol verilmişdir və aşağıda göstərilən səbəblərdən icra məmurunun hərəkət (hərəkətsizliyi) qanusuz hesab edilməlidir. X1 iş yerinə göndərilən məktubdan artıq məlum olur ki, X8 icra sənədi üzrə borclu olmayan şəxsdir. Belə olan halda icra sənədi üzrə tələbin borclu olmayan şəxsin əmək haqqına yönəldilməsi kobud qanun pozuntusudur. X1 adına icra məmuru tərəfindən icra sənədinin könüllü icrası barədə heç bir bildiriş daxil olmamışdır. Belə olan halda icra məmurunun dərhal, xəbərdarlıq etmədən tələbin vət. X3 əmək haqqına yönəldilməsi qanun pozuntusudur. Vət. X2 icra üçün müddət təyin olmadıqı və həmin müddət keçmədiyi halda borclu olan şəxsin borcunun alınması məqsədi ilə tələbin borclu olmayan şəxsin əmək haqqına yönəldilməsi qanun pozuntusudur. Əgər icra məmuru və şöbə rəisi borclunun əmlakının onun arvadında olması qənaətinə gəlmişdirlərsə, bu halda mütləq məhkəməyə əsaslandırılmış təqdimat yazılmalı idi və yalnız təqdimat təmin olduqu halda vət X4 olan əmlaka tələb yönəldilə bilərdi. Nəzərə alınmalıdır ki, icra şöbəsindən vət X3 iş yerinə göndərilən məktubda A.R. Ailə Məcəlləsinin 32.2. maddəsinə istinad olunur. Məktubda göstərilir ki, ərarvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər nikah müddətində onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin bu müddəasına yanaşmanı kobud qanun pozuntusu hesab edir. Bu halda ailənin gəlirlərini müəyyən etməyən, həmin gəlirlərdə borclu olan ərin payının müəyyən etmədən tələbin arvadın gəlirlərinə, konkret olaraq əmək haqqına yönəldilməsi qanun pozuntusudur. Əlavə olaraq bildirir ki, əri hal-hazırda cəzaçəkmə müəssisəsindədir və alınan əmək haqqı X3 yeganə gəlir mənbəyidir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi və vəkili şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə icra şöbəsinin və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 şikayətini nəzərdən keçirib, iş materiallarını və e67528/2023-15-31 saylı icra işi materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayətə əlavə edilmiş və e67528/2023-15-31 saylı icra işi materiallarında olan: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədindən və qətnamədən görünür ki, cavabdehlər Borclu və X7 cəmi 16299,27 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 138,90 manat pul müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. - İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə bildirişlə birlikdə icra olunması üçün borcluya göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcludan tələbin 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Odlar Yurdu Universitetinə ünvanlanmış xx.xx.2025-ci il tarixli e67528/2023-15-30 saylı məktubdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi Borclu arvadı X3 əmək haqqından tutulmalar aparılması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.1-ci maddəsinə əsasən göndərilmişdir. -xx.xx.2025-ci il tarixli e67528/2023-15-23/01 saylı inkasso sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi e67528/2023-15-23 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası üzrə ümumi borc məbləği 14262,44 manat pul tutulub borc tam ödənilənədək hər ay borclunun hesabından 464,88 manat tutularaq müvafiq hesaba köçürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -24-cü maddəsinə əsasən (24.1.1) icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə, (24.1.2) icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ərarvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: - 3.3-cü bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. - 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Məhkəmə hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edən “İcra haqqında” Qanunun istinad edilən maddəsində icra sənədinin aidiyyəti üzrə göndərilməsinin 2 halı müəyyən edilmişdir ki, bu hallar:
1. borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərilməsindən;
2. icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərilməsindən ibarətdir. Borclu olmayan şəxsin əmək haqqından tutulmaların aidiyyəti üzrə göndərilməsi həmin qanunda nəzərdə tutulmamışdır. Digər tərəfdən həmin Qanunda bir sıra məcburi icra tədbirləri, tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması və s. kimi prosessual hərəkətlər nəzərdə tutulmuş olsa da, icra işi materialları ilə müəyyən olunur ki, icra məmuru tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış (müvafiq orqanlara sorğular göndərilməsi və s.), icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, bundan sonra birbaşa olaraq borclunun arvadının əmək haqqına yönəldilməsi barədə məktub icra olunması üçün onun iş yerinə göndərilmişdir. İcra məmuru mübahisələndirilən xx.xx.2025-ci il tarixli məktubu göndərərkən Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) onların ümumi birgə mülkiyyəti sayılır. Bununla belə məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Borclunun ümumi mülkiyyyətə payının olub-olmamasının, payı mövcuddursa, hansı hissədə paya sahib olması üzrə hər hansı bir araşdırılma aparılmamışdır. Məhkəmə qeyd edir ki, hazırki halda icra sənədi üzrə tələbin iş üzrə tərəf, yəni borclu olmayan şəxsin - X3 gəlirinə yönəldilməsi ilə bağlı icra məmurunun hərəkətləri həmin şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görməməsi və icra sənədi üzrə tələbin borclu olmayan X3 əmək haqqına yönəldilməsi barədə hərəkətləri qanunsuz hesab edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: - 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görməməsi və icra sənədi üzrə tələbin borclu olmayan X3 əmək haqqına yönəldilməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-224/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X3 iş yerinə (Odlar Yurdu Universitetinə) göndərilmiş xx.xx.2025-ci il tarixli 67528/2023-15-30 saylı məktub ləğv olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə Nuriyeva