Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-744/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, aliment borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsinə dair öhdəliyini yerinə yetirməli olduğunu təsdiq edir. Məhkəmənin icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan iyul, avqust, sentyabr, oktyabr aylarının aliment ödənişlərini aybaay ödəyir, lakin xx.xx.2024-cü il tarixdən iyul ayına kimi yaranmış 1904 manat aliment borcunu birdəfəlik ödəmək qabiliyyəti olmadığı üçün hazırkı maliyyə vəziyyəti səbəbindən borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Buna səbəb fiziki qüsurlu insan olduğu üçün fiziki işlə məşğul ola bilməməyidir. Borcun tam ödənilməsindən yayınmaq niyyəti yoxdur və borcu mərhələli hissə-hissə cari aliment ödənişlərin üzərinə aybaay 272 manat olmaqla cəmi ayda 544 ödəməklə tamamilə ödəmək istəyir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun aliment borcunda yeni məlumatı olmuşdur. Onun başqa ailəsi, övladları var. İşləmir. Məhdud fəaliyət qabiliyyətlidir. Sağlamlığı işləməyə imkan vermir. Aliment borcunun hissə-hissə ödənilməsini istəyir. Aylıq tutulan alimenti hər ay ödəyir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək bildirmişdir ki, aliment borcunun hamısını birdəfəlik istəyir. O özü hazırda işləmir. Təkbaşına uşağın xərcini qarşılaya bilmir. Borclu aylıq 270 manata yaxın aliment ödəyir. Lakin əvvəlki aylar üzrə 1904 manat borcu qalmışdır. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-970/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-970/2025 saylı qərardadından görünür, qətnamənin nəticə hissəsində olan dördüncü abzasın “xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilsin” kimi oxunması qərara alınmışdır; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qeyd olunmalıdır ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsini xahiş edən şəxsin təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı, məhkəmə aktının real icrasını təmin etməli və tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Hazırki iş üzrə qətnamənin icrasına möhlət verilməsi üçün müstəsna hal ondan ibarətdir ki, ərizəçi qətnamə üzrə yığılmış borcun bir dəfəyə icra edilməsi üçün kifayət qədər vəsaitinin olmadığını əsaslandırmışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə də borclunun hər hansı rəsmi gəlirinin olmadığı müəyyən edilmişdir. Eləcə də borclunun məhkəmə iclaslarında verdiyi izahatlardan və təqdim etdiyi qəbzlərdən də göründüyü kimi yığılmış aliment borcunun ödənilməsindən yayınma kimi niyyəti yoxdur. Məhkəmə tərəfindən təyin edilmiş alimenti də hər ay vaxtlı-vaxtında ödəyir. Çətinlik qətnamə ilə müəyyən edilmiş, əvvəlki aylar üzrə yığılmış 1904 manat borcun ödənilməsi ilə bağlı yaranmışdır. Belə olan halda isə hər ay ödənilməli olan aliment məbləği, borclunun ailə və maddi vəziyyəti nəzərə alınaraq, əvvəlki aylar üzrə yığılmış aliment borcunun birdəfəlik ödənilməsi, borclunun daha çətin vəziyyətə salınmasına, qətnamənin icrasının mümkünsüz hala gətirilməsinə səbəb ola bilər. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi bir tərəfin hüquqlarını təmin edərkən, digər tərəfin icranı mümkünsüz hala gətirəcək qədər çətin vəziyyətdə qalmasına gətirib çıxarmamalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4 və 3.5-ci maddələrinə görə, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Qeyd olunmalıdır ki, məhkəmənin bütün yekun aktları icra olunması üçün və eyni zamanda tərəflərin hüquq və azadlıqlarını, onlara xələl gətirmədən təmin etmək məqsədilə qəbul edilir.Hazırki işdə borclunun maddi vəziyyətinin aşağı olması ilə əlaqədar təklif etdiyi icra üsulu ağlabatan olmaqla, tələbkarın hüquqlarının pozulmasına gətirib çıxarmır. Beləliklə, məhkəmə borclunun ərizəsində göstərdiyi dəlilləri, maddi və ailə vəziyyətini, yaşını nəzərə alaraq, ağlabatanlıq və mütənasiblik prinsiplərini əsas götürərək hesab edir ki, ərizə təmin olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ödənilməli olan 1904 manat məbləğində aliment borcunun, hər ay ödənilməli olan alimentdən əlavə 300 manat olmaqla (borc məbləği tam ödənilənədək) hissə-hissə ödənilməsi müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ödənilməli olan 1904 manat məbləğində aliment borcunun, hər ay ödənilməli olan alimentdən əlavə 300 (üç yüz) manat olmaqla (borc məbləği tam ödənilənədək) hissə-hissə ödənilməsi müəyyən edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-744/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-744/2025
05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver