Məhkəmə qərarları › İş №8(006)-167/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-167/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-167/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Tələbkar və Borclu iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-488/2025-019 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)- 488/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin izah edilməsi məsələsinə baxmağı xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-488/2025-019 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixində icraata daxil olmuşdur. İcra sənədində xx.xx.2024-cü il tarixdən başlayaraq alimentin hesablanması qərara alınmışdır. Borclu xx.xx.2025-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək 2024-cü ilin avqust ayından bu günədək tələbkara məxsus bank hesabına ümumilikdə 2575 manat məbləğində ödəniş etdiyini bu səbəbdən də borcunun cəmi 101.48 manat təşkil etdiyini bildirmişdir. Tələbkar isə öz növbəsində eyni tarixli məktubla borclu tərəfindən təqdim edilən ödənişlərin aliment borcuna sayılmamasını, həmin ödənişlərin onun tərəfindən qəbul edilməməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixində icraata daxil olmuş 2(006)-488/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş alimentin hesablanması zamanı borclu tərəfindən edilmiş ödənişlərin aliment ödənişi kimi qəbul edilib-edilməməsi ilə bağlı tələblər aydın deyildir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Borclu ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni iş materialları və icra işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-488/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-488/2025-019 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı tərəfindən verilən 27 fevral 2025-ci il tarixli Arayışdan görünür ki, Borclu 2021-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatında sürücü vəzifəsində çalışır. Borclu ştat cədvəlinə uyğun olaraq əmək haqqısı 760 manat təşkil edir. Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbarı ödəmələr tutulduqdan sonra ona 656.20 manat ödənilir. Nəsimi rayon İcra şöbəsinə Borclu tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, tələbkarın bank hesabı rekvizitlərinə 2575 manat ödəniş etmişdir. Həmin ödənişlərin yaranmış borcundan silinməsini xahiş etmişdir. Bildirmişdir ki, onun əmək haqqı məcburi vergi, ödənişləri çıxıldıqdan sonra 656 manat təşkil edir. Belə ki, onun bugünə kimi 101.48 manat borcu qalır. Nəsimi rayon İcra şöbəsinə Tələbkar tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə borclu tərəfindən təqdim edilmiş qəbzləri qəbul etmir. Belə ki, həmin ödənişlər aliment ödənişi kimi qəbul edilə bilməz. Belə ki, kart hesabı onun adına açılmış olsa da, ödənişləri o qəbul etməmişdir. Odur ki, ümumilikdə 6 ay borc məbləğinin olmasına dair qərar qəbul edib borclunun əmək haqqına göndərilməsini xahiş etmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş üzrə göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamənin izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. Belə ki, icra sənədi üzrə borclu ərizə ilə icra şöbəsinə müraciət edərək, 2024-cü ilin avqust ayından tələbkara 2575 manat məbləğində ödəniş etdiyini və həmin ödənişin aliment borcu kimi nəzərə alınaraq silinməsini xahiş etmişdir. İcra məmuru da hazırki ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədində nəzərdə tutulmuş alimentin hesablanması zamanı borclu tərəfindən edilən ödənişlərin aliment ödənişi kimi qəbul edilib-edilməməsi ilə bağlı tələbin aydın olmamasına görə icra sənədinə izah verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən sözügedən tələb üzrə icra sənədinə izahın verilməsi iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirildiyindən və həmin etirazların (hesablanma ilə bağlı qeyri-müəyyənlik) araşdırılması icra məmurunun səlahiyyəti olduğundan bu barədə ərizəyə də münasibət bildirilməsi Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun səlahiyyəti hesab edilməlidir. İcra məmuru tərəfindən bu barədə müvafiq qərar qəbul edildikdən sonra tərəflər narazı qaldığı təqdirdə şikayət vermək hüququna malikdirlər (icra məmurunun tələbi, yəni ödənişlərin aliment ödənişi kimi qəbul edilib-edilməməsi icra məmurunun özünə aid səlahiyyət olmaqla, onun tərəfindən müəyyən edilməli olan məsələdir. Həmçinin, icra məmuru tərəfindən borclu tərəfindən ödənilən ödənişlərin aliment kimi nəzərə alınıb-alınmaması barədə qərarından tərəflər məhkəməyə şikayət verə bilərlər). Odur ki, məhkəmə qeyd olunanlara əsasən ərizəni əsaslı hesab etməyərək hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.5-ci maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-488/2025-019 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar