Məhkəmə qərarları › İş №8(005)-788/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-788/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-788/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-596/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqların saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 596/2024 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin 2025-ci il üzrə minimum əmək haqqı məbləğinə uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Hüseyn Qılman oğlu ilə 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və birgə nikahdan xx.xx.2019-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Borclula münasibətləri pozulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-596/2024 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqları X5 himayəsində saxlanmış və övladlarının saxlanması üçün iki uşağa görə 470 manat aliment müəyyən olunmuşdur. Hazırda övladlarının tələbatları artmış, kəsilən aliment pulu onlara çatmır. Uşaqlarının təhsili və tərbiyəsi ilə məşğul olduğundan özüm işləyə bilmir. 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunmuş, əmək qabiliyyətli əhali üçün minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. 2024-cü ildə ölkə üzrə minimum əmək haqqı 345 manat olmuş və məhkəmənin qətnaməsinə əsasən aliment bir uşaq üçün 220 manat müəyyən olunmuşdur. Həmin dövrə münasibətdə tutulan aliment məbləği, yəni minimum əmək haqqının 0,68 misli məbləğində müəyyən olunmuşdur. Hazırda isə minimum əmək haqqı 400 manat müəyyən olunmuş və 2025-ci ilə münasibətdə 55 manat artım olmuşdur. Buna görə də hazırda alimentin məbləği minimum əmək haqqına uyğun olaraq indeksasiya olunmalıdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-596/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X8 ilə Borclu arasında xx.xx.2018-ci il tarixdə Astana şəhəri “Sarıarka" rayon hakimlik aparatı VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 50-5xx-xx-0003529 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2021 -ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları X5 yanında qalmaları müəyyən edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx manat, xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 05 yanvar 2023-cü il tarixli Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2023cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,63 mislini təşkil edir. Məhkəmə yuxarıda istinad edilən məqamları, tələbkarın ərizəsini nəzərə alaraq hesab edir ki, aliment məbləği minimum əmək haqqının 0,63 misli həddində indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-596/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar