Məhkəmə qərarları › İş №8(006)-174/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-174/2023

01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-174/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “qapının məcburi şəkildə açılması”na dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “qapının məcburi şəkildə açılması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X7 və Tələbkar ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özünə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülməlidir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra məmurunun müvafiq qərarı ilə icraata başlanılmış, xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş və digər sənədlər aidiyyəti üzrə borcluya göndərilmişdir. Müxtəlif vaxtlarda tələbkarın ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilə köçürülməsi ilə bağlı icra təyin olunmuş, lakin Borclu mənzilin qapısını açmamaqla icraya qərəzli şəkildə maneə yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə qapının məcburi şəkildə açılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkarlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun və icra məmurunun izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X7 və Tələbkar ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özünə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5, X1, hal şahidləri X6 və X2 iştirakları ilə tərtib edilib, imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icraatda olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən ev 48, mənzil 71 ünvanına gedilmiş, lakin mənzilin qapısı bağlı olmuş və Borclu adı çəkilən ünvanda tapmaq mümkün olmamışdır. Təqdimata əlavə edilmiş Borclu tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, Nəsimi rayon İcra şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar səhhətində ciddi problem olduğu üçün xx.xx.2023-cü il tarixinədək ona vaxt veriləcəyi təqdirdə icra sənədinin icrasının könüllü yerinə yetirilməsinə söz vermişdir. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsi tərəfindən Nəsimi Rayon 19-cu Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının vaxtı və yeri barədə məlumat verilərək, icranı təmin etmək məqsədi ilə aidiyyatı əməkdaşların icra yerində iştirakının təmin edilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5, X1, hal şahidləri X6 və X2 iştirakları ilə tərtib edilib, imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icraatda olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixinə icra təyin olunmuş və bununla bağlı Borclu məktub ünvanlanmışdır. Lakin Borclu ünvan 1 ünvanında yerləşən ev 48, mənzil 71 ünvanında yerləşən mənzilin qapısını bağlamış, icra yerinə gəlməmiş və icra sənədinin icrasına qərəzli şəkildə maneə yaratmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-109/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 “icraata başlamaq” haqqında xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş idarəsinə ünvanlamış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X7 və Tələbkar ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özünə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, surəti bildirişlə birlikdə Borclu icra sənədində qeyd edilmiş ünvanına göndərilmiş, eyni zamanda borclunun “Elektron İcra” informasiya sistemindən əldə olunmuş əlaqə nömrələrinə sms bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədində göstərilən ünvanda olduqda qapını döydükləri zaman qapı açılmamış və borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Bu barədə müəyyən akt da tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə Borclu şöbəyə dəvət edilmiş, qərar və bildiriş təqdim edilərək, icra sənədinin icrasının könüllü şəkildə təmin olunması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə Borclu şöbəyə ərizə ilə müraciət edərək “icraata başlamaq haqqında” qərardan şikayət verdiyini və bu səbəbdən icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Borclu yenidən şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və borclu öz növbəsində səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən icra sənədinin icrası ilə bağlı ona vaxt verilməsini xahiş etmişdir. Bundan sonra isə Borclu xx.xx.2023-cü il tarixədək icra sənədinin icrasını könüllü şəkildə təmin edəcəyinə söz vermiş və iltizamı alınmışdır. xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş Nəsimi Rayon Məhkəməsinin 8(006)- 109/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən “icraata başlamaq haqqında” qərardan verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Borclu məktub ünvanlanaraq xx.xx.2023cü il tarixə icra təyin olunduğu və bu səbəbdən icra yerində olması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə icra sənədində göstərilən ünvanda olmalarına baxmayaraq, borclunun icra yerinə gəlməməsi səbəbindən icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin qapısının məcburi qaydada açılması ilə bağlı təqdimat hazırlanaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək icra xidməti icra məmurunun hüquqlarındandır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyriyaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Müvafiq olaraq həmin Qanunun 82.3-cü maddəsinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin Qanunun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Həmin Qanunun 84.1-ci maddəsinə görə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Yuxarıda istinad edilmiş qanunvericilik normalarının hazırki işə tətbiqi nəticəsində məhkəmə belə hesab edir ki, borclu tərəfindən tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına maneə yaradıldıqda, icra məmuru “qapının məcburi şəkildə açılması”na dair təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmək əvəzinə, zərurət olduğundan müvafiq icra hakimiyyəti orqanının əməkdaşları ilə birgə həmin evin qapısını açmaq və ora daxil olmaq, tələbkarın orada maneəsiz yaşamasını təmin etmək hüququna malikdir. Bu hüquq qanunla ona verilmişdir, belə ki, tələbkarın mənzilə köçürülməsini təmin etmək icra məmurunun səlahiyyətidir. Bu səlahiyyətin həyata keçirilməsi üçün isə “qapının məcburi şəkildə açılması barədə” məhkəmə qərardadının qəbul edilməsinə zərurət yoxdur. İcra məmuru ona verilmiş səlahiyyətlər çərçivəsində təqdimatda qeyd edilən icra tədbirinin həyata keçirilməsini təmin edə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin “qapının məcburi şəkildə açılması” barədə tədimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin “qapının məcburi şəkildə açılması” barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar