Məhkəmə qərarları › İş №8(006)-153/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-153/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-153/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, X1, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 11.100 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(103)-8639/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda Borclu tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsinin hissəhissə icra edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsi ilə iddiaçı X2 ona qarşı iddia tələbi qismən təmin edilmiş və ondan 11.130 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(103)-8639/2021 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən Kürdəmir rayon İcra şöbəsinə icra vərəqəsi verilmişdir. Bildirir ki, onun aylıq məvacibi 550 manatdır. Himayəsində azyaşlı övladı vardır. Əlavə qazanc yeri yoxdur. İcra sənədinin icrasına aylıq əmək haqqının 150 manat hissəsini yönəldə bilər. Evi qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi altında olduğuna görə, başqa yerdə kirayə yaşayır. Odur ki, qətnamənin hissə-hissə icrasına zərurət mövcuddur. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tələbkara olan borcunu hissə-hissə aylıq 150 manat məbləğində ödəməyə hazırdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 ərizəyə etiraz etdi və izahat verərək bildirdi ki, borclunun hazırki ərizəsi əsassızdır. Belə ki, onun tərəfindən borcluya daha öncədən borcun müəyyən məbləğlər şəklində ödənilməsi təklif edilsə də, borclu bundan imtina etmişdir. Hazırda isə Borclu ərizə ilə müraciət etməsinin əsas səbəbi icra sənədinin icrasının uzadılması ilə əlaqəlidir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçsə də, borclu hər hansı bir ödəniş etməmişdir. Halbuki bu vaxt ərzində hissəhissə ödəniş etsəydi borcu ödəyib qurtarardı. Borclunun buna kifayət qədər vaxtı olmuşdur. O, özü xəstə adamdır. Pula da ehtiyacı vardır. Belə ki, onun kredit öhdəliyi mövcuddur və o, hər ay müəyyən məbləğdə kredit ödənişlərini həyata keçirməlidir. Maddi sıxıntı çəkir. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun və tələbkarın izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsas müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi müəyyən müddət keçməsini, habelə həmin müddət ərzində borclu müəyyən məbləğdə ödəniş etmək imkanına malik olduğu təqdirdə də, bunu etməməsini, həmçinin borclunun maliyyə vəziyyətinin ağır olduğunu, borclunun hansı müddət ərzində icra sənədini icra edə biləcəyini əsaslandıra və bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Borclu ərizəsi təmin ediləcəyi təqdirdə, bu tələbkarın icra sənədi üzrə borcunu tələb etmək hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-352/2021 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar