Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-132/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi Borclunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin X6 ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmri ləğv olunmalıdır. X1 məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Borclu "xxxx" MMC-dən 2000 manat mənəvi ziyana görə pul tutularaq X4 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədində göstərilən üvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2023-cü il tarixində qərar qəbul edilərək borclu "xxxx" MMC-nin rəhbəri Yusubova Sevdanın ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-132/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. Sonradan tələbkar X6 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-132/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi və iş üzrə təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (006)-132/2023 saylı qərardadı ilə tələbkar X3 şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-132/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ləğv edilərək təqdimata baxılma tarixi 07 iyun 2023-cü il tarixinə, saat 11:40-a müəyyən edilməsi, aidiyyəti şəxslərə bu barədə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, hazırki icra işinin əlaqədar olduğu iş üzrə 17 yanvar 2022-ci il tarixində qətnamə qəbul olunmuşdur. Həmin qətnamədə məhkəmə ekspert rəyinə istinad etmişdir. Qeyd olunan qətnamə ilə eyni vaxt da həmçinin xüsusi qərar da çıxarılmış və icra olunması üçün Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir. Onlar prokurorluqda izahat vermişlər, ekspert rəyi ilə razı olmadıqlarını bildirmişlər. Prokurorluğun müstəntiqi onların müraciətini nəzərə alaraq təkrar ekspertiza təyin etmişdir. Həmin ekspert rəyinə əsasən imzanın tələbkara məxsus olduğu bildirilmişdir. Bundan sonra Prokurorluqda cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Daha sonra tələbkar X6 həmin qərardan şikayət vermiş və Nəsimi Rayon Məhkəməsinin digər hakimin qərarı ilə şikayət təmin olunmamış və məhkəmə belə qənaətə gəlmişdir ki, nə qədər ki, iki bir-birinə zidd rəy mövcuddur, bununla bağlı komission ekspertiza təyin edilməlidir. Daha sonra müstəntiq tərəfindən komission ekspertiza təyin olunuş və müəyyən olunmuşdur ki, imza X4 məxsusdur. Ona görə də yenidən cinayət işinin başlanmasının rədd olunması barədə qərar verilmişdir. Daha sonra borclu tərəfindən yeni açılmış hallarla bağlı AR Ali Məhkəməsi Plenumuna müraciət edilmişdir. Bununla bağlı 01 mart 2023-cü il tarixdə icra məmuruna müraciət ərizəsi təqdim olunmuş və borclunun gəlməməyinin səbəbləri göstərilmişdir. Daha sonra 18 aprel tarixində poçtla məktub göndərilmişdir. Bundan əlavə, onun tərəfindən izahat verilmiş və icra hərəkətlərinin dayandırılmasını xahiş edilmişdir. Ancaq bu icra məmuru tərəfindən nəzərə alınmamışdır. Bütün bu qeyd edilən halları nəzərə alaraq təqdimatın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırda məhkəmə borclunun nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməli. Həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh "xxxx" MMC-dən 2000 manat mənəvi ziyana görə pul tutularaq X4 ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş e299494/2022-5-22-001 saylı icra işində olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 3963/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Həmçinin e299494/2022-5-22-001 saylı icra işində olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya icra sənədində göstərilən tələblərin icra edilməsi üçün vaxt verilmişdir. Bundan əlavə, e299494/2022-5-22-001 saylı icra işində olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovaya ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovaya Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməyi, əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin e299494/2022-5-22-001 saylı icra işində olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 və digər əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 3963/2022 saylı icra sənədini təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin qeydiyyatda olduğu ünvana getmişlər və MMC-nin fəaliyyət göstərmədiyi aşkarlanmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixində borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan 10 gün müddətində şikayət verilməmiş və xx.xx.2023-cü il tarixində borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimat baxılması üçün məhkəməyə göndərilmişdir. e299494/2022-5-22-001 saylı icra işində olan borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixində verdiyi izahatında və ərizəsində bildirmişdir ki, icra vərəqəsinin verilməsinə əsas olan Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022ci il tarixli, 2(103)-3963/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Azərbayan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət etmişlər. Kassasiya instansiya məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri Ali Məhkəmənin Plenumu tərəfindən təmin edilərsə, o zaman hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)- 3963/2022 saylı qətnaməsi də (icra vərəqəsi verilmiş qətnamə) ləğv ediləcəkdir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7 və 21.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi MK-nm xx.xx.2022-ci il tarixli, 2(103)- 3963/2022 saylı icra vərəqəsi üzrə e299494/2022-5-22 saylı icra icraatının dayandırlıması barədə qərar qəbul eilməsini məhkəmədən xahiş etmişdir. e299494/2022-5-22-001 saylı icra işində olan borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş e299494/2022-5-22-001 saylı icra işindən və təqdimata əlavə edilmiş iş materiallarından görünür ki, borclu tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icrası bu günədək təmin edilməmişdir. Borclunun tapılması üçün xx.xx.2022-ci il tarixindən icra məmuru tərəfindən bütün tədbirlər həyata keçirilmiş, yalnız bu tədbirlər heç bir nəticə vermədikdən sonra təqdimatla xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə icra şöbəsinə müraciət etmişdir (yazılı formada). Məhkəmə bu halda qeyd edir ki, icra məmuru öz qanuni tədbirlərini ardıcıllıq göstərərək yerinə yetirmiş, təqdimat məhkəməyə daxil olduqdan sonra yalnız borclunun nümayəndəsi və vəkili tərəfindən izahat göndərilmişdir. İzahatın bu qaydada icra şöbəsinə yaxınlaşmadan və təqdimatdan sonra verilməsi borclunun icra məmurunun qanuni tələblərinə riayət etməsi kimi qiymət verilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Eyni Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə onu da vurğulayır ki, üzrlülük meyarı müəyyən edilərkən şəxs(lər)in öz hüquq və qanuni mənafelərinə lazımi diqqət və ağlabatan ehtiyatlıq göstərməli olması halı da mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqı, onların vəzifəli şəxsləri həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmçinin məhkəmə borclunun nümayəndəsi və vəkili Nümayəndə icraatın dayandırılmasının məcburiliyi ilə bağlı vurğulayır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda yeni açılmış hallar üzrə icraatın dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda borclunun icra məmurunun qanuni çağırışına gəlməmək kimi deyil, onun hərəkət və hərəkətsizliyindən, qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilməsi nəzərə alınmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra sənədi üzrə xx.xx.1961-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubova Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməli, qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra sənədi üzrə xx.xx.1961-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubova Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-132/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-132/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver