Məhkəmə qərarları › İş №8(006)-119/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-119/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-119/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4849/2020 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.metr sahəsi olan 145 saylı mənzilin həbsdən azad olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Loğman Məmmədovun, yəni iş üzrə tələbkarın qızı X20 ilə oğlu X26 nişanlanmışlar. Onlar nişanlandıqdan qısa zaman keçmişdi ki, Loğman Məmmədov toy etməyi tələb etdi. O, bildirdi ki, uzun müddət nişanlı qalmaq yaxşı əlamət deyil. Həyat yoldaşı ona təklif etdi ki, hal-hazırda yaşadıqları həyət evi ikimərtəbəli, normal təmirlidir. Toydan sonra bir müddət onlarla bir yerdə yaşasınlar ki, ailə kimi də bir-birilərinə uyğunlaşsınlar. Loğman Məmmədov qəti şəkildə etiraz edərək bildirdi ki, qızı onların ailəsi ilə bir yerdə yaşaya bilməz. Bu səbəbdən həyat yoldaşı Loğmanın qardaşı Ramiz Məmmədovla görüşərək ondan Loğmanı razı salmasını xahiş etdi. Səhərisi gün Ramiz həyat yoldaşına zəng vuraraq bildirdi ki, gənclərin onlarla bir yerdə yaşaması alınası məsələ deyil. Bu zaman həyat yoldaşı Loğmana bildirdi ki, Prezident Administrasiyası tərəfindən ona Bakı şəhəri, Yasamal rayonu, H.R Zərdabi küçəsi,74 ünvanında 4 otaqlı mənzil verilib, hazırda binada təmir işləri gedir. Heç olmasa təmir işləri bitənədək toyu ləngitsinlər. Bu məqsədlə Loğmanı həmin ünvanda yerləşən mənzilə baxmağa apardı. Mənzilə baxdıqdan sonra Loğman bildirdi ki, hələ binada təmir işlərinin yekunlaşmasına çox var, bu vaxta qədər toyu ləngitmək olmaz. Loğmana həmin binanın yaxınlığında inşa edilən digər binada dana iki mənzillərinin olduğunu, onların da hələ hazır olmadığını bildirdilər və ondan mənzillərdən birində təmir-tikinti işlərinin başa çatanadək toyu təxirə salmağı xahiş etdilər. Loğman Məmmədov həyat yoldaşı ilə həmin mənzillərdən birinə də birlikdə baxdıqdan sonra Loğman Məmmədov həmin mənzillərin də yerləşdiyi binada tikinti işlərinin gec başa çatacagını bildirərək, başqa mənzil almaqlarını dolayısı ilə tələb etdi. Çarəsiz qalıb Loğman Məmmədov və qızı ilə birlikdə şəhərdə mənzil axtarmağa başladılar. Loğman Məmmədovun və qızı, keçmiş gəlini Aida Məmmədovanın oğluna olan təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzili 625.000 (altı yüz iyirmi beş min) manata kreditlə aldılar. Bildirir ki, biri qız, biri oğlan olmaqla iki övladları var. Həyat yoldaşı həmişə çalışırdı ki, həm övladları yaxın yaşasınlar, həm də ki, özləri də övladlarına yaxın olsunlar. Bu məqsədlə də Yasamal rayonunda qeyd olunan ünvanlardakı 3 kooperativ mənzili ailələrinin gələcək planlarına uyğun olaraq almışlar. Artıq bu planın pozulduğunu, oğullarının onlara məxsus olan mənzillərdə yaşayası olmadığını görüb, qızları üçün də oğullarınna mənzil aldıqları həmin binadan eyni sahədən ibarət olan, eyni blokda 140 nömrəli mənzili də aldılar ki, bacı-qardaş eyni binada qonşu yaşasınlar. Qızının həyat yoldaşı atasına məxsus ünvan 5 ünvanında olan mənzili 130.000 manata sataraq qızları üçün aldıqları mənzili təmir etdirməyə başladı. Təmirin qalan hissəsini ən yüksək səviyyədə şəxsi vəsaitləri hesabına başa çatdırdılar. Loğman Məmmədov da oğlu ilə qızının yaşayacağı mənzili öz təşəbbüsü ilə gənclərə hədiyyə kimi təmir etdirməyə başladı. 2015-ci il fevral ayının axırlarına yaxın Loğman Məmmədov mənzilin təmirini başa çatdıraraq, cehiz əşyalarını yerləşdirməklə yaşayış üçün hazır vəziyyətə gətirdi. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hər iki mənzil 2014-cü ildə iki devalvasiyadan əvvəl onun adına sənədləşdirilməklə “XalqBank" ASC-də girov qoyulmuşdur. Mənzillərin alışı üçün ilkin olaraq tərəflərindən o dövrün məzənnəsinə uyğun olaraq 400 min dollar vəsait xərcləməklə, hər birinə görə 125.000 manat pul ödəmişlər, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. Onu da qeyd etmək istəyir ki, hər mənzilə görə binanın altında yerləşən dayanacaqdan hər biri 35.000 manat dəyərində olan 2 dayanacaq yeri də almışlar. Həm mənzillər, həm də ki, qarajlar üçün ümumilikdə tərəflərindən 1.478.750 manat pul ödənilmişdir (gecikdirilmiş günlər üçün cərimələrlə birlikdə). Artıq yuxarıda qeyd olunan oğlu üçün aldıqları 145 nömrəli mənzildə təmir işləri yekunlaşdığı üçün toy hazırlığına başladılar. Loğman Məmmədov xahiş etdi ki, o, iş adamıdır, toy mərasimini ya “Buta Palace"da, ya da ki, “JW X29 Otel”də etsinlər. Razılaşdılar ki, toy mərasimi “JW X29 Otel’də keçirilsin. Həyat yoldaşı, Loğman Məmmədov, qızı və övladları ilə bir yerdə “JW X29 Otel’ə getdilər. Toy gününü təyin edərək müqavilə bağlanıldı. Ailələri tərəfindən beh kimi 10.000 manat pul ödədilər. Bir neçə gündən sonra Loğman Məmmədov həyat yoldaşına zəng edərək qızının “JW X29 Otel’də toyun keçirilməsini istəmədiyini, toyun “Meridian Park" Şadlıq Sarayında keçirilməsini istədiyini bildirdi. Onlar 10.000 manat beh verildiyini, imtina edəcəkləri təqdirdə behin batacağını bildirdilər. Buna baxmayaraq, Loğman Məmmədovun ailəsinin təkidi ilə onlar toyu “Meridian Park" Şadlıq Sarayında keçirəsi oldular. Beləliklə, 2015-ci il 10 mart tarixdə toy “Meridian Park" Şadlıq Sarayında baş tutdu. Toy mərasiminin dəbdəbəli keçirilməsi üçün Şadlıq Sarayının həyətini və içərisini yüksək səviyyədə bəzətdirən və bahalı müğənnilər dəvət edən Loğman Məmmədov sonda toyun yalnız 30 faiz xərcini ödəməklə onları daha 200 min manatadək əlavə xərcə saldı. Toydan bir müddət sonra oğlu atasına bildirdi ki, bəs Loğman əmi onlara ** UA *** (gənclərin adlarının baş hərflərinə uyğun) dövlət nömrə nişanını toy hədiyyəsi edib. Həyat yoldaşı buna ehtiyac olmadığını, onun özünün idarə etdiyi maşının dövlət nömrə nişanı olduğunu bildirərək etiraz etdi. Əfsuslar olsun ki, Loğman Məmmədov və qızı yenidən onları borc altında qoydu. Belə ki, Loğmanın hədiyyə etdiyi yeni nömrəyə görə yeni maşın alası oldular. Yenidən “AG BANK" ASC-dən 108.500 ABŞ dolları məbləğində kredit götürərək “Mersedes Benz G63 Class" markalı yeni maşın aldılar. Həmin avtomobil bank faizləri ilə birlikdə bizə 260.000 ABŞ dollarına başa gəldi. Bundan əlavə Loğman Məmmədovun və ailə üzvlərinin təkidi və iştirakları ilə toy üçün alış-veriş və gənclərin xarici ölkələrə istirahət səfərləri də 180.000 ABŞ dolları xərc apardı. Bunun nəticəsi olaraq 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmağa başladı. Həyat yoldaşı Loğmandan onlara 300.000 ABŞ dolları pul tapmasını xahiş etdi. Səhərisi gün Loğman bildirdi ki, bir tanışı var, ondan pul götürə bilər, ancaq hər ay 5000 ABŞ dolları faiz ödəmək lazımdır. Çarəsiz qalıb razılaşdılar. 6 ay ərzində keçmiş qudaları Loğman Məmmədova 30.000 ABŞ dolları faiz ödədilər. Bildirir ki, sonuncu faiz pulu ödənilən zaman əsas borcdan da 100.000 ABŞ dolları məbləğində pulu Loğman Məmmədova qaytardılar. 2016-cı ilin sonlarına qədər Loğman Məmmədovdan əlavə olaraq ümumilikdə 500.000 manat borc pul da götürdülər. 2017-ci ildə Loğman Məmmədov qarşısında borclandıqları üçün onun adına sənədləşdirilərək qızlarınaa aldıqları, ünvan 3 ünvanında inşa edilmiş “X14” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili satmaq qərarına gəldilər. Onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən mənzil tərəflərindən çox yüksək keyfiyyətli təmir olunmuşdu. Həyat yoldaşı Loğman Məmədova bildirdi ki, qızlarının mənzilini satıb onun bütün pulunu qaytaracaqlar. Onu da qeyd etməyi zəruri hesab edir ki, həmin vaxt qeyd edilən mənzilə görə "xxxx" ASC-yə müəyyən məbləğ borcları var idi. Loğman Məmmədov bildirdi ki, araşdırıb onların "xxxx" ASC-yə 816.000 manat qalıq borcu var. Beləliklə ona məxsus ünvan 3 ünvanında inşa edilmiş “X14” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili satışa çıxarmışlar. Mənzilin satışı barədə sosial şəbəkə vasitəsi ilə əmlak bazarında elan verdilər. Mənzilin qarajsız satış qiymətini 1.750.000 manata təklif etmişlər. X34, həm də ki, tərəflərindən mənzilin tez satılması üçün əmlak alqı-satqısı ilə məşğul olan şəxslərlə görüşlər keçirilirdi. Həmin ərəfələrdə Loğman Məmmədov onlara təklif etdi ki, qiyməti razılaşsınlar, borcun qarşılığında mənzili ona versinlər. Onlar ailəsində bu barədə danışaraq razılığa gəldilər. Həmin vaxta Loğmanla aralarında olan borc məbləği 200.000 ABŞ dolları və 500.000 manat idi. Mənzilə görə "xxxx" ASC-yə yuxarıda qeyd etdiyi kimi, 816.000 manat qalıq borc da qalmışdı. Loğman həyat yoldaşına bildirdi ki, mənzilin Xalq Banka olan 816.000 manat borcunu da o ödəyəcək. Beləliklə, ailələrinin Loğman Məmmədova olan 200.000 ABŞ dolları və 500.000 manat borcu ilə birlikdə “Xalq Bank" ASC-yə ödənilməli olan 816.000 manat vəsait də daxil olmaqla mənzilin dəyərini (qarajsız) 1.656.000 manata razılaşmaqla (974.000 - doqquz yüz yetmiş dörd min ABŞ dolları) Loğman Məmmədova təhvil verməyə razılaşdılar. Loğman Məmmədov həyat yoldaşına bildirdi ki, mənzilin bacısı oğlu X15 adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Bakı şəhəri, Dəmiryol Vağzalında fəaliyyət göstərən 2 saylı Bakı “Asan Kommunal” mərkəzində notariat ofisində hazırdır, gedib həyat yoldaşı ilə imzalamaq lazımdır. Loğman Məmmədovun təklifi əsasında ünvan 3 ünvanında inşa edilmiş “X14” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzilin qiymətini 974.000 ABŞ dollarına qiymətləndirməklə, 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili Loğman Məmmədovun təklifi ilə 2 saylı Bakı “Asan xidmət” mərkəzində onun bacısı oğlu və biznes şəriki X27 tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən onun adına sənədləşdirdilər. Loğman Məmmədovla quda olduqları üçün İsmayılov Babəklə aralarında hər hansı sənədləşmə işi aparmadılar. Babək İsmayılovun qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra mənzili 2019cu ilin iyul ayında Loğman Məmmədovun biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X8 olan borcunun əvəzində Yasamal rayonu ərazisində fəaliyyət göstərən 3 saylı Bakı “Asan xidmət” mərkəzində müvafiq qaydada rəsmiləşdirmişlər. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, Loğman Məmmədov bildirdi ki, o zaman quda idilər, o, evin təmirinə xərclədiyi 430.000 ABŞ dollarını istəmirdi, artıq quda olmadıqları üçün evin təmirinə çəkdiyi xərci qaytarsınlar, həm də ki, mənzili borcla əvəzləşdirən zaman 200.000 manat baha hesablamışlar, o pulu da ona qaytarsınlar. Həyat yoldaşı Loğman Məmmədovun və ailəsinin şöhrətpərəstliyini, pula, var-dövlətə olan hərisliyini görüb, gənclərin ailəsinin dagılmaması və söz-söhbətin yaranmaması üçün, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini və ona olan borcunun əvəzində verdikləri mənzildən əlavə 200.000 manat pul vəsaitini də ona qaytaracağını bildirdi. Bu zaman Loğman Məmmədov “Barışıq Sazişi” layihəsi hazırlayaraq vəkillərinin elektron poçt ünvanına və həyat yoldaşının vvatsapp nömrəsinə göndərməyə başladı. Hər dəfə də yeni tələblər artıran Loğman Məmmədov, son variant “Barışıq sazişi”ndə onun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə Loğman Məmmədovun ½ pay hüququnun tanınmasını tələb etdikdə ona etiraz etdilər. Bundan sonra Loğman Məmmədov 2020-ci il 15 sentyabr tarixdə Nəsimi Rayon Məhkəməsində həyat yoldaşı Qurban Sadıqova və ona qarşı iddia qaldıraraq, "xxxx" MTKnın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin təmirinə çəkdiyi 850.000 manatın və məişət əşyalarına, yəni qızı üçün aldığı cehiz əşyalarına görə xərclədiyi 115.000 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. X22 iddia tələbinin həcmini artıraraq yuxarıda göstərilən pul vəsaitindən əlavə "xxxx" ASC-yə ödənilmiş olan 816.000 manat pul vəsaitindən 510.000 manat pulu da məhkəmə vəsatəsilə onlardan tələb etməyə başladı. Halbuki, 510.000 manat pul vəsaiti mənzillə əvəzləşdirilmişdir. Məhkəmə çəkişmələri zamanı Loğman Məmmədov bildirdi ki, onun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzili, bacısı oğlu X15 adına sənədləşdirilməsinin ona heç bir aidiyyəti yoxdur, “həmin mənzilin pulunu Babək İsmayılov ödəyərək mənzili almışdır”. Övladları arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozuldu. X22 və Babək İsmayılov qızı üçün aldıqları və borcla əvəzləşdirilmiş həmin mənzili sosial şəbəkədə aşağı qiymətə reklam etdirərək mənzilin qiymətini 850.000 ABŞ dollarına satılacağı barədə videosüjet paylaşdılar və sonra onlara bildirdilər ki, bəs onlar mənzili 200.000 manat baha qiymətə almışlar, görürsüz bu qiymətə satmaq istəyirlər. X23 həyat yoldaşı Qurban Sadıqova qarşı Nəsimi Rayon Məhkəməsində əlavə iddia qaldıraraq mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 200.000 ABŞ dolları və 300.000 manat pul vəsaitini də tələb etməyə başladı. Qeyd edilən iş üzrə Babək İsmayılov məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya mənzili onlardan 950.000 manata almış, həmin puldan 306.000 manat hissəsini "xxxx" ASC-yə ödəmiş, qalan pulu isə onlara nağd qaydada ödəmişdir. Lakin yuxanda qeyd etdiyi kimi X27 tərəfindən mənzilə görə nə ona, nə də həyat yoldaşı X21, nə də Banka hər hansı bir məbləğdə heç bir pul vəsaiti ödənilməmişdir. Həmin 306.000 manat vəsait də mənzillə əvəzləşdirilmiş məbləğə daxil idi. Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-101/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli əsassız və ədalətsiz qətnaməsi ilə Loğman Məmmədovun iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Şərafət Məmmədova) 2(103)-3962/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X28 və X19 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlqar Xələfov) 2(102)-5868/2022 saylı iş üzrə 11 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Şərafət Məmmədova) 2(103)-3962/2022 savlı iş üzrə 2022-ci il 25 iyul tarixli qətnaməsindən cavabdehlər X28 və X19 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, qeyd edilən qətnamə tam ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək X16 və X9 təmir xərci qismində müştərək qaydada 595.985 manat tutularaq X7 ödənilməsi, X6 “140 saylı mənzilin alınması üçün X10 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbi qismən təmin edilərək, X9 X6 xeyrinə 510.000 manat tutulması qət edilmişdir. X1 həyat yoldaşı X21 qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 300.000 manat və 200.000 ABŞ dolları pul vəsaitinin tutulması tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. X18 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən o və həyat yoldaşı X28 tərəfindən, 2(103)-2638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən isə X11 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2955/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4301/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə icra olunması üçün Nəsimi Rayon Məhkəməsinə icra sənədi verilmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəindən ona məxsus, "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin hərracdan satışının təşkil olunması məqsədilə ilə mənzilin satış qiymətinin müəyyən olunması üçün cavabdeh "xxxx" MMC-yə mənzilin qiymətləndirilməsi həvalə olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi'’ ilə mənzilin satış qiyməti 1.200.000 manat müəyyən edilmişdir. Hesab edirlər ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi” qanunsuz və əsassızdır, hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" MMC-nin mənzilin satış qiymətinin müəyyən olunması üçün tərtib etdiyi xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi”nin 12-ci bəndində göstərir ki, “qiymətləndirmə prosesində “Birja qəzeti”ndən və “Market qəzeti”ndən informasiya mənbələri kimi istifadə edilmişdir. Lakin qeyd edilən mənbələrdən istifadə edilərkən hansı mənzillərin satışı üzrə təqdim edilmiş qiymətlərin təhlil edildiyi göstərilməmiş, sadəcə söz xatirinə cümlədən istifadə olunmuşdur. "xxxx" MMC-nin iş üzrə tələbkar X11 ilə sövdələşərək əmlakının real bazar qiymətini olduqca aşağı qiymətə dəyərləndirdikdə məcburiyyət qarşısında qalaraq əmlakının real dəyərinin müəyyən olunması üçün "xxxx" MMC ilə müqavilə bağlayaraq yuxarıda qeyd olunan əmlakın qiymətləndirilməsini sifariş etdi. "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il mütəxəssis rəyi ilə əmlakın real bazar qiyməti 1.704.000 manat dəyərində qiymətləndirildi. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən də əmlakın dəyəri müəyyən olunarkən cavabdeh tərəfindən istifadə olunmuş informasiya mənbələrindən istifadə olumuşdur. Lakin "xxxx" MMC qeyd edilən informasiya mənbələrindən oxşar mənzillərin qiymətlərini götürərək əlaqəli şəkildə təhlil etmiş, bir-neçə mənzilin qiymətləri əsas götürülərək orta bazar qiyməti hesablanmış və aparılmış hesablamaların nəticəsində mənzilin bir kvadrat metrinin satış qiyməti müəyyən olunaraq ümumi qiyməti müəyyənləşdirilmişdir. Nəsimi rayon İcra şöbəsinə "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il mütəxəssis rəyini təqdim edərək əmlakın hərracdan satışını "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il mütəxəssis rəyində müəyyən olunmuş 1.704.000 manata təşkil olunmmasını və ya əmlakın satış qiymətinin məhkəmə qaydasında müəyyən olunmasını xahiş etdilər. Lakin Nəsimi rayon İcra şöbəsi əsassız olaraq əmlakın hərracdan satış qiymətini "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi”ndə göstərilən 1.200.000 manat təklif etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, göstərilən mənzil tərəflərindən də satışa çıxarılmışdır. Bir neçə şəxs tərəfindən mənzilə baxış keçirilmiş, lakin mənzil üzərində həbs olduğu üçün alıcılar mənzili almağa ehtiyat edərək imtina etmişlər. Hazırda mənzilin real alıcısı var və mənzilin qiymətini razılaşmışlar. Lakin mənzil üzərində həbs olduğundan alğı-satqı müqaviləsini bağlaya bilmirlər. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli icra sənədini icra edə bilmir. Bu da onun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac vermiş, əmlak vəziyyətini olduqca ağır vəziyyətə salmışdır. Tələbkarın nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə etiraz ünvanlanaraq bildirilmişdir ki, X5 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə İNKOM MTK tərəfindən inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə Nəsimi Rayon məhkəməsinə ərizə vermişdir. X2 ərizəsini tamamilə əsassız hesab edir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə X28 və X9 müştərək qaydada mənzilin təmir xərcinə görə 639.057,5 manatın, bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının, cəmi 1.230.464,5 manat məbləğində pul vəsaitinin alınaraq X7 verilməsi qət edilmişdir. Həmin iddiaya baxılan zaman Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri kimi X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə İNKOM MTK tərəfindən inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzilin üzərinə həbs qoyulmuşdu. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhramzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün X10 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, X9 iddiaçının xeyrinə 510.000 manat tutulması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-4301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1456/2023 nömrəli qətnaməsindən cavabdehlər X28 və X19 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1456/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərin yekunu olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, X16 və X9 təmir xərci qismində müştərək qaydada 595985 manat və X9 "xxxx" ASC-yə ödənilmiş 510000 manat tutularaq X7 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2024-cü ildə icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru Pərviz Babayev tərəfindən icraata götürülmüşdür (icra işi e22988/2024-5-33). Hazırda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra olunmamışdır, yəni borclular X28 və X19 tərəfindən 1 manat da olsun X7 ödənilməmişdir. Belə olan halda, mənzilin üzərindən həbs necə götürülə bilər?! Əksinə, borclular X28 və X19 öz hüquqlarından sui-istifadə edərək X7 borcun ödənilməsini yubatmaq məqsədi ilə icra icraatının uzadılması üçün müxtəlif əsassız hərəkətlər edirlər. Hazırda da məhz X2 mənzilin üzərindən həbsin götürülməsi barədə ərizəsinə görə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev icraatı dayandırmaq barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. X5 qiymətləndirmədən 5 ay keçdikdən sonra borcun yönəldiyi əmlak - X12 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə İNKOM MTK tərəfindən inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzil ixtisaslaşdırılmış hərrac təşkilatında göndərilmiş, ilkin hərracın başlama tarixi xx.xx.2025-ci ilə tarixinə təyin edilmişdir. Lakin ilkin hərracın başa çatmasına 3 gün qalmış, X2 ərizəsi əsasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev xx.xx.2025-ci il tarixli qərarı ilə tamamilə qanunsuz və əsassız olaraq icraatı dayandırmaq barədə qərar qəbul etmişdir. Əslində isə X5 mənzilin üzərindən həbsin götürülməsi barədə xx.xx.2025-ci ildə deyil, xx.xx.2025-ci ildə Nəsimi Rayon Məhkəməsinə “müraciət” və ya “iddia” deyil “ərizə” vermişdir. Bundan başqa, “İcra haqqında” AR Qanunun 17.1.6.-cı maddəsinə əsasən, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2025-ci il tarixli qərarında əsaslandığı “İcra haqqında” AR Qanunun 17.1.6-cı maddəsinə əsasən, əmlakın həbsdən olunması barədə nə “müraciət”, nə də ki “ərizə” qeyd edilməmişdir, orada konkret olaraq “iddia” qeyd edilmişdir. X19 mənzilin üzərindən həbsin götürülməsi barədə xx.xx.2025-ci ildə Nəsimi Rayon Məhkəməsinə verdiyi ərizə isə iddia deyildir, həmin ərizə AR Mülki Prosessual Məcəlləsində müəyyən edildiyi kimi iddiaya uyğun tərtib edilməmişdir. AR MPM-in 162.4cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıdakıları nəzərə alaraq və AR MPM-in 162.4-cü maddəsinə əsasən, məhkəmədən X2 Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə İNKOM MTK tərəfindən inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil1 etirazı müdafiə edərək, məzmununa uyğun izahat vermiş və həbsin götürülməsi barədə borclunun vermiş olduğu ərizənin təmin edilməməsini xahiş etmişdir. Borclunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə ünvanlanıb, məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş və iclasın başqa tarixə təxirə salınması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra icraatının digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə olan sənədlər əsasında ərizəyə icra icraatı iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4849/2020 saylı qərardadına əsasən iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi "xxxx" MTK-nın inşa etdiyi ünvan 6 ünvanında yerləşən X13 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.metr sahəsi olan 145 saylı mənzilin üzərinə həbs qoyulması və həmin mənzil üzərində özgəninkiləşdirmə, alğı-satqı, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması və qeydiyyatının cavabdehlər X21, X12, "xxxx" MTK-ya və AR ƏMDK yanında DƏDRX-nə qadağan edilməsi qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1456/2023 saylı qətnaməsinə əsasən X28 və X19 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsinin təmir xərci olaraq 639 057,5 manatın X16 və X9 müştərək qaydada tutularaq X7 ödənilməsi hissəsində dəyişdirilməsi, X16 və X9 təmir xərci qismində müştərək qaydada 595985 manat tutularaq X7 ödənilməsi, qətnamənin “X16 və X9 müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510 000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, X6 “X16 və X9 müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, X6 “140 saylı mənzilin alınması üçün X10 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, X9 X6 xeyrinə 510 000 manat tutulması, həmin iddia tələbinin qalan hissədə (X21 münasibətdə) təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 400 manatın 200 manatının X4, 200 manatının isə X19 və X16 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (qətnamə yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır). - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraatın dayandırılması haqqında qərarına əsasən X3 məxsus ünvan 6 ünvanında inşa edilmiş yaşayış kompleksinin B blokunda yerləşən 145 saylı mənzil qiymətləndirilərək (1.200.000 manat) açıq hərracda satılması üçün xx.xx.2025-ci il tarixdə ixtisaslaşdırılmış müəssisəyə - hərrac təşkilatına sifariş göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən xx.xx.2025-ci il tarixdə qeyd olunan əmlakın üzərindən həbsin götürülməsinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəticə etibarı ilə qərar əsasında Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1456/2023 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-68/2025 saylı qərardadına əsasən X2 Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1456/2023 saylı icra sənədi üzrə əmlakın hərracdan satışının təşkil edilməsi barədə Nəsimi rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti üzrə əmlakın bazar dəyərinin müəyyən edilməsindən ötrü məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. - 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. - 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. - 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli Qərarında qeyd edilənlərə görə İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qeyd edilməlidir ki, aparılmış araşdırma nəticəsində müəyyən edildiyi kimi, tərəflər arasında məhkəmə çəkişmələri Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1456/2023 saylı qətnaməsi ilə yekunlaşmışdır. Qeyd edilən qətnaməyə görə məhkəmə X16 və X9 təmir xərci qismində müştərək qaydada 595.985 manat tutularaq X7 ödənilməsi, eləcə də X9 X6 xeyrinə 510.000 manat tutulmalı olması qənaətinə gəlmişdir. Yəni qətnamə ilə X19 borclu şəxs qismində tanınaraq, ona pul öhdəliyini Loğman Məmmədovun xeyrinə icra etmək vəzifəsi həvalə edilmişdir. Qətnamə yuxarı instansiya məhkəməsində mübahisələndirilsə də, hər hansı dəyişiklik edilməmiş və qüvvəsini aldıqdan sonra icra məqsədilə aidiyyəti icra şöbəsinə yönəldilmişdir. Vurğulanmalıdır ki, hazırda icra mərhələsində olmaqla, tələbin təmin edilməsi istiqamətində icra tədbirləri həyata keçirilməkdədir. Bundan başqa, mülki işin hələ məhkəmənin icraatında olduğu dövrdə məhkəmənin qəbul etmiş olduğu qərardadı əsasında X10 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən X13 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.metr sahəsi olan 145 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə, qərardadında tətbiq edilməsi tələb olunan təminat tədbiri ilə irəli sürülmüş iddia tələbi arasında obyektiv əlaqənin mövcudluğuna istinad etmiş və həmin tədbirin tətbiq edilməməsinin gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcəyi və hətta qeyri-mümkün edəcəyini qeyd etmişdir. Hazırda borclu tərəf ərizə əsasında tətbiq edilmiş təminat tədbirinin ləğvini tələb edir. Borclunun bildirdiklərinə görə məlum icra sənədi üzrə tələbi üzərinə həbs qoyulmuş əmlak hesabına təmin etmək niyyətindədir, lakin həbsin mövcudluğu əmlakı özgəninkiləşdirməsinə mane yaradır, halbuki, real alıcı var və əmlakı əldə etmək istəyir. Məhkəmə borclunun istinad etdiyi hallara münasibətdə qeyd edir ki, əvvəla prosessual qanunvericiliyin tələbləri ilə aydındır ki, təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Hazırki işdən göründüyü kimi, məhkəmə təminat tədbirini tətbiq edərkən məsələyə formal yanaşmamış, irəli sürülmüş iddia tələbi ilə tətbiq edilməsi tələb olunan təminat tədbiri arasında obyektiv əlaqənin mövcudluğunu da nəzərə almış və ən əsası ərizəçinin (iddiaçının) hüquqlarının qorunması, daha dəqiq deyilsə, gələcəkdə məhkəmə mübahisəsinin ərizəçinin (iddiaçının) xeyrinə yekunlaşacağı təqdirdə qətnamənin icrasını təmin etmək naminə müvəqqəti olaraq təminat tədbirinin tətbiqini mümkün hesab etmişdir. Hazırki mübahisə də məhz qismən də olsa ərizəçinin xeyrinə yekunlaşmışdır. Digər tərəfdən borclu ərizəsində real alıcının olmasına və əmlakı razılaşdırılmış qiymətə özgəninkiləşdirib pul öhdəliyini icra etmək niyyətinin olmasına istinad etmiş olsa belə, tələbkar tərəfin təqdim etdiyi sənədlərlə bunun əksi müəyyən edilir. Belə ki, üzərinə həbs qoyulmuş daşınmaz əmlakın hərrac prosesləri baş tutacağı halda onun satış dəyəri ilə razı olmayıb, borclu şikayətlə məhkəməyə müraciət etmiş və əmlakın dəyərinin satışa çıxarılmış məbləğdən artıq olmasına istinad edərək, qiymətləndirmənin yenidən keçirilməsini tələb etmişdir. Bununla da məhkəmənin qənaətinə görə əmlak üzərindən həbsin götürülməsi üçün əsas müəyyən edilmədiyi, eləcə də borclunun vermiş olduğu ərizəsi əsaslandırılmadığı üçün, həbs götürülə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4849/2020 saylı qərardadı ilə əmalk üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2 ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4849/2020 saylı qərardadı ilə əmalk üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar