Məhkəmə qərarları › İş №8(006)-1/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-1/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-1/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(006)-465/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(006)-465/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə, yəni hər ay Tələbkar xeyrinə hər ay 200 manat tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)- 465/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Tələbkar ona qarşı iddiası təmin edilmiş və iddia qismən təmin edilərək ondan 65.000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar o, ilk dəfə İran İslam Respublikasının Səfirliyində Məhəmməd adlı əməkdaşın iştirakı ilə 2 dəfə hər dəfə 3000 (üç min) manat olmaqla 6000 (altı min) manat, həmçinin iddiaçının yaxın qohumu Natiqin yanında 14.000(on dörd min) manat ödəmişdir. Bundan sonra qətnamə icraya yönəldikdən sonra o, 7500 manat pul vəsaiti ödəmiş, bugünə kimi 27500 manat ödəmişdir. Hazırda onun maddi durumu həddindən artıq pisləşmiş, təsadüfi qazancla ailəsini dolandırır. Bildirir ki, 2 azyaşlı uşağı və həyat yoldaşı onun himayəsindədir, kirayədə yaşayırlar. İddiaçı ilə iş birliyi qurandan sonra o, külli miqdarda ziyana düşmüş, sonradan yeganə mənzilini satıb borcun bir hissəsini ödəmişdir. Hazırda müntəzəm olaraq hər ay ***-**** manat ödəməyə maddi imkanı yoxdur. Məhkəmə icraçısı tərəfindən onun əmlak vəziyyəti yoxlanılmış, heç bir daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. O, məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır, himayəsində 15 avqust 2007-ci il təvəllüdlü 2 əkiz uşağı və həyat yoldaşı var. Ailənin zəruri gündəlik tələbat mallarını almaq imkanı yoxdur, uşaqları tez-tez xəstələnir, həkim nəzarəti altındadırlar. Hesab edir ki, onun maddi və ailə vəziyyəti nəzərə alınaraq qətnamənin hissə-hissə icrası zəruridir. O, hər ay maksimum 200 manat məbləğində ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə hazırkı ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilən, AZ-İİİ seriyalı, 124903 nömrəli və AZ-İİİ seriyalı, 124902 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X1 və X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ataları Borcludir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən borcun ödənilməsi məqsədilə müxtəlif vaxtlarda ayrı-ayrılıqda 1001 manat, 1001 manat, 1001 manat, 500 manat, 3003 manat və 1001 manat məbləğində pul vəsaitləri ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-141/2022 saylı qərardadı ilə tələbkar İran İslam Respublikasının vətəndaşı olduğundan, sənədlərin təqdim edilməsi və izahatın alınması barədə məhkəmə tapşırığı verilmişdir. Tapşırığa cavab olaraq məhkəməyə təqdim edilən materiallardan göründüyü kimi Tələbkar borclu tərəfindən verilən qətnamənin hissə-hissə icrasında dair ərizəyə etiraz etdiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissəhissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırki iş üzrə Borclu tərəfindən məhkəmə qətnaməsinin icraya yönəldilməsindən sonra keçən müddət ərzində yalnız borc məbləğinin çox az bir qismi ödənilmişdir. Hazırda ərizədə sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Bundan başqa, borclu özünün maddi imkanının çox aşağı olması, külli miqdarda ziyana düşməsi, ödədiyi pul vəsaitini də yeganə mənzilini sataraq ödəməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə həmçinin, tələbkar da öz növbəsində qətnamə ilə müəyyən edilmiş ödənişin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bugünə kimi əsaslı tədbirlər görmədiyini, borc məbləğinin kifayət qədər yüksək olması və buna görə də borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqsının olmasını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(006)- 465/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar