Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-96/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, K-006 əmrin ləğv edilməsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxslə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi və Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün şöbəyə göndərilmiş və həmin tarixdə icra sənədi icraata qəbul edilmişdir. Sonradan icra sənədi icra olunması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsinə göndərilmişdir. Publik hüquqi şəxs tərəfindən tələbkarın ünvanına təkliflə müraciət edilərək İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə mərkəzdə struktur dəyişikliyi aparıldığı, mərkəzin zona bölmələrinin (1 saylı Sumqayıt zona bölməsi) ləğv olunduğu və hazırda mövcud vakant mütəxəssis vəzifəsinə işə bərpa olunmağı tələbkara təklif olunmuşdur. Sonradan tələbkar ona təklif olunan (Bakı şəhəri üzrə mərkəzdə) mütəxəssis vəzifəsinə bərpa olunmağına etiraz etmiş və onun əvvəl baş mütəxəssis vəzifəsində işlədiyini bildirərək (icra vərəqəsi üzrə göstərilmiş olan qaydada) məhz həmin vəzifəyə işə bərpa olunmasını xahiş etmişdir. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X3 publik hüquqi şəxs tərəfindən icra məmurunun səylərinə baxmayaraq icra edilmir. O, xx.xx.2008-ci il tarixdən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X1 sektorunda məsləhətçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2016-cı ildən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 1 saylı Sumqayıt zona Bölməsində baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmiş, işdə heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 17 il, dövlət qulluğunda isə 13 il 8 ay stajı var. X3 publik hüquqi şəxs məhkəmə qərarına məhəl qoymayaraq onu işə öz vəzifəsinə (Baş mütəxəssis) bərpa etmir. Mərkəzdə 3 baş mütəxəssis ştatı var və həmin vəzifələrdə 1 aylıq əmək müqaviləsi ilə baglanmış işçilər calışır və hər ay müqavilələri daha bir ay uzadılır. Lakin onun məhkəmənin qərarına əsasən əmək müqaviləsi müddətsiz baglanmış hesab edilməklə məcburi iş büraxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməyinə baxmayaraq, X3 publik hüquqi şəxs boş Baş mütəxəssis vəzifəsinin olmadıgını və məhkəmə qərarı olmagına baxmayaraq icra etməyəcəylərini bildirirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Borclu tabeliyində X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, Borclu tabeliyində X3 publik hüquqi şəxslə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi və Borclu tabeliyində X3 publik hüquqi şəxsi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədə iş materialları olaraq qeyd edilmişdir ki, “Əmək müqaviləsindən görünür ki, Borclu tabeliyində X3 publik hüquqi şəxsinin işəgötürəni X4 ilə Tələbkar arasında Borclu tabeliyində X3 publik hüquqi şəxsi 1 saylı zona bölməsinin baş mütəxəssisi edilməsi barədə 1 ay müddətinə əmək müqavilə bağlanmış, işə başlama tarixi xx.xx.2021-ci il tarixdən hesablanmışdır. X3 publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 30 əmrdən görünür ki, Tələbkar Borclu tabeliyində X3 publik hüquqi şəxsi 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilməsi əmr edilmişdir” Məhkəmə qətnaməyə izah verilməsinə dair ərizədə göstərilən dəlilləri və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə uyğun olaraq, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqnda” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində Borclu tabeliyində X3 publik hüquqi şəxslə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi qət edilmiş və həmin qətnamədən görünür ki, X3 publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 30 əmrində Tələbkar Borclu tabeliyində X3 publik hüquqi şəxsi 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilməsi əmr edilmişdir. Göründüyü kimi Tələbkar baş mütəxəssisi vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməsi qərara alınmışdır. İcra məmurunun qətnaməyə izah verilməsinə dair ərizəsində isə qeyd edilmişdir ki, qeyd olunan publik hüquqi şəxs tələbkara mərkəzdə struktur dəyişikliyi aparıldığından və mərkəzin zona bölmələrinin (1 saylı Sumqayıt zona bölməsi) ləğv olunduğundan Bakı şəhəri üzrə mərkəzdə mütəxəssis vəzifəsinə bərpa edilməsini təklif etmişdir. Lakin tələbkar ilə baş mütəxəssis vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi bağlanmış hesab edilməsi qət edildiyindən və 1 saylı Sumqayıt zona bölməsi ləğv edildiyindən, tələbkar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə işə bərpa edilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “Borclu tabeliyində X3 publik hüquqi şəxslə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” hissəsinə “Tələbkar Borclu tabeliyində X2 müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin Mərkəzdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin edilsin” kimi izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “Borclu tabeliyində X3 publik hüquqi şəxslə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” hissəsinə “Tələbkar Borclu tabeliyində X2 müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin Mərkəzdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin edilsin” kimi izah verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-96/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-96/2025
19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver