Məhkəmə qərarları › İş №8(006)-194/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-194/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-194/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tərəbkar Tələbkar, Borclu2, Borclu1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin icra sənədinin icrasını təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulması barədə təqdimatına, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28, mənzil 23 saylı, 9-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336.000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəza çəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sistemindən əldə edilmiş çıxarışına əsasən, Borclu1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzil aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından tələbkar şikayət vermiş, şikayət təmin edilməməklə işin materiallarının şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 194/202 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, icra sənədi üzrə tələbkara ödənilməli olan məbləğ kifayət qədər yüksək məbləğdir (336.000 manat) və icra sənədi uzun müddətdir icra olunmamışdır. Borclu1 mülkiyyətində Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 195,16 kv.m sahəsi olan mənzil var. Birinci instansiya məhkəməsi tərəfindən borclunun mülkiyyətində olan həmin mənzilin dəyəri müəyyən edilməklə təqdimatın təmin edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, qeyd olunan mənzilin dəyəri müəyyən edildikdən sonra həmin dəyərin icra sənədi üzrə borcun ödənilməsinə və qalan məbləğin borclunun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil ilə təmin edilməsinə kifayət edəcəyi istisna edilmir. Borclunun özünün bildirdiyinə görə, həmin mənzil yalnız onun və anasının birgə yaşadığı mənzildir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatı müdafiə edərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu2 tədimatın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Borclu1 nümayəndəsi və vəkili Vəkil təqdimantın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada 331.000 manat maddi ziyanın, 5.000 manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 336.000 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu1 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən 23 nömrəli mənzilin hüquq sahibi Borclu1dur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-47/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 məxsus olan əmlaklar üzərinə həbs qoyulması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər tələbkarın öz vəsatəti əsasında geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Ali Məhkəmənin istinad olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Elektron İcra” X2 görünür ki, X1 Elçin İbrahim oğlunun həyat yoldaşıdır, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475 B saylı bağ sahəsinin bir hissəsinin hüquq sahibidir. İş materiallarında olan “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2024cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Borclu1 məxsus Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin bazar dəyəri 517.174 manat təşkil edir. İş materiallarında olan 8(006)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr üçün 336.000 manat vəsait indeksasiya edilməklə Borclu1 Tələbkar xeyrinə 79.968 manat məbləğində vəsait tutulması qərara alınmış və icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Beləliklə, müəyyən olunur ki, hazırda Borclu1 Tələbkar borcu 415.968 (336.000+79.968) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Borclu1 Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin yeganə yaşayış yeri olması və bu əsasla da təqdimatın rədd edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən borclunun ailə üzvlərinin (arvadı, övladları) hər birinə məxsus mülkiyyətləri vardır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlər nəzərə alınmaqla, iş üzrə məhkəmə araşdırmasını davam edərkən o cümlədən müəyyən olundu ki, qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin qiyməti icra sənədi üzrə borcun məbləğini 101.206 (517.174- 415.968) manat üstələyir. Bu vəsaitin borclunun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil ilə təmin edilməsinə kifayət etməsi əmlak bazarında olan aşkar və hamıya bəlli olan məlumatlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, onun tərəfindən keçən zaman dövründə borcun ödənilməsi üçün hər hansı hərəkət edilmədiyindən, icra şöbəsi tərəfindən isə bütün zəruri tədbirlər görüldüyündən icra sənədləri üzrə borcluya məxsus Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Borclunun diqqətinə çatdırılır ki, mülki prosessual qanunvericiliyə əsasən Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməməsi tələbkara qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiya edilməsi tələbinin irəli sürməsi imkanını yaradır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarların maraqları pozulur ki, bu da yolverilməzdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədlərində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədlərinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu1 məxsus Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin üzərinə tələb həcmində həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu-xx.xx.1965-ci il təvəllüdlü Borclu1 məxsus olan Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin üzərinə tələb həcmində həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar