Məhkəmə qərarları › İş №8(005)-92/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-92/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-92/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X1nun “aliment borcunun silinməsi” barədə ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(005)-594/2024 saylı qətnaməsi ilə 01 iyul 2010-cıı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək hər ay 235 manat sabit pul məbləğində olmaqla, ümumilikdə hesablanmış 3.055 manat məbləğində alimentin silinməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona qarşı nikahın pozulması və himayə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. Səadət sarayı tərəfindən 25 fevral 2003-cü il tarixdə qeydə alınmış onunla arasında bağlanmış nikahın pozulması, azyaşlı uşağın - X4 yaşayış yerininin iddiaçı Tələbkar ilə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tələbkar xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, nikahın pozulmasını X4 öz himayəsində saxlanılmasının və hər ay 235 manat aliment tutulmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(005)-594/2024 nömrəli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh X6 arasında Səadət Sarayında 25 fevral 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 454 nömrə ilə qeydə alınmış nikahın pozulması, 01 iyul 2010-cu il təvəllüdlü X4 anası mülki iş üzrə iddiaçı Tələbkar himayəsində saxlanılması, cavabdeh X2 01 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin icra olunması hissəsində qətnamənin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə üzrə xx.xx.2024-cü il tarixində icra vərəqəsi verilmiş və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən, tərəflər arasında nikah pozulsa da, birgə olaraq atasının mülkiyyətində olan eyni ünvanda qeydiyyatda olmaqla birgə yaşayırlar. Cavabdeh heç bir yerdə işləmir və ailə üzvlərini, yəni uşaqlarını, atasını və keçmiş həyat yoldaşını tam olaraq təmin edir, onların saxlanılması üçün bütün xərclərini, geyimlərini, gəzmək xərclərini, telefon kreditlərini özü ödəyir. 01 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulubsa və uşağının saxlanılmasını özü təmin edirsə, o zaman hansı alimentdən söhbət gedə bilər? Göstərilənləri nəzərə alaraq, hesablanmış 3.055 manat alimentin silinməsi barədə Nərimanov rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixli ərizə versə də, icra məmuru onu həbslə hədələyərək, hesablanmış pulun ödənilməsini tələb edir və ona rəsmi heç bir cavab verməyəcəyini bildirir. Əvvəlki məhkəmə iclasında iştirak edən borclu - ərizəçi X6 ərizəyə uyğun izahat verərək bildirmişdir ki, tələbkar ilə illərdir bir evdə yaşayırlar. Uşağın ehtiyacını özü ödəyir. Bu səbəbdən onların saxlanması üçün aliment ödənilməsinə etiraz edir. Tələbkar həftələrlə evdə olmayıb, onun harada olması barədə heç kimin məlumatı olmayıb. Onunla həmişə bir evdə yaşamışdırlar, ehtiyaclarını özü ödəmişdir. 3000 manat aliment məbləğini ödəməmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmuru onunla kobud danışmışdır. Uşaqlara maddi cəhətdən həmişə kömək etmişdir. Tələbkar səhərə qədər sosial şəbəkələrdə canlı yayım açır, buna görə uşaq məktəbə durub gedə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, dəfələrlə məhkəmə prosesləri olmuş, X6 heç birində iştirak etməmişdir. Hazırda 3000 manat aliment borcu olduğuna görə məhkəmə prosesinə atası ilə birgə gəlib. Həmin ev atasına məxsusdur və özü də orada yaşadığı üçün kommunal xərclərini ödəyir. Bir evdə yaşamaqları məhkəmə qərarına təsir göstərməz. Hazırda eyni evdə yaşayırlar, həmin evdə yaşamaq hüququ vardır. Böyük övladı hazırda özü işləyir, lakin balaca oğlu 9-cu sinifdə oxumasına baxmayaraq heç bir əlavə hazırlıq dərslərinə getmir. Qətnamə qəbul edildiyi vaxtdan aliment ödənilməmişdir, həmin məbləğin ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu - ərizəçi, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, X1nun ərizəsi təmin olunmamalıdır. Belə ki, ərizəyə əlavə olunmuş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən və icra sənədindən görünür ki, iddia tələbinin təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh X6 arasında Səadət Sarayında 25 fevral 2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 454 nömrə ilə qeydə alınmış nikahın pozulması. 01 iyul 2010-cu il təvəllüdlü X4 anası mülki iş üzrə iddiaçı Tələbkar himayəsində saxlanılması, cavabdeh X2 01 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin icra olunması hissəsində qətnamənin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin dərhal icrası haqqında bildirişi ilə müəyyən olunur ki, borcludan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi dərhal icra etməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydalar izah olunmuşdur. -X1 tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, hesablanmış 3055 manat alimentin silinməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. -87.2-ci maddəsinə əsasən, bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarı: -İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106-cı maddəsinin məzmununa görə, borc alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Belə ki, alimentin ödənilməsinin müvafiq icra qaydası, məbləği müəyyən edildikdən sonra uşaqların mənafeyi və diqqətəlayiq digər halları nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan və ya ödəyən şəxslərin bu barədə müraciətləri MPM-nin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. Beləliklə icra məmuru tərəfindən müəyyən edilmiş aliment borcu ilə razılaşmayan tərəflərin - tələbkar və borclunun, “İcra haqqında” Qanunda qeyd edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkəsizliyindən) və qərarlarından şikayət etmək hüquqları vardır. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh X2 01 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə aliment hissədə icra olunması üçün dərhal Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmaqla, X1na tələbin dərhal icrası haqqında bildiriş göndərilmişdir. X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək ona icra sənədi üzrə hesablanmış 3055 manat alimentin silinməsini xahiş etmişdir. Lakin onun tələbi təmin edilməmişdir. Bu səbəbdən borclu aliment borcu icra şöbəsi tərəfindən silinmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qətnaməsinə əsasən, X1ndan Tələbkar xeyrinə yetkinlik yaşına çatmayan övladının saxlanması üçün hər ay sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu, nikahın pozulmasına baxmayaraq tələbkar və övladı ilə birlikdə yaşadığını, onların xərclərini qarşıladığını bildirərək, hazırki tarixədək icra məmuru tərəfindən ona hesablanmış 3055 manat aliment borcunun silinməsini xahiş etsə də, bu halları təsdiq edən mötəbər sübutları (ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi və s.) məhkəməyə təqdim etməmişdir. Halbuki bu hallar onun sübutetmə yükü ilə bağlıdır. Belə ki, borclu, tərəflərin nikah pozulduqdan sonra birgə yaşadıqları dövrdə aliment öhdəliyinin yerinə yetirilməsinə dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları iş materiallarına əlavə etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. İşin müəyyən olunmuş halı kimi tərəflərin eyni mənzildə yaşaması, aliment alan şəxsin dolanacaq xərclərinə dair ehtiyaclarının ödənilməsinə əsas kimi qəbul oluna bilməz. Çünki həmin mənzildə digər şəxslərlə (tələbkar, uşaq və s.) bərabər, aliment üzrə borclu olan X3 özü də yaşamışdır ki, bu da dolanışığa dair vəsait xərclərinin (yemək, kommunal xərclər və s.) zəruriliyi ilə bilavasitə şərtlənir. Digər tərəfdən, qanunvericiliyə əsasən, uşaqların saxlanmasının qayda və formasını valideynlər müstəqil müəyyən edir. İş materialları ilə tərəflər arasında bu barədə, o cümlədən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə razılıqlarının olması görünmür. Hazırda alimentin müəyyən olunması barədə məhkəmə qətnaməsi qüvvədə olmaqla icra mərhələsindədir və tələbkar borcun ödənilməsində təkid edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 hazırki ərizəsində göstərdiyi dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X1nun “aliment borcunun silinməsi” barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-594/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X1nun ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar