Məhkəmə qərarları › İş №8(006)-187/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-187/2024

15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-187/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mütənasiblik prinsipi əsasında, yəni tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansını təmin etməklə nail olmağın mümkünlüyünü, həmçinin maddi sıxıntılar yaşadığından ailə və əmlak vəziyyətinin nəzərə alınaraq hazırda əmək haqqısından tutulan məbləğin 50%-nin 25%-ə endirilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı icra sənədinə əsasən əmək haqqından 50 faiz miqdarında tutma aparılmaqla 5268,93 manat borcun "xxxx" ASC-nin hesabına və 385,61 manat icra ödənişinin Nəsimi rayon İcra şöbəsinin hesabına köçürülməsi xahiş edilmiş, icra sənədi 2024-cü ilin mart ayından etibarən icra edilir. Bununla bağlı bildirilmişdir ki, Borclu xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" QSC-nin Mühafizənin təşkili sahəsinin mühafizəçisi vəzifəsində işləyir və aldığı əmək haqqı 923 manat təşkil edir. Atası xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən anası, həyat yoldaşı, 2 oğlu, 5 nəfər ailə üzvləri Borclu üzərindədir, ailədə yeganə işləyən adam Borcludur. Həmçinin yaşadığı ünvan 1 ünvanı 10-cu bina, 1-ci blok, 4-cü mərtəbə 18 nömrəli 1 otaqdan ibarət mənzil ipotekadadır, Borclu aylıq 598 manat ödəniş edir. Borclu Sambo idman növü ilə professional şəkildə məşğul olaraq ölkəni beynəlxalq yarışlarda təmsil edir, hazırda Avropa çempionatında keçiriləcək yarışlara hazırlaşır. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, 1690nkNAR/21 saylı kredit müqaviləsinə əsasən 5204,90 manat əsas, 278,76 manat faiz, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5488,66 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 75,67 manat məbləğində vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da müəyyən olunur ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə 5488,66 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 75,67 manat vəsaitin ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Lakin borclu maddi imkanının tələbkara olan borcunu birdəfəlik ödəməsinə yetərli olmadığını qeyd edərək, maddi sıxıntılar yaşadığından ailə və əmlak vəziyyətinin nəzərə alınaraq hazırda əmək haqqısından tutulan məbləğin 50%-nin 25%-ə endirilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mənafeyini əsas götürərək borclunun hazırda əməkhaqqısından tutulan məbləğin 50%-dən 25%-ə endirilməsinə dair xahişini nəzərə alıb, ərizənin təmin edilməsini mümkün hesab edir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "xxxx" QSC-də mühafizəçi işləyir və aylıq əməkhaqqı 923 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ İİ seriyalı 169171 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Borclu atası X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 720 nömrə ilə qeyd edilmişdir. Ölüm faktı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 24 iyun 2022-ci il tarixli 001 R/Q nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC ilə Borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində Borc verən Bu Müqaviləyə əsasən Borc Alana (X3) 120 ay müddətində (xx.xx.2032-ci il tarixədək) 45.220 manat məbləğində, kreditdən istifadəyə görə illik 10 faiz ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə ödəməyi öhdəsinə götürür. Kreditin təyinatı ünvan 1 ünvanı 10-cu bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 41.9 kv.m olan 1 otaqlı 18 nömrəli mənzildir. Kredit üzrə illik faiz dərəcəsi illik 10,24 % təşkil edir. İş materiallarına əlavə olunmuş 24 iyun 2022-ci il tarixli 001 R/Q nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, aylıq ödənişin məbləği 597.57 manat təşkil edir. Borclu ailədə tək işləyən şəxsdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu həyat yoldaşı X1r və o, heç yerdə işləmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, həqiqətən də Borclu əmlak vəziyyəti hazırki icra vərəqi üzrə icra qurumu tərəfindən əməkhaqqısından tutulan məbləğin 50%-nin tutulmasına imkan vermir və ona görədə borclunun hazırda əməkhaqqısından tutulan məbləğin 50%-dən 25%-ə endirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsinə əsasən Borclu əmək haqqısından tutulan məbləğin 50%-dən 25%-ə endirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2281/2023 saylı qətnaməsinə əsasən Borclu əmək haqqısından tutulan məbləğin 50%-dən 25%-ə endirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar