Məhkəmə qərarları › İş №8(005)-865/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-865/2025

08.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-865/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7361/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tutulmalı olan pulun indeksasiyasına dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7361/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tutulmalı olan pulun indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(035)-7361/2017 saylı, 08 noyabr 2017-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 2012;44 pul məbləğini indeksləşdirilərək 2017-ci il noyabr ayından 2025-ci il oktyabr ayınadək 153,10 faiz artımı (2012,44 AZN x 153,10 % = 3081,05 AZN) nəzərə alaraq cəmi 5093,49 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7361/2017 saylı, 08 noyabr 2017-ci il tarixli məhkəmə qərarına əsasən, Borclu cəmi 2711,00 manat məbləğində pul tutularaq X3 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı üzrə 698,56 manat ödəniş olunmuşdur.Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir.Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il oktyabr ayında 2017-ci il noyabr ayına nisbətən istehlak qiymətləri indeksi 153,10 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,5 dəfə artmışdır. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa borcverən (kreditor) həmin Məcəllənin 449.3cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru, tələbkar məhkəməyə gəlməmişlər. Eyni zamanda X2 elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7361/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilməsi xx.xx.2013-cü il tarixli 7318 saylı alqı-satqı müqaviləsi üzrə 1.302 manat əsas borc, 10 manat cərimə və xx.xx.2013-cü il tərkdə bağlanmış 7985 saylı alqı-satqı müqaviləsi üzrə 1.358 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 2.680 (iki min altı yüz səksən) manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti haqqı cavabdeh Borclu iddiaçı X3 xeyrinə tutulması,iddianın qalan hissəsi rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7361/2017 saylı, xx.xx.2017-ci il tarixli icra işi üzrə icra sənədi məhkəməyə qaytarılmışdır. Beləliklə, indeksasiya edilməli borc məbləği barədə icra sənədi icra edilmədən məhkəməyə geri qaytarıldığı üçün məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7361/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 10 gün müddətinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar