Məhkəmə qərarları › İş №8(005)-710/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-710/2025

10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-710/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar X4, Borclunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” qərarından X1nun şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Şikayətin mahiyyəti: X1 məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması haqqında Nərimanov rayon icra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qərarın, qanunsuz və əsassız olduğundan, ləğv edilməsi və iş üzrə icraatın, işin materiallarında olan sənədlər əsasında aparılması; Borclu barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sənədinin icra tələbləri tam yerinə yetirməmiş Azərbaycan Respblikası hüdudundan çıxışının məhdudlaşdırılmasını; icra prosesində yol verilmiş hərəkətsizlik və davam edən süründürməçilik halları ilə bağlı icra məmuru Zaur Əlizadəyə qarşı ciddi tədbirlərin görülməsi; icra tələblərindən qərəzli olaraq yayındığı ilə bağlı Borclu qarşı AR CM-nin 306 maddəsi ilə cinayət işinin başlanması haqqında aidiyyəti strukturların qarşısında tələb qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-710/2025 nömrəli qərardadına əsasən, ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X1 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 710/2025 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon icra şöbəsinin icra məmuru Zaur Əlizadənin xx.xx.2025-ci il tarixli “icra sənədinin geri qaytarılması” barədə qərarından şikayət ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-713/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 8(005)- 710/2025 saylı qərardadı ləğv edilmiş, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. X1 xx.xx.2026-cı il tarixdə dəftərxana vasitəsilə şikayət ərizəsinə əlavə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il icra sənədinin məhkəməyə qaytarılması haqqında Nərimanov rayon icra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qərarın, qanunsuz və əsassız olduğundan, ləğv edilməsi və iş üzrə icraatın, işin materiallarında mövcud sənədlər əsasında davam etdirilməsi; İcra prosesində yol verilmiş hərəkətsizlik və davam edən - süründürməçilik halları ilə bağlı icra məmuru Zaur Əlizadəyə qarşı inzibati tədbirlərin görülməsi; İcra tələblərindən qərəzli olaraq yayındığı ilə bağlı Borclu qarşı AR CM-nin 306 maddəsi ilə cinayət işinin başlanması haqqında aidiyyəti strukturların qarşısında tələb qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclunun vəkili Vəkil şikayətə etiraz edərək bildirmişdir ki, ilkin olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-710/2025 nömrəli qərardadı tam əsaslı qəbul edilmişdir, bu səbəbdən qeyd olunan qərardaddın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: Şikayətə və e177705/2023-15-28 saylı icra işi materiallarına əlavə edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7123/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 30.360 manat məbləğində pul vəsaiti və 452.37 manat dövlət rüsumu alınaraq iddiaçı X5 ödənilməsi; mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməsi; iddiaçı X7 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 261 manat dövlət rüsumunun 130 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə aktının qüvvəyə mindiyi tarix xx.xx.2023-cü il, icra sənədinin verildiyi vaxt xx.xx.2023-cü il qeyd edilmişdir. - “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması; borclu X3 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi qərara alınmışdır. -Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(018)-164/2023 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(103)-7123/2022 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. -İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7123/2022 saylı icra sənədi ərazi aidiyyəti üzrə icra olunmasından ötrü Nərimanov /Rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. -“İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin Bakı apellyasiya Məhkəməsinin qaytarılması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022-007 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Borclu 32203.37 manat tutularaq X5 ödənilməlidir. Tələbi təmin etmək məqsədilə borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmiş, məhkəmənin müvafiq qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərinə əməl etməyən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin borclunun əməlinda inzibati xətanın tərkibi olmaması əsası ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Sözügedən qərar iş üzrə tələbkar tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İcraat zamanı borclunun mülkiyyətində olan Astara rayon, Ərçivan qəsəbəsind yerləşən ümumi birgə mülkiyyətdə olan 0,16 ha və 0,11 ha həyətyanı torpaq sahəsi aşkar edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Sözügedən torpaq sahələri ümumilikdə 27000 manat dəyərində qiymətləndirilmiş və torpaq sahələrinin borcluya aid hissəsi 5400 manat dəyərində iş üzrə tələbkar tərəfindən əldə edilmişdir. Bundan sonra borclunun əmlak vəziyyəti bir daha yoxlanılmış (o cümlədən birgə nikah dövründə əldə etdiyi əmlak), lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə borclunun yaşadığı ünvana baxış keçirilmiş, Lakin həmin ünvanda ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində 6625 manat vəsaitin ödənilməsi təmin edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tələbkarı və borclunun vəkilinin izahatlarını dinləyib, tələbkarın şikayətini nəzərdən keçirib, iş materiallarını və icra işi materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən icra sənədinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin qərarı ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-713/2025 saylı qərardadı ilə məhkəmə kollegiyası qeyd etmişdir ki: birinci instansiya məhkəməsi icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində bütün mümkün icra tədbirləri həyata keçirildiyi qənaətinə gəlsə də, bu halları sübuta yetirmək üçün icra işini tələb edib öyrənməmiş və müvafiq araşdırma aparmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, qərardad ləğv edilməli, iş şikayət ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Ərizəyə yenidən baxılarkən birinci instansiya məhkəməsi icra işini tələb etməli və nəticəsindən asılı olaraq icra sənədinin geri qaytarılmasına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə araşdırması zamanı apellyasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla şikayətin dəlillərinin araşdırılması məqsədilə icra sənədi üzrə e177705/2023-15- 28 saylı icra işi materialları Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən tələb edilmiş və məhkəməyə təqdim olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. -70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı: “...Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Bununla belə, 2 ildən çox vaxt keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən tam icra olunmamışdır. İcra məmuru bu müddət ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (borclu fiziki şəxsin bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək məqsədilə sorğuların göndərilməsi və s.) habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmiş, sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmişdir. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldib biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. Halbuki qanunvericiliyə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra işi materialları ilə icra məmuru tərəfindən bu barədə akt tərtib edilməsi, həmin aktın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməsi və bu barədə tələbkara məlumat verilməsi halı aşkar olunmamışdır. Qərarda qeyd olunan Akt isə yalnız icra məmurunun borclunun yaşadığı ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Həmçinin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərarın Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməsi müəyyən edilmir. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda müvafiq hüquq normalarının tələblərinə riayət edilməmişdir. İcra sənədi üzrə borcdan cəmi 6625 manat tələbkara ödənilmiş, hazırda 25317,37 manat ödənilməmiş pul vəsaiti qalmış, icra məmuru icra sənədini qismən icra etməklə məhkəməyə geri qaytarmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə, X1nun şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar