Məhkəmə qərarları › İş №8(005)-820/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-820/2025

05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-820/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 ərizəsi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(005)-4256/2021 №-li qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu iddiaçı X4 xeyrinə tutulması qət edilmiş hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(005) -4256/2021 tarixli qətnaməsi ilə (hakim X8) iddianın təmin edilməsi, Borclu ilə X9 arasında xx.xx.2012-ci il tarixdə 1122 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X10 anası X4 yanında saxlanılması, xx.xx.2021 -ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləği X4 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(005)-4256/2021 №-li qətnaməsi çıxarıldığı və qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq borclu tərəfindən uşaqlarımın saxlanması üçün aliment ödənilməmiş, mənə heç bir maddi köməklik göstərilməmişdir. Uşaqlarımın bütün qayğılarını və ehtiyaclarını tamamilə mən çəkirəm. Böyüdükcə uşaqlarımda atasına qarşı ehyiyac və tələbat artsa da borclu onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənim üçün çox çətindir. Balakən rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqlarımın heç bir tələbatının ödənilməsinə yetmir, üstəlik son iki ildir ki, borclu alimenti qərəzli olaraq ödəmir. Bu azmış kimi, alimentin tutulmasına dair qətnamə çıxarılmasından indiyədək keçən 4 (dörd) il, 2 (iki) ay müddət ərzində ərzaq və istehlak mallarının qiyməti təxminən bir neçə dəfə artdığından uşağımın məsrəfləri də yetərincə artmışdır və tək qadın olaraq onu ödəyə bilmir. Buna görə də görə «Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiyası barədə» ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım və ümid edirəm ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Belə ki, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2021-cu ildə 250 manat müəyyən edilmişdir, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025- ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, 2021-ci ildə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(005)- 4256/2021 №-li qətnaməsi əsasında hər bir uşağa görə mənə ödənilməsi müəyyən edilən 175 manat sabit pul məbləğində aliment həmin ildə müəyyən edilən minimum aylıq əmək haqqı olan 250 manatın 0.70 mislində olduğu üçün hazırki qanunvericiliyə uyğun olaraq Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində borcludan sabit pul məbləğində tutulması müəyyən edilmiş 175 manat aliment indeksasiya edilərək minimum aylıq əmək haqqı məbləğinin 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhz bu səbəbdən də hazırki ərizə ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət etməli olmuşdur və ümid edir ki, məhkəmə işin faktiki halllarını və qanunvericiliyi əsas götürərək ərizəmin təmin olunması barədə qərardad çıxaracaqdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili bildirmişdir ki, maraqlı şəxs mütəmadi olaraq aliment məbləğini ödəyir. Maraqlı şəxs hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Öhdəliyində əlavə olaraq bir bacısı və anası var. Dəfn mərasimlərində çayçı olaraq işləyir, maddi imkanı zəifdir. Hətta bu səbəbdən uşaqlarla da görüşə bilmir. Maraqlı şəxsin vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsi və vəkilini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. -110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. İşin hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(005)-4256/2021 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləği X4 xeyrinə tutulması qət edilmişdir. Hazırda ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(005)-4256/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş bir uşaq üçün 175 manat sabit məbləğdə alimentin indeksasiya edilməsini xahiş edir. Göründüyü kimi, hazırki ərizə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Azərbaycan Respublikasında 2019-cu ilin sentyabr ayından minimum əmək haqqının məbləği 250 manat, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarını, alimentin xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulmasını və tutulan 175 manat sabit pul məbləğində alimentin 2021-ci il üzrə həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (250 manat) 0,7 mislini təşkil etdiyini (175 ÷ 250 =0,7) nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçiyə ödənilməlidir. Məhkəmə maraqlı şəxsin nümayəndəsi və vəkilinin dəlilləri ilə bağlı qeyd edir ki, halhazırki ərizə qətnamə ilə tutulan sabit pul məbləğində alimentin indeksasiya edilməsi ilə bağlıdır ki, həmin ərizəyə baxılan zaman ancaq ölkə üzrə minimum əmək haqqı məbləğinin artımı nəzərə alınır. Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə (artırılmasına və ya azaldılmasına) əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4256/2021 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4256/2021 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar