Məhkəmə qərarları › İş №8(005)-769/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-769/2025

26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-769/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas kaitibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən tələbkar BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Kredit Təşkilatı "xxxx" ASC məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən borclu barəsində məcburi icra tədbirlərinin davam etdirilməsi haqda qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu 4546 manat əsas borc, 164,41 manat faiz borcu olmaqla, cəmi 4710,41 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 68 manat pulun tutularaq iddiaçı BOKT “İnternational" ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqi icra edilməsi üçün aidiyyəti üzrə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra işi hazırda Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 icraatındadır. Lakin, icra vərəqəsinin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq (təxminən 2 ilə yaxın vaxt keçmişdir), bu günə qədər icra məmuru tərəfindən heç bir icra hərəkəti həyata keçirilməmişdir. Yalnız icra vərəqəsinin verilməsi qeydə alınmış, lakin nə borcluya icraata başlanılması barədə bildiriş, nə də 10 günlük könüllü icra müddəti, maliyyə vəziyyətinin araşdırılması, əmlaka və ya bank hesablarına həbs qoyulması, yaxud digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. Məhkəmə qətnaməsi üzrə borc olsa da, bu günədək hər hansı bir məbləğ borclu tərəfindən hələ də ödənilməmişdir. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 4546 manat əsas borc, 164,41 manat faiz borcu olmaqla, cəmi 4710,41 (dörd min yeddi yüz on manat, qırx bir qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 68 (altmış səkkiz) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, "İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Eyni Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Hazırki iş üzrə 2023-cü ildə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh Borclu 4710,41 manat borcun tutulması müəyyən edilmişdir. Bu məbləğin ödənilməsi üçün icra sənədi xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin, təxminən 2 illik müddət ərzində, icra məmuru tərəfindən bütün məcburi icra tədbirləri həyata keçirilməmişdir. Bu isə tələbkarın hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2556/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2556/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirləri davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar