Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-174/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Aydın Hümbətov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1510/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci il təvəllüdlü Baki Şəhəri, Nəsimi Rayonu, Azadliq Prospekti, 86 İnz/Bina ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Nəsimi rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş və xəbərdarlıq borclunun ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsində izahatı alınmışdır. Borclu həmin izahatında qeyd etmişdir ki, icra sənədindən xəbəri vardır, işləmədiyi və gəliri olmadığı üçün həmin tarixədək icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir, icra sənədi üzrə həmin tarixədək cəmi 2677 manat ödəniş etmişdir, 3300 manat aliment borcunu tam şəkildə ödəyəcəyinə söz vermiş, həmçinin ödəmədiyi təqdirdə məsuliyyətdən xəbərdar olduğunu bildirmişdir. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun aliment borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, borclunun ölkədən getmək hüququ icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları nəzərə almaqla, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu-xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1510/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-174/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-174/2025
08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver