Məhkəmə qərarları › İş №8(005)-755/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-755/2025

21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-755/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu MMC-dən tutulmalı olan pul məbləğinin indeksasiyası barədə X1 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-dən tutulmalı olan 33421 manat əsas borcun indeksləşdirilməsi və 15507,34 manat artım məbləğinin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-370/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə Zərdabi prospekti, 74 ünvanında inşa edilmiş və xx.xx.2014 il tarixli 96 nömrəli alğı-satqı müqaviləsinə əsasən ona satılmış "B" literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün artıq ödənilmiş 33421 manat pul tələbi icra edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasen "İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri"ndə 46.4% artım olmuşdur. İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri (əvvəlki ilə nisbətən) nəzərə alınmaqla 2019-cu ildən 33421 manatdan 46.4% = 15507.34 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən 33000 civarında ödəniş edilməlidir. Ona isə heç bir ödəniş edilməmişdir. Həmin məbləğ qətnamə çıxarıldığı gündən indeksasiya olunmalıdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, ərizəni, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İcra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda inşa edilmiş və xx.xx.2014-cü il tarixli 96 nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün X8 tərəfindən ödənilmiş 33421 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu MMC-dən tutularaq iddiaçı X7 ödənilməlidir; - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və icra sənəödində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra edilməsi xahiş edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası təmin olunanadək Borclu MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında yeləşən 27,68 kv.m qaraj sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-862/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin borclu tərəfindən könüllü surətdə yerinə yetirilməməsinə görə, Borclu MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu hüquqi şəxs Borclu MMC-nin rəhbəri olan X4 ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmışdır; - Nərimanov Rayon İcra Şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu, xx.xx.1988-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Borclu MMC-nin rəhbəri X5 barəsində axtarış elan edilməsi və (şəxsiyyətini təsdiq edən sənəd ilə birgə) Nərimanov rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır; - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2025-ci ilin avqust ayında 2019-cu ilin iyun ayına nisbətən 146,4 faiz təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun indeksasiya institutu ilə bağlı hüquqi mövqeyinə görə, bu institut da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. (“Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2025-ci il tarixli Qərar). Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən vəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Hazırki iş üzrə tələbkar məhkəmə qətnaməsinin 6 ilə yaxın müddət ərzində icra edilmədiyinə görə ziyana düşdüyünə, bu dövr ərzində qiymətlərin artdığına istinad edərək icra sənədi üzrə ödənilməli olan 33421 manat məbləğində pulun 2019-cu il iyun ayından 2025-ci ilin avqust ayınadək indeksasiya olunmasını və cəmi 15507,34 manat pulun tutulmasını xahiş edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icra sənədi ilə borcludan cəmi 33421 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubundan görünür ki, 2025-ci ilin avqust ayında 2019-cü ilin iyun ayına (məhkəmə əmrinin verildiyi tarixə) nisbətən istehlak qiymətləri indeksi 146,4 faiz təşkil etmişdir. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən ödənilməli olan 33421 manat məbləğində pul 146,4 % həcmində indeksasiya edilməli və 15507,34 manat məbləğində pul borcludan tutulmalıdır ((33421x146,4:100) – 33421) = 15507,34 manat). Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə ödənilməli olan 33421 manat məbləğində pul vəsaiti 2019-cu ilin iyun ayından 2025-ci ilin avqust ayınadək olan dövr üzrə istehlak qiymətlərinin 146,4 faiz təşkil etməsi nəzərə alınmaqla indeksasiya olunaraq 15507,34 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ödənilməli olan 33421 manat məbləğində pul vəsaiti 2019-cu ilin iyun ayından 2025-ci ilin avqust ayınadək olan dövr üzrə istehlak qiymətlərinin 146,4 faiz təşkil etməsi nəzərə alınmaqla indeksasiya olunaraq 15507,34 (on beş min beş yüz yeddi manat, otuz dörd qəpik) manat müəyyən edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar