Məhkəmə qərarları › İş №8(006)-184/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-184/2024

25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-184/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-664/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 664/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu verilmiş borca görə 10000 manat alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmiş, lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu verilmiş borca görə 10000 manat alınaraq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemindən sorğular edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası zamanı borclunun əmlakına baxış keçirilməsi zamanı tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu-xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar