Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-872/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, X1 nümayəndəsi Nümayəndə, Borclu, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, onun, qızı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə ünsiyyətinin sərbəst şəkildə həftədə 2 dəfə, hər həftənin çərşənbə günü saat 11.00-dan saat 20.00-dək və şənbə günü saat 11.00-dan bazar günü saat 11.00-dək (yaşadığı evdə qalmaqla) təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi-93 ünvanında (Vtorçermet qəsəbəsi) hər həftənin çərşənbə günü saat 11:00-da Borclu tərəfindən X4, həmin gün 20:00-da X5 tərəfindən Borclu, şənbə günü isə saat 11:00-dan bazar günü saat 11:00-dək eyni qaydada atasına təhvil verilərək təhvil alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1137/2024 saylı qətnaməsinə əsasən qızı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmağı üçün görüş vaxtı təyin edilmişdir. Qətnaməninin icra qaydası xx.xx.2025-ci il tarixdə dəyişdirilmiş, icra müddəti hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək anasının iştirakı ilə müəyyən edilmişdir. Həmin məhkəmə qərarları qanuni qüvvəsini almış və icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir, iş icra məmuru İmran Cəfərquliyevin icraatındadır. Lakin həmin işin icra üsulunu və qaydasını dəyişdirmək üçün müraciət etmək məcburiyyətindədir. Belə ki, məhkəmə qətnaməsi çıxarılan vaxt qızı bir neçə aylıq olmuş, hazırda isə təxminən 2 yaş yarımlıq uşaqdır. Bundan başqa, məhkəmə qətnaməsində qətnamənin icra üsulu və qaydası (vaxtı,yeri,forması,şəraiti və s.) aydın şəkildə qeyd edilmədiyindən cavabdeh bundan sui-istifadə edir. Belə ki, 1 ilə yaxın müddət ərzində o, öz qızı ilə yalnız Nərimanov rayonunda eyni bir yerdə, yəni Nərimanov parkında məhdud bir şəraitdə görüşür. Çünki, uşağın anası cavabdeh Borclu uşağın başqa bir yerdə və şəraitdə görüşməyinə etiraz edir və buna imkan vermir. Uşaq dayısı İlkin Heydərov tərəfindən görüşə gətirilir. Uşaq isə həmişə eyni şəraitdə qalmaqdan sıxılır, azyaşlı olmasına baxmayaraq, başqa bir yerlərə getmək və cəmiyyət içərisində olmaq, öz yaşıdları və digər şəxslərlə ünsiyyətdə olmaq, başqa yerlərə də getmək istəyini bildirir. Uşağın belə bir şəraitdə onunla ünsiyyətdə olması onun normal böyüməsi, formalaşması, əylənməsi, istirahətinə çox pis təsir göstərir. Uşağın eyni yerdə, eyni şəraitdə ünsiyyətdə olması ona pis təsir göstərir. Uşağı onun istəyi ilə başqa bir yerə, məsələn öz yaşadığı evə, hər hansı uşaq tədbirinə apara bilmir, hava şəraitinin dəyişməsi, pisləşməsi nəticəsində ünsiyyəti harada aparmağı böyük çətinliklər yaradır. Bu isə uşağın ətraf mühitlə təmasını faktiki olaraq aradan qaldırır və onun normal böyüməsi və formalaşmasına pis təsir göstərir. Bundan başqa, həftədə 1 dəfə 4 saatlıq görüş vaxtının, həm də anasının iştirakı ilə müəyyən edilməsi qızı ilə normal və sərbəst ünsiyyət qurmağına imkan vermir, çünki onun ünsiyyəti hər dəfə cavabdeh tərəfindən məhdudlaşdırılır. Ona görə də, uşaqla ünsiyyət müddətinin artırılmasını, həftədə 2 dəfə müəyyən edilməsini və sərbəst şəkildə ünsiyyətinin təmin edilməsini məhkəmədən xahiş edir. Bu səbəblərə və əsaslara görə qəbul edilmiş məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişdirməyə böyük ehtiyac yaranmışdır. Cavabdeh Borclu etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilənlər və tələblər övladının yaşı ilə tamamilə ziddiyyət təşkil edir. 2 yaş 4 aylıq uşağın yaşı və fiziki, emosianal vəziyyəti anadan ayrı atası ilə uzun müddət birlikdə qalmaq üçün uyğun deyildir. Uşaq 2 aylıq olan vaxtından atası ilə birlikdə yaşamır. 2 yaşlı uşaqların psixologiyası nəzərə alınsa daim birlikdə yaşadığı şəxslərlə və daimi yaşadığı mühitdə daha sərbəst özünü ifadə etdiyi hamıya aydındır. Uşağın nitqi hələ formalaşmayıb, tək-tək sözlər deyir. Belə olan halda ərizədə qeyd edilən uşağın istəyini bildirməsi ilə bağlı ifadələr tamamilə uydurmadır. Hətta atası belə olsa birlikdə yaşamadığı halda yadlaşma açıq şəkildə özünü göstərir. 7 yaşından aşağı uşağın gecə qalmaq şərtilə atası ilə görüş verilməsi üçün onun razılığı mütləqdir. Belə bir razılığı isə yoxdur. Bir səbəbi uşağın yaşının həddən çox aşağı olması ilə əlaqədardır. 2 yaşlı uşaq tələbatlarını və ehtiyaclarını dilə gətirə bilmir, yalnız onunla birlikdə yaşayan ana onun rejimini qurur və tələbatlarını qarşılaya bilir, gecə ana ilə qalmağa ehtiyacı var. Park ərazisində görüş isə hər iki tərəf üçün bitərəf xarakter daşıyır. Azyaşlı körpə olduğu üçün atası gəlib uşağı yaşadığı ünvanda görə bilər. Həmçinin nikah dövründə aralarında baş vermiş hadisələr göstərir ki, fiziki şiddətə meyilli ata ilə 2 yaş 4 aylıq sözlərin belə aydın deyə bilməyən uşağın tək qalması təhlükəlidir. Həmin uşağa hamilə olan vaxt uşağın atası onu döymüş, bununla bağlı Nərimanov rayon ərazi üzrə polis bölməsinə müraciət edilib, ata da cərimə edilmişdir. Həftə içi görüş verilsə belə uşaq gələcəkdə bağçaya, məktəbə gedəcək. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən şənbə günü 2 saat görüş hüququ müəyyən edilib. Qətnamədən şikayət verilməmişdir. Lakin iki saat çox məhdud olmaqla onların uşaqla sərbəst ünsiyyətinə mane olur. O vaxta nisbətən uşağın yaşı da artmışdır. Uşaq heç bir problem olmadan onlarla rahat vaxt keçirə bilir. Onlar alimenti də vaxtlı vaxtında ödəyirlər. Görüşə qarşı tərəf öz qardaşıını göndərir. Ən azı həftənin şənbə günü 8 saat görüş verilməlidir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, ərizəçi həftədə 4 saat görüşür. Görüşə heç bir maneə yaratmır. O uşaqla 6 saat görüşə də etiraz etmir. Lakin tək görüş istəmir. Çünki evliliyində ona qarşı şiddət göstərilmişdir. Buna görə narahatdır. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, görüş həftənin şənbə günüdür. Sadəcə uşaq bağçaya gedən zaman şənbə günü alınmayacaq. Görüş saatına etirazları yoxdur. Ərizədə gecə də görüş istənilmişdir, lakin buna qəti şəkildə etiraz edirlər. Müvəkkili sadəcə uşağın tək görüşməsini istəmir. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1137/2024 saylı qətnaməsindən görünür ki, X4 övladı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ananın (Borclu) iştirakı ilə görüş vaxtının müəyyən edilməsi qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-41/2025 saylı qəradadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1137/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş uşaqla ünsiyyətin icra üsulu və qaydasının dəyişdirilməsi, X3 övladının xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək ananın (Borclu) iştirakı ilə tərəflərin və icra məmurunun müəyyən etdiyi məkanda (icra şöbəsindən kənarda) görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. "İcra haqqında" Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun ve qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, ərizəçiın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında" xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli, 15 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 12.1-ci bəndinə görə, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Göründüyü kimi, qanunvericilikdə qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının ərizəçinin hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi mümkünlüyü nəzərdə tutulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1137/2024 saylı qətnaməsi ilə X4 övladı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ananın (Borclu) iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-41/2025 saylı qəradadı ilə qəntamənin icra üsulu və qaydası dəyişdirilərək, X4 övladı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək ananın (Borclu) iştirakı ilə tərəflərin və icra məmurunun müəyyən etdiyi məkanda (icra şöbəsindən kənarda) görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək uşağın anası, yəni Borclu uşaqla görüşə müəyyən manelər yaratdığını bildirir və görüşün ananın iştirakı olmadan keçirilməsni xahiş edir. Qarşı tərəf isə görüş saatlarına etirazları olmasa da, uşaqla görüşün ananın iştirakı olmadan keçirilməsinə etiraz edirlər. Məhkəmə tələbkarın valideyn kimi uşaqla kifayət qədər vaxt keçirmək hüququnu, uşağın isə hər iki valideyni ilə ünsiyyətdə olmaq hüququnu, uşağın atası ilə görüşünün rahat şəkildə keçdiyini və borclunun görüş saatının artırılmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, atası ilə stabil emosional əlaqə qurması üçün hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək, yəni görüşün fasiləsiz 6 saat müəyyən edilməsi azyaşlı uşağın yaşına uyğun olmaqla yanaşı, onun fiziki və emosional inkişafına zidd deyildir. Məhkəmə həmçinin qeyd edir ki, X6 hazırda azyaşlıdır və 3 yaşına çatmamışdır. Azyaşlı uşaqların psixoloji, emosional və fiziki inkişaf xüsusiyyətləri nəzərə alındıqda, onların uzun müddət əsas himayədar şəxsdən – anadan ayrı qalması uşağın normal inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, uşağın 3 yaşınadək atası ilə ünsiyyətinin ananın iştirakı ilə həyata keçirilməsi uşağın mənafeyinə daha uyğundur. Eyni zamanda, məhkəmə onu da nəzərə alır ki, uşağın atası ilə müntəzəm və kifayət qədər uzun müddətli ünsiyyətdə olması onun ailə bağlarının möhkəmlənməsi, sosial və emosional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ünsiyyət müddətinin artırılması məqsədəuyğun hesab edilir. Uşağın yaşının artması ilə onun psixoloji və emosional dayanıqlığı da güclənəcəkdir. Bu isə 3 yaşdan sonra ünsiyyətin ananın iştirakı olmadan, sərbəst şəkildə həyata keçirilməsinə imkan verəcəkdir. Bununla yanaşı, ünsiyyətin icrasında qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə uşağın harada, nə vaxt və hansı qaydada təhvil verilməsinin qərardadda konkret şəkildə göstərilməsi zəruridir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-41/2025 saylı qəradadı ilə) müəyyən edilmiş uşaqla ünsiyyətin icra üsulu və qaydası dəyişdirilməli, X4 qızı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək uşağın 3 yaşınadək ananın iştirakı ilə, 3 yaşından sonra sərbəst şəkildə tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda) görüş hüququ müəyyən edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, himayəsində olan anasının yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 11:00-da Borclu tərəfindən X4, həmin gün saat 17:00-da eyni ünvanda X5 tərəfindən Borclu təhvil verilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-41/2025 saylı qəradadı ilə) müəyyən edilmiş uşaqla ünsiyyətin icra üsulu və qaydası dəyişdirilsin. X4 qızı xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək uşağın 3 yaşınadək ananın iştirakı ilə, 3 yaşından sonra sərbəst şəkildə tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda) görüş hüququ müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, himayəsində olan anasının yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 11:00-da Borclu tərəfindən X4, həmin gün saat 17:00-da eyni ünvanda X5 tərəfindən Borclu təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-872/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-872/2025
29.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver