Məhkəmə qərarları › İş №8(005)-863/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-863/2025

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-863/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsinə və ona əlavə olulmuş sənədlərə məhkəmənin inzibati binasında (Bakı, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1875/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən cavabdeh Borclu 8650 manat pulun tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi uzun müddətdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 icraatındadır. İcra məmuru bir dəfə borclunun barəsində inzibati protokol tərtib etmiş, buna görə də borclu tərəfindən cəmi 1000 manat ödəniş edilmişdir. Lakin həmin vaxtdan bu vaxta qədər icra sənədinin tələblərinin yerinə yetirilməsi istiqamətində heç bir real tədbir görülməmişdir. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdirlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. - 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. -87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır. Hazırkı şikayət üzrə müəyyən olunmuş hallardan göründüyü kimi tələbkar, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə real tədbir görülmədiyindən, hərəkətsizliyə yol verildiyindən narazı olduğunu bildirir. Məhkəmə araşdırması zamanı şikayətin dəlillərinin araşdırılması - icra məmuru tərəfindən qanuna zidd olması güman edilən hərəkətlərə (hərəkətsizliyə) yol verilibverilməməsinin araşdırılması məqsədilə e188777/2023-15-1-004 saylı icra işi materialları Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən tələb edilmiş və məhkəməyə təqdim olunmuşdur. e188777/2023-15-1-004 saylı icra işi materiallarında olan sənədlərlə müəyyən olunur ki: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1875/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən yaranmış icarə haqqı borcunun ödənməsi məqsədilə 8.000 (səkkiz min) manat, iş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” şərtlərinə əsasən, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 500 manat məbləğində pul tutularaq X5 xeyrinə ödənilməlidir. -“İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1875/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə Borclu göndərilmişdir. - Borclu tərəfindən Nərimaov rayon icra şöbəsinin rəisinə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Borclu icra sənədi üzrə izahatı alınmışdır. Borclu bildirmişdir ki, adına daşınar və daşınmaz əmlak, qiymətli kağızları və ya əmanəti yoxdur, işsizdir. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1875/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru İmran Cəfərquliyevin təqdimatı təmin edilməmişdir. - Borclu tərəfindən Nərimaov rayon icra şöbəsinin rəisinə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu icra sənədi üzrə izahatı alınmışdır. Borclu bildirmişdir ki, adına daşınar və daşınmaz əmlak, qiymətli kağızları və ya əmanəti yoxdur, işsizdir. Maddi imkanı olmadığından icra sənədini icra etməmişdir. -xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 8650 manat borcdan 1500 manat ödəniş edilmişdir. -Nərimanov rayon icra şöbəsi tərəfindən Borclu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 1442/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İcra qanunvericiliyinin tələblərinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirləri tətbiq olunur. Məhkəməyə təqdim edilmiş icra işi materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələblərin icrası ilə bağlı borcluya bildiriş göndərilmiş, borclu icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş və borclu barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, icra məmuru icra sənədinin icrası ilə zəruri hesab edilən bütün tədbirləri görülmüşdür. Məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas və sübut yoxdur. İcra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməmiş, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, bu istiqamətdə zəruri və mümkün olan tədbirlər görülmüşdür. Hazırda icra işi davam etdirilir. İcra məmuru X3 fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar