Məhkəmə qərarları › İş №8(006)-171/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-171/2022

25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-171/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizəyə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “DSMF-də fərdi sosial sığorta hesabına məcburi dövlət ödənişlərinin aparılmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək olan dövr ərzində “Əmək pensiyaları haqqında” və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunları ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta ödənişlərindən yaranan borcun “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkəti tərəfindən iddiaçının DSMFdə olan fərdi sosial sığorta hesabına keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə 02.02.2021-ci il tarixli iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək iddiaçının iddia tələbinin 148,436.45 (yüz qirx səkkiz min dörd yüz otuz alti manat və qırx beş qəpik) manat olmasının qəbul edilməsini və həmin məbləğin cavabdeh tərəfindən tutularaq iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə 12.04.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının iddia tələbinin 152,592.30 manat (yüz əlli iki min beş yüz doxsan iki manat və otuz qəpik) manat olmasının qəbul edilməsini və həmin məbləğin cavabdeh tərəfindən tutularaq iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(006)- 38/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, məcburi dövlət sosial sığorta ödənişləri üzrə yaranmış 152,592.30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində borcun cavabdeh "BP Eksploreyşn (Kaspian Si) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq iddiaçı Tələbkar Dövlət Sosial Müdafiə Fondundakı fərdi sosial sığorta hesabına ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 395 manat cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Hazırda Tələbkar nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsinin səmərəli icrasını təmin etmək məqsədi ilə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək, borclu “BP X6 Limited” Şirkətinin hesabından tutulmuş 152,592.30 manat məbləğində vəsaitin Tələbkar bank hesabına köçürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Tələbkarın nümayəndəsi və vəkili ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsi iyun ayında icraya yönəlmiş, qətnaməyə əsasən cavabdeh “BP X6 Limited” Şirkətinin hesabından tutulmuş 152,592.30 manat məbləğ iddiaçı Tələbkar DSMF-dəki fərdi sosial sığorta hesabına ödənilməsi üçün yönəlsə də, bunun icrası mümkün olmamışdır. İcra məmuru 12.09.2021-ci il tarixli 11280-154759/2021-5-22 nömrəli sorğu ilə DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filiala müraciət edərək, tutulmuş vəsaitin köçürülməsi üçün rekvizitlərin göndərilməsi xahiş olunmuş, həmin məktuba DSMF müvafiq filialı 20.09.2021-ci il tarixli, **********1 nömrəli məktubla cavab yazaraq göstərmişdilər ki, həmin məbləğin Tələbkar fərdi şəxsi hesabında əks olunması üçün Sığortaedən tərəfindən müvafiq dövrlər üçün məcburi sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim olunmalıdır və həmin təqdimatlar təqdim edildikdən sonra baxıla bilər. Faktiki olaraq icra məmuru verdiyi sorğuya cavab almadığından, təkrarən eyniməzmunlu 03.11.2021-ci il tarixdə 8054-154759/2021-5-22 nömrəli sorğu ilə DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filiala müraciət etmiş və 21.11.2021-ci il tarixli **********1 nömrəli cavab məktubu ilə əvvəlki məktubla sorğuya cavab verildiyi göstərilmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, ilk növbədə DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı tərəfindən cavab məktubunda icra məmurunun qanuni qüvvəyə minmiş qətnaməsinin icraya yönəlməsi və icra olunması üçün tutulmuş pul vəsaitinin köçürülməsi üçün rekvizit verilməsi hissəsinə faktiki cavab verilməmişdir. Bundan başqa DSMF tərəfindən verilmiş hər iki cavab məktubunun məzmunundan görünür ki, Sığortaedən, yəni BP şirkəti Tələbkar fərdi şəxsi hesabına ödənilməli olan 152.592.30 manat məbləğinə dair DSMF dəqiqləşdirilmiş hesabatlar təqdim etməyənədək, DSMF tərəfindən həmin məbləğin qəbul edilməsi və Tələbkar DSMF-dəki fərdi sosial sığorta hesabına köçürülməsi mümkün deyildir. Ərizədə həmçinin göstərilmişdir ki, borclu statusunda olan “BP X6 Limited” Şirkəti nə məhkəmədən öncə olan pretenziya qaydasında davam edən dövrdə, nə də məhkəmə zamanı (ümumilikdə 5 il ərzində) sözügedən dəqiqləşdirilmiş hesabatları təqdim etməmiş və bundan boyun qaçırmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi təmin olunsa da və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, lakin onun icrası DSMF tərəfindən bu formada mümkünsüz hesab olunmuşdur. Nəticədə isə sosial sığorta və pensiya hüquqları pozulan Tələbkar hüquqları pozulmaqda davam edir. Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında yuxarıda qeyd edilən ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-38/2021 saylı icra vərəqəsi 01.07.2021-ci il tarixdə icraatına daxil olmuş və həmin tarixdən etibarən icra sənədi üzrə zəruri icra hərəkətlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Məhkəmə qətnaməsinə əsasən borclu “BP X6 Limited” Şirkətinin hesabından 152.592,30 manat məbləğində vəsait 2021-ci ilin sentyabr ayında tutularaq DSMF-nin rəsmi bank hesabına yönəlmişdir ki, həmin məbləğ Tələbkar DSMF fərdi sosial sığorta hesabına otursun. Lakin ödəniş tapşırığı DSMF tərəfindən rədd edilmiş və pul vəsaiti İcra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra o, rəsmi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına 12.09.2021-ci il tarixdə sorğu verərək, icra sənədi üzrə borc məbləğinin Tələbkar DSMF fərdi sosial sığorta hesabına ödənilməsi üçün hesab rekvizitlərinin təqdim olunmasını xahiş etmişdir. Həmin sorğuya Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı tərəfindən 20.09.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda Sığortaedən tərəfindən müvafiq dövrlər üçün məcburi sosial sığorta üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim olunmadığını və həmin hesabatlar təqdim olunduqdan sonra baxılmasının mümkün olduğu qeyd edilmişdir. Qeyd olunan məktubda DSMF tərəfindən sorğu edilən rekvizitlərə dair faktiki cavab verilmədiyindən, məcbur qalıb təkrarən 03.11.2021-ci il tarixdə rekvizitlərin verilməsi və məhkəmə qətnaməsinin icra olunması üçün müraciət etmişdir. Bu dəfə DSMF Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialının 24.11.2021-ci il tarixli cavab məktubunda qeyd olunan sorğuya 20.09.2021-ci il tarixli məktubda cavab verildiyi qeyd olunmuşdur. Beləliklə, icra sənədinin icrası hələ də mümkün olmamışdır və borclunun hesabından tutulmuş pul vəsaiti İcra şöbəsinin hesabında olaraq qalır. Hazırki məqamda məhkəmə qətnaməsinin mövcud formada icrası mümkünsüzdür, məhkəmə qətnaməsinin səmərəli icrası məqsədi ilə tələbkarın nümayəndəsi və vəkilinin ərizəsinin təmin olunmasını və icra üsulunun və qaydasının dəyişdirilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, icra məmurunun icra sənədi üzrə “BP X6 Limited” Şirkətindən tutulmuş vəsaitin Tələbkar DSMF fərdi sosial sığorta hesabına köçürülməsi hazırki vəziyyətdə mümkün deyildir. Yalnız Sığortaedən tərəfindən həmin illər üçün müvafiq dəqiqləşdirilmiş hesabatlar təqdim olunduqdan sonra mümkün olacaqdır. Sığortaedən qeyd olunan dəqiqləşdirilmiş hesabatları təqdim edərsə, bununla bərabər həmin illər üzrə sığortaolunana ödənilmiş əmək haqqına dair və eyni zamanda vergi hesabatlarını təqdim etmək öhdəliyi yaranır, bu isə Sığortaedən üçün böyük maliyyə itkisi ilə nəticələnə bilər. Hazırda isə nəzarət mexanizmi Dövlət Vergi Xidmətinin səlahiyyətində olduğundan, həmin hesabatların onların qurumu tərəfindən Sığortaedəndən alınması mümkün deyildir. Həmçinin, qeyd olunan vəsait pensiya kapitalı olduğu üçün onun şəxsi bank hesabına köçürülməsini də düzgün hesab etmir. Lakin məhkəmənin qətnaməsinin icrası ilə bağlı DSMF tərəfindən ayrı mexanizm mövcud deyildir. Göstərilənlərə əsasən qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun, tələbkarın nümayəndəsi və vəkilinin, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsi ilə Tələbkar iddia tələbinin təmin edilməsi, məcburi dövlət sosial sığorta ödənişləri üzrə yaranmış 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində borcun cavabdeh "BP Eksploreyşn (Kaspian Si) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq iddiaçı Tələbkar Dövlət Sosial Müdafiə Fondundakı fərdi sosial sığorta hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi 18 iyun 2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və icra olunması üçün 12 aprel 2021-ci il tarixli, 2(006)-38/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədi əsasında borclu "BP Eksploreyşn (Kaspian Si) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabından 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan 12.09.2021-ci il tarixli 11280-154759/2021-5-22 nömrəli sorğu məktubundan görünür ki, İcra şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına rəsmi qaydada müraciət edərək, icra vərəqəsi əsasında borclunun hesabından tutulmuş 152.592,30 manat məbləğində vəsaiti Tələbkar DSMFdəki fərdi sosial sığorta hesabına köçürülməsi üçün rekvizitlərin göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialının İcra şöbəsinə göndərdiyi 20.09.2021-ci il tarixli **********1 nömrəli cavab məktubundan görünür ki, Tələbkar fərdi şəxsi hesabına ödənilməli olan 152.592,30 manat məcburi dövlət sosial sığorta haqları sığortaedən “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə öz əksini tapmamışdır. Həmin məbləğin Tələbkar fərdi şəxsi hesabında əks olunması üçün sığortaedən tərəfindən müvafiq dövrlər üçün məcburi sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim olunmalı və bundan sonra müraciətdə qeyd olunan məsələyə baxıla bilər. Bundan başqa 03.11.2021-ci il tarixli 8054-15/4759/2021-5-22 nömrəli sorğu məktubundan görünür ki, İcra şöbəsi təkrarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına müraciət edərək, məhkəmə qətnaməsinin icra olunması üçün müvafiq rekvizitlərin göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialınının İcra şöbəsinə göndərdiyi 24.11.2021-ci il tarixli **********1 nömrəli cavab məktubundan görünür ki, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filial İcra şöbəsinin 20.09.2021-ci il tarixli eyniməzmunlu müraciətinə istinad verib ona 20.09.2021-ci il tarixli **********1 nömrəli məktubla cavab verildiyi qeyd etmiş və həmin məktubun sürətini əlavə etmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş və məhkəmə qətnaməsində öz əksini tapmış - DSMF-nin Tələbkar ünvanladığı 10.07.2017-ci il tarixli məktubundan görünür ki, “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkəti tərəfindən 1 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək təqdim edilmiş “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda onun adı qeyd edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatlar dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan, iddiaçıya müraciətdə qaldırdığı məsələ ilə bağlı “BP Eksploreyşn (Kaspian Si) Ltd” Şirkətinə müraciət etmək tövsiyyə olunmuşdur. “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkəti tərəfindən qeyd olunan illər üzrə dəqiqləşdirilmiş məlumatlar DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə təqdim edildikdən sonra müvafiq məlumatlar iddiaçının fərdi hesabında əks olunacaqdır. İşin faktiki hallarından görünür ki, Tələbkar məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən öncə “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə özü rəsmi qaydada üç dəfə müraciət etmiş, lakin məsələ öz həlli yolunu tapmamışdır. İddia tələbinə məhkəmədə baxılması müddəti ərzində “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi Tələbkar uzunmüddətli ezamiyyətdə olduğu 2006-cı il mart ayından 2009-cı dekabr ayına olan müddət üçün dəqiqləşdirilmiş məlumatları nə məhkəməyə, nə də DSMF-na təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işin bu halı onu təsdiq edir ki, borclu “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi müvafiq dövrlər üçün məcburi sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatları təqdim etmiş olsaydı Tələbkar məhkəmədə iddia qaldırmasına zərurət qalmazdı. Bundan başqa məhkəmə onu da qeyd edir ki, borclu “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi qeyd olunan dəqiqləşdirilmiş hesabatları iddia tələbinə məhkəmədə baxılması müddətində təqdim etmiş olsaydı faktiki iddia tələbini qəbul etmiş olardı və işin məhkəmə qətnaməsi ilə nəticələnməsinə ehtiyac qalmazdı. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialının İcra şöbəsinə ünvanladığı hər iki məktubun məzmunundan görünür ki, Sığortaedən tərəfindən müvafiq dövrlər üzrə məcburi sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim olunmayana kimi müvafiq vəsaitin tələbkarın fərdi şəxsi hesabına köçürülməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, təqdim olunmuş sənədlərdən də görünür ki, icra vərəqəsi üzrə 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində borc məbləği 2021-ci ilin sentyabr ayında borclunun hesabından tutularaq DSMF tərəfindən müvafiq rekvizitlər təqdim olunmadığından, İcra şöbəsinin depozit hesabında saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Tələbkar 2017-ci ilin dekabr ayında iddia tələbi ilə məhkəməyə müraciət etmiş və uzun sürən məhkəmə araşdırması nəticəsində onun iddia tələbi 2021-ci ilin aprel ayında təmin olunmuşdur. Məhkəmə qətnaməsinin çıxarılmasından bir ildən artıq müddət keçməsinə baxmayaraq, icra vərəqəsinin icrası hələ də icra olunmamış qalır. Bununla da, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin hazırda bu formada icrası mümkünsüz olduğundan, məhkəmə qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)- 38/2021 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi üzrə “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin hesabından tutulmuş məcburi dövlət sosial sığorta ödənişləri üzrə yaranmış 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində borc Tələbkar şəxsi bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli Qərarının3-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Eyni zamanda, həmin qərarda göstərilmişdir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsi üzrə icra üsulu və qaydası dəyişdirilərək, icra vərəqəsi üzrə borclu “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin hesabından tutulmuş 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti (borc məbləği) Tələbkar şəxsi bank hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(006)-38/2021 saylı qətnaməsi üzrə icra üsulu və qaydası dəyişdirilərək, icra vərəqəsi üzrə borclu “BP Eksploreyşn (Kaspian Sİ) Ltd” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin hesabından tutulmuş 152.592,30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti (borc məbləği) Tələbkar şəxsi bank hesabına ödənilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar