Məhkəmə qərarları › İş №8(006)-201/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-201/2025

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-201/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi ilə Ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlunun vəkili-nümayəndəsi Nümayəndə, Maraqlı şəxs (tələbkar) Tələbkar, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlu (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş “icra məmurunun aliment üzrə borcun hesablanması haqqında qərarından şikayət”ə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Borclu Hidayət-zadə Anar Azər oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru Nağıyevanın xx.xx.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, borclu Hidayət-zadə Anar Azər oğlundan xx.xx.2022-ci il tarixdən etibarən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. 13 aprel 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirilir ki, borclunun əmək haqqının hər ay ¼ hissəsi tutularaq Tələbkar ödənilir. Bundan əlavə borclu xx.xx.2022-ci il tarixə kimi fərdi sahibkarlıq ilə məşğul olmuş və həmin dövrdə də gəlirləri olmuşdur. Həmin tarixdə fəaliyyət dayandırılmış və bir daha aktiv edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışa əsasən, Hidayətzadə Anar Azər oğlu tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən, ümumi gəliri 133.403,40 manat təşkil etmişdir. İcra məmuru həmin məbləği əsas götürərək, bütün il ərzində əldə edilmiş 133.403,40 manat məbləğində gəlirin hissəsini ödənilməli aliment məbləği kimi hesablamışdır. Lakin nəzərə almamışdır ki, icra sənədinə əsasən aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablanmalı idi. Hidayət-zadə Anar Azər oğluna məxsus sahibkar bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Hidayətzadə Anar Azər oğlunun gəlirləri 9193,49 AZN (doqquz min yüz doxsan üç manat 49 qəpik) olmuşdur. Yəni aliment borcu 2298,38 AZN (iki min iki yüz doxsan səkkiz manat 38 qəpik) hesablanmalı idi. Hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Mahru Nağıyevanın xx.xx.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarında aliment üzrə borc düzgün hesablanmadığından həmin qərar ləğv edilməlidir. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlunun vəkili-nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında maraqlı şəxs (tələbkar) Tələbkar şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi.

5. Maraqlı şəxs (tələbkar) Tələbkar vəkili-nümayəndəsi Vəkil şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi və audit rəyini mötəbər sübut olaraq qəbul etmədiyini bildirdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə icra məmuru məhkəmə iclasına gəlməmiş, icra məmuru gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə icra sənədi üzrə icra məmurunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını, tələbkarın şikayətini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş “aliment üzrə borcun hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Şikayətə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Hidayət-zadə Anar Azər oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar verilməsi, Hidayət-zadə Anar Azər oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun üç yaşına çatanadək hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi müəyyən edilmişdir.

9. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-291/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

10. Şikayətə əlavə edilmiş könüllü icra barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Hidayət-zadə Anar Azər oğluna Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-291/2023 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.

11. Şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş aliment üzrə borcun hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Hidayət-zadə Anar Azər oğlunun borcu ümumilikdə 33350.75 manat müəyyən edilmişdir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 noyabr 2025-ci il tarixli müstəqil auditor hesabatına əsasən: - Sual 1: xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Hidayət-zadə Anar Azər oğlunun bütün gəlirləri (əmək haqqı və digər qazanclar) nəzərə alınmaqla Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-291/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə onun tərəfindən Tələbkar hər ay ödənilməli alimentin məbləği dəqiq göstərilməklə, cəmi nə qədər təşkil edir? Cavab 1: xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Hidayət-zadə Anar Azər oğlunun əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan ümumi gəlirləri 48170,91 manat təşkil etmişdir ki, bundan vergi və digər icbari ödənişlər işə götürən tərəfindən tutulduqdan sonra ələ çatacaq cəmi gəlirləri 42709,42 manat təşkil etmişdir. Əldə olunan gəlirin 1/4 hissəsi 10677,36 manat olaraq aliment hesablanmışdır və 10728,27 manat Hidayət-zadə Anar Azər oğlunun gəlirlərindən "xxxx" MMC tərəfindən tutularaq Tələbkar ödənilmişdir. Beləliklə, 2024cü ilin dekabr ayına Hidayət-zadə Anar Azər oğlu tərəfindən əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan gəlirlərindən ödəniləcək aliment borcu olmamışdır (cədvəl 1). Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla fərdi sahibkar Hidayət-zadə Anar Azər oğlunun (VÖEN:**********) gəlirləri barədə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. 2022-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən fərdi sahibkar X1 (VÖEN:**********) gəlirləri 133403.40 manat təşkil etmişdir ki, bundan 5568.00 manat gəlir xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əldə edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində sahibkar kimi gəlirləri 5568.00 manat, xərcləri 745.70 manat, ümumi gəliri isə 4822.30 manat olmuşdur. Ümumi gəlirilərindən gəlir vergisi çıxıldıqdan sonra xalis gəlir 4581.19 manat olmuşdur. Əldə olunan 4581.19 manat xalis gəlirin 1/4 hissəsi 1145.30 manat təşkil edir (cədvəl 2). Hidayət-zadə Anar Azər oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 1220,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Hidayət-zadə Anar Azər oğlunun xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edildi (cədvəl 3). Hidayət-zadə Anar Azər oğlu xx.xx.2022-ci il tarixdən audit yoxlaması aparılan tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 3520,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Hidayət-zadə Anar Azər oğlunun xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni xx.xx.2023cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edildi (cədvəl 5) Cədvəl 5-də göründüyü kimi Hidayət-zadə Anar Azər oğlunun ödənilməmiş aliment borcu qalmamış, 2800 manat artıq ödənilmişdir. Qeyd: Cədvəl 5-də göstərilən artıq ödənilmiş 2800.00 manatdan 1145.30 manat sahibkarlıq fəaliyyətindən əldə edilmiş xalis gəlirə görə ödənilməli olan aliment məbləği çıxıldıqdan sonra audit yoxlaması aparılan dövrə aliment borcu olmamış, 1654.70 manat artıq ödənilmişdir. - Sual 3: Göstərilən dövr ərzində borclu tərəfindən nə qədər ödəniş edilmişdir? Cavab 3: Göstərilən dövr ərzində: - xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 11948.27 manat, - xx.xx.2022-ci il tarixdən hazıradək (oktyabr 2025-ci il daxil olmaqla) 16937.57 manat borclu tərəfindən ödəniş edilmişdir. - Sual 4: Göstərilən dövr ərzində borclunun ödənilməmiş aliment borcu qalmışdırmı? Borcun olduğu müəyyən edildiyi təqdirdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən hazıradək Hidayət-zadə Anar Azər oğlu tərəfindən Tələbkar ödənilməmiş qalıq borcu nə qədər təşkil edir? Cavab 4: Göstərilən dövr ərzində borclunun ödənilməmiş aliment borcu qalmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən hesablanmış borcun məbləği ilə bağlı tərəflər arasında narazılıq vardır. Belə ki, icra məmuru tərəfindən aliment borcu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə edilmiş sorğunun nəticəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş 2022-ci il üzrə gəlir vergi bəyannaməsinə əsasən 133403,40 manat dövriyyə məbləğinin ¼ hissəsi miqdarında 33350.75 manat müəyyən edilmiş, lakin borclu Hidayət-zadə Anar Azər oğlu buna etiraz edərək icra məmurunun aliment məbləğini düzgün hesablamadığını iddia edir.

14. Məhkəmə qeyd edir ki, alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrindəndir.

15. Məhkəmə tərəfindən 24 aprel və 7 oktyabr 2025-ci il tarixli qərardadlar ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilməsindən imtina olunmuşdur.

16. Məhkəmənin 7 oktyabr 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar "xxxx" MMC-nin 25 noyabr 2025-ci il tarixli müstəqil auditorun hesabatı məhkəməyə daxil olmuşdur.

17. Həmin hesabatın sübut kimi qəbul olunmasını istisna edən hallar mövcud deyildir.

18. Audit tərəfindən rəy verilən zaman Dövlət Vergi Xidmətinə ünvanlanmış məktuba cavab olaraq fərdi sahibkar Hidayət-zadə Anar Azər oğlunun gəlirləri barədə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi, Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış məktuba cavab olaraq əmək haqqı və ona bərabər tutulan digər gəlirləri barədə məlumat, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlər əsas götürülmüşdür.

19. Məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş audit rəyini əsaslı hesab edərək qeyd edir ki, audit rəyi ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Hidayətzadə Anar Azər oğlunun əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan ümumi gəlirləri 48170,91 manat təşkil etmişdir ki, bundan vergi və digər icbari ödənişlər işə götürən tərəfindən tutulduqdan sonra ələ çatacaq cəmi gəlirləri 42709,42 manat təşkil etmişdir. Əldə olunan gəlirin 1/4 hissəsi 10677,36 manat olaraq aliment hesablanmışdır və 10728,27 manat Hidayət-zadə Anar Azər oğlunun gəlirlərindən "xxxx" MMC tərəfindən tutularaq Tələbkar ödənilmişdir. Beləliklə, 2024-cü ilin dekabr ayına Hidayət-zadə Anar Azər oğlu tərəfindən əmək haqqı və muzdlu ilə əlaqədar əmək haqqına bərabər tutulan gəlirlərindən ödəniləcək aliment borcu olmamışdır.

20. Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla fərdi sahibkar Hidayət-zadə Anar Azər oğlunun (VÖEN:**********) gəlirləri barədə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. 2022-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən fərdi sahibkar X1 (VÖEN:**********) gəlirləri 133403.40 manat təşkil etmişdir ki, bundan 5568.00 manat gəlir xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əldə edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində sahibkar kimi gəlirləri 5568.00 manat, xərcləri 745.70 manat, ümumi gəliri isə 4822.30 manat olmuşdur. Ümumi gəlirilərindən gəlir vergisi çıxıldıqdan sonra xalis gəlir 4581.19 manat olmuşdur. Əldə olunan 4581.19 manat xalis gəlirin 1/4 hissəsi 1145.30 manat təşkil edir (cədvəl 2).

21. Hidayət-zadə Anar Azər oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 1220,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Hidayət-zadə Anar Azər oğlunun xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni xx.xx.2023cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edilmişdir.

22. Hidayət-zadə Anar Azər oğlu xx.xx.2022-ci il tarixdən audit yoxlaması aparılan tarixədək olan dövr ərzində ümumilikdə ödəniş terminalları vasitəsi ilə Tələbkar kart hesabına 3520,00 manat aliment təyinatı üzrə ödəniş həyata keçirmişdir. Audit yoxlaması zamanı Hidayət-zadə Anar Azər oğlunun xx.xx.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun 3 yaşınadək, yəni xx.xx.2023cü il tarixədək, dekabr 2022-ci il tarixdən may 2023-cü il tarixədək, 6 ay ərzində hər ay 120 manat olmaqla 720 manat, sahibkarlıq fəaliyyətindən isə 1145.30 manat, ümumilikdə 1865.30 manat aliment ödənişi öhdəliyi müəyyən edilmişdir.

23. Göründüyü kimi aliment üzrə borcun hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərar ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Hidayət-zadə Anar Azər oğlunun ümumilikdə 33350.75 manat aliment borcu müəyyən edilsə də, iş materiallarında sənədlər (gəlir vergisi bəyannaməsi, əmək müqavilələri, "xxxx" MMC adından Hidayət-zadə Anar Azər oğlunun əmək haqqından tutularaq Tələbkar hesabına ödənilmiş məbləğlərə dair ödəniş tapşırıqları, bank hesabından çıxarışlar və s.) və audit hesabatı ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən hazıradək borclu Hidayət-zadə Anar Azər oğlu tərəfindən Tələbkar ödənilməmiş aliment borcu qalmamış, əksinə 1654.70 manat artıq ödənişi olmuşdur.

24. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra sənədi üzrə tutulmalı olan məbləğin ödənilməsi üzrə əsaslar müəyyən edilmədiyindən borclu icra məmurunun qərarından şikayət etməkdə haqlı olmuşdur.

25. Bundan əlavə, qeyd edilməlidir ki, icra məmurunun xx.xx.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarın borcluya təqdim edilməsi iş materialları ilə müəyyən edilmədiyindən, icra məmuru tərəfindən də məhkəməyə həmin qərarın tərəflərə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən məhkəmə borclunun icra məmurunun qərarını mübahisələndirmək üçün müddəti ötürməməsi qənatinə gəlir və hesab edir ki, tələbkarın müddətlə bağlı etirazları formal mülahizələrə əsaslanaraq irəli sürülmüşdür.

26. Məhkəmə iş materiallarını və audit rəyini əsas götürərək qeyd edir ki, ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlunun (vəkili-nümayəndəsi Nümayəndə) şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

27. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir; Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

28. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 69. Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir

29. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: ... alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; ....

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2-15.3. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

31. Qeyd olunanlara istinadən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlu (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş “aliment üzrə borcun hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməlidir.

Nəticə:

32. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və AR MPM-in 263-264, 267-268-ci maddələrinə müvafiq olaraq,

QƏRARA ALDİ:

Ərizəçi (borclu) Hidayət-zadə Anar Azər oğlu (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş “aliment üzrə borcun hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar