Məhkəmə qərarları › İş №8(006)-189/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-189/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-189/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkar, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədi üzrə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) Tələbkar tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2(006)-2888/2022 saylı mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Cəlaləddin Əliyevdir. Artıq 3 ay yarım müddətin keçməsinə baxmayaraq, icra məmuru ona heç bir üzrlü və qanuni səbəb göstərmədən icra vərəqini icra etmir. Bu da “İcra haqqında” Qanunun 12.1 və 13.1.2-ci maddələrinin tələblərinin kobucasına pozulması deməkdir. Bu barədə o, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Məhkəmədən cavab da almışdır. Lakin əldə etdiyi məlumata görə məhkəməyə cavab verilməyib. Hesab edir ki, icra məmurunun hərəkətsizliyi araşdırılmalı, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyən edilməlidir. Tələbkar məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, icra məmuru borclunun bacısını icra şöbəsinə dəvət etmiş və onun izahatını almışdır. Lakin izahatdan da görünür ki, izahat alınan zaman borclunun bacısına verilmiş suallar formal xarakterli suallardır. Onu da bildirir ki, icra məmuru ilə icra sənədində qeyd olunan mənzilə baxış keçirilərkən, mənzildə heç kimin yaşamadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında şikayət ərizəsinə etiraz edərək bildirdi ki, icra sənədi şöbənin nəzarətindədir və icra edilməsi istiqamətində zəruri tədbirlər görülür. Bu səbəbdən növbəti icra tədbirləri barədə tələbkar tərəf məlumatlandırılacaqdır. Mənzildə olan əmlakların saxlanılması üçün onların balanslarında müəyyən edilmiş saxlanc yerləri yoxdur. Bu barədə tələbkara məlumat verilmişdir. Eyni zamanda qeyd edir ki, o, tələbkara işin vəziyyətini də izah etmişdir. Birincisi müddət məsələsi ilə bağlı onu qeyd edir ki, borclunun mənzildən çıxarılması və mənzilin təhvil verilməsi çətin işlərdir. Belə ki, onlar mənzilə daxil olarkən borclunun digər hüquqlarının pozulmaması səbəbilə bu qəbildən olan işlərə həssas yanaşırlar. Onların mənzilə daxil olması hal şahidlərinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilir. İcra hərəkətlərini həyata keçirərkən, borcluların öz əmlaklarını götürüb-getmələrini təmin edirlər ki, sonradan borclular nə onlara nə də ki, tələbkara qarşı heç bir iddia ilə müraciət edə bilməsin və əmlakla bağlı heç bir tələbləri olmasın. Onu da qeyd edir ki, borclu şəxs Azərbaycan Respublikasında yoxdur. Bu zaman onlar borclunun nümayəndəsini İcra şöbəsinə çağırmalı olurlar. Tərəfindən həmin nümayəndə dəvət edilmiş və o, bildirmişdir ki, həmin evdə onun əmlakı vardır və əmlakı ordan çıxarılacağı təqdirdə əmlakını qoymaq üçün yeri yoxdur. O, nümayəndəyə borclunun hüquq və vəziflərini izah etmişdir. Yenidən borclunun nümayəndəsi şöbəyə dəvət ediləcək və ona icra sənədinin könüllü icra edilməsi təklif ediləcəkdir. Bu səbəblərə görə məhkəmə qətnaməsi icra edilməmişdir. Lakin hesab edir ki, yaxın zamanda məhkəmənin qətnaməsi icra ediləcəkdir. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tələbkarın və icra məmurunun izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını, həmçinin hazırki şikayət ərizəsinin obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e18836/2023-5-34 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədinə əsasən iddia təmin edilməli, cavabdeh Borclu ünvan 1ndə yerləşən 184 saylı evin iddiaçı Tələbkar məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsindən və 3/60 hissəsindən əşyaları ilə birlikdə çıxarılmalı, ünvan 1 ünvanda yerləşən 184 saylı evin iddiaçı Tələbkar məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsi və 3/60 hissəsi iddiaçı Tələbkar təhvil verilməlidir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədi üzrə icraat başlanılmış, həmin tarixdə də e18836/2023-5-40-003 nömrəli könüllü icra barədə bildiriş borcluya göndərilmişdir. - Borclunun nümayəndəsi X2 Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində verilmiş izahatından görünür ki, G.Sultanova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədindən xəbərdar olduğunu, mübahisəli mənzildə borclunun ailə üzvlərinin yaşadığını bildirmiş və icra məmuru tərəfindən ona verilmiş digər sualları cavablandıraraq, izahatının doğruluğunu imzası ilə təsdiq etmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən “şəxsin sərhədkeçməsi” adlı çıxarışdan görünür ki, Borclu xx.xx.2022-ci il tarixdə dövlət sərhədindən çıxış etmişdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. - 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. “İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır. Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur. “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: - icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; - icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; - icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; - qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı qətnaməsinə əsasən cavabdeh Borclu ünvan 1ndə yerləşən 184 saylı evin iddiaçı Tələbkar məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsindən və 3/60 hissəsindən əşyaları ilə birlikdə çıxarılması, ünvan 1 ünvanda yerləşən 184 saylı evin iddiaçı Tələbkar məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsi və 3/60 hissəsinin iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə öz qanuni qüvvəsini almış və icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. İcra sənədi icraatına daxil olmuş icra məmuru (Cəlaləddin Əliyev) tərəfindən qanunauyğun qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və qeyd edilən qərar tələbin könüllü icra edilməsi haqqında bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Lakin icra sənədi qanunla müəyyən edilmiş könüllü icra müddəti ərzində icra edilməmişdir. Məhkəmənin sorğusu əsasında tələb edilmiş e18836/2023-5-34 saylı icra işində olan sənədlərə baxış keçirilmiş və icra məmuru tərəfindən icra sənədinin icra olunması ilə əlaqədar bir sıra icra tədbirlərinin həyata keçirildiyi öz əksini tapsa da, nəticə etibarı ilə məhkəmənin icra sənədinin hal-hazırki vaxtadək icra olunmadığı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədinin hazırki dövrədək icra olunmamasına maneə yaradan halların müəyyən edilməsi məqsədilə icra sənədi üzrə icra tədbirlərini həyata keçirmək səlahiyyətinə malik olan icra məmurunun (C.Əliyevin) məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru borclunun Azərbaycan Respublikası hüdudlarından kənarda olduğunu, habelə mübahisəli mənzildə borclunun əşyalarının olduğunu və bu əşyaların saxlanılması üçün balanslarında müəyyən yerin olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. - 52.2-ci maddəsinə əsasən saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Beləliklə yuxarıda qeyd edilənlərlə məlum olur ki, icra məmuru tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsə də, məhkəmənin icra sənədi hələ də icrasız qalmaqdadır. Bu səbəbdən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin zəruriliyi icra məmurunun diqqətinə çatdırılmalıdır. Məhkəmə hesab edir ki, şkayət ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin zəruriliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 diqqətinə çatdırılmalı, şikayət ərizəsi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 267-268, maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2888/2022 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin zəruriliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 diqqətinə çatdırılsın. Şikayət ərizəsi qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar