Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-778/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından tələbkar "xxxx"MMC tərəfindən verilmiş şikayətə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx"MMC Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin “icra xx.xx.2023-cü il tarixli sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə məhkəməyə şikayət ərizəsi verərək, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-671/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ‘Vorld Telekom" MMC-nin xeyrinə cəmi 1793.56 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul gecikdirilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zeynalov Emilin 13.11 2023-cü il tarixli qərarına əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-671/2022 nömrəli. 31.01 2022-ci il tarixli icra sənədi "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi xx.xx.2023-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru "İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir.Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı tələbkar “Vord Telekom" MMC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması.2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Tələbkara, borcluya və icra məmurunun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması barədə” qərarın surətindən görünür ki, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin 2(005)-671/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə qaytarılması barədə qərar verilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilərkən tələbkar tərəfin nümayəndəsinin iştirakı təmin edildiyi və müvafiq akt tələbkarın iştirakı olmadan tərtib edildiyi, həmçinin banklara sorğuların verilməsi barədə məlumatlar yoxdur. İcra məmuruna məhkəmə iclası barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iclasda iştirak etməmiş, tələbkarın göstərdiyi dəlilləri təkzib edən sübutlar təqdim etməmişdir. Eyni zamanda, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki Borclu “X1 Supply” MMC-də mağaza meneceri vəzifəsində işləyir, əmək haqqı 1700 manat təşkil edir. “İcra Haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir.[70] “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. “İcra Haqqında” AR Qanunun 38.3-cü maddəsinə əsasən icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. İcra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması” qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-778/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-778/2025
25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver