Məhkəmə qərarları › İş №8(005)-895/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-895/2025

09.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-895/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2024 saylı,xx.xx.2024 -cü il tarixli icra sənədi üzrə “İcra sənədinin qaytarılması” haqqında qərarın ləğv edilməsi barədə tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2024 saylı,xx.xx.2024 -cü il tarixli “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi verərək, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin e-2(005)- 252/2Q24 saylı xx.xx.2024-cii il tarixli məhkəmə qətnaməsinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada xx.xx.2021 -ci il tarixli, GTK4340954Aİ51 nömrəli Kredit müqaviləsinə əsasən 5939,45 manat əsas; 137,72 manat faiz; cəmi 6077,17 manat borc, xx.xx.2021 -ci il tarixli, Kredit Kartına dair müqaviləyə əsasən Borclu1 1667.91 manat əsas; 427.76 manat faiz; cəmi 2095.67 manat məbləğində borc və 105 manat dövlət rüsumunun tutulması qət edilmiş, icra sənədi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir .İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu1 həmin icra sənədini icra etməmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin e-2(005)-252/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır.Belə ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-252/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu şəxs barəsində hər hansı məcburi icra tədbiri görülməmiş, icra məmuru yalnız “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumatlarla kifayətlənmiş, müvafiq qurumlara hər hansı bir sorğu ünvanlanmamışdır. Belə ki tərəfimizdən müəyyən olunmuşdur ki, Borclu1 Xətai Rayon Polis İdarəsində işləyir. Belə ki, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür.Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilmə i qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Hazırki iş üzrə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (borclunun hər hansı əmlakının və ya qiymətli əşyasının yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri icra hərəkətləri və s.) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Qeyd edilir ki, “İcra haqqında'’ Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası həmin Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Tələbkara, borlcuya, icra məmurunun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqqında qərara əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən banklara sorğuların verilməsi barədə məlumatlar yoxdur. İcra məmuruna məhkəmə iclası barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iclasda iştirak etməmiş, tələbkarın göstərdiyi dəlilləri təkzib edən sübutlar təqdim etməmişdir. “İcra Haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. “İcra Haqqında” AR Qanunun 38.3-cü maddəsinə əsasən icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. İcra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar