Məhkəmə qərarları › İş №8(006)-185/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-185/2022

20.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-185/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4363/2019 saylı icra sənədi üzrə borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının məcburi gətirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4363/2019 saylı icra sənədinə əsasən borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızından 905 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının icra sənədində göstərilən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Kərpiç döngəsi, 4 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2020-ci il tarixdə tərəflərindən qəbul edilərək, borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(006)-4363/2019 saylı icra sənədindən görünür ki, iddia təmin edilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İMEİ kodu **********02438 olan “İPhone 6 Plus 16GB” markalı telefon üçün 742 manat ödənilməmiş hissə, 163 manat (0,91 x 180 gün) cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 935 manat pul vəsaiti cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(006)-4363/2019 saylı icra sənədi üzrə icraat başlanılmış, xx.xx.2019-cu il tarixdə könüllü icra barədə 153136/2019-5-36 nömrəli bildiriş borclulara təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020ci il tarixli qərarının surətindən görünür ki, Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızı icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından, o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(006)- 4363/2019 saylı icra sənədi üzrə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Kərpiç döngəsi, 4 ünvanında qeydiyyatda borclu Əhmədova (Əsədullayeva) Aygün Vaqif qızı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar