Məhkəmə qərarları › İş №8(005)-99/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-99/2024

21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-99/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Doğan” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Doğan” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1028 manat məbləğində borc və 30,28 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən Borclu mülkiyyətində olan “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Doğan” minik markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bu səbəbdən icra məmuru Borclu mülkiyyətində olan “Renault 12» minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Doğan” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlınişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Bununıa belə tələbkar "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə məktub təqdim edilərək qeyd olunan iş üzrə keçirilən məhkəmə iclasında nümayəndənin üzürlü səbədən iştirak etməsi mümkün olmadığına görə məhəkəm iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1028 manat məbləğində borc və 30,28 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Doğan” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, tərəfə könüllü icra barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, ödənilməli borcun həcmi nəzərə alınmaqla, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə, təqdimatın Borclu məxsus olan digər avtomobilin üzərinə həbs qoyulması hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği (1058 manat), üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyildir. Onların dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan daşınar əmlakın dəyəri məhkəmə sənədinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən digər avtomobilin üzərinə həbs qoyulması borclunun hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə məhkəmə hazırda təqdimat üzrə göstərilmiş borclunun bütün nəqliyyat vasitələrinə həbs qoyulmasını məqəsədmüvafiq hesab etməyərək, təqdimatın qismən təmin edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Renault 12” minik markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2241/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Borclu məxsus “Renault 12” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 idarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar