Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-202/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2371/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2371/2024 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçı Tələbkar ilə qalmalıdır. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Məlumat üçün bildirilir ki, Borclu mütəmadi olaraq ölkə hüdudlarını tərk edir və yenidən ölkəyə qayıdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsi rəhbər tutularaq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə etdi və əlavə olaraq bildirdi ki, təqdimatla müraciət etməsinin səbəbi odur ki, borclunun qalıq borcu müəyyən edilir. Borc məbləği 2500 manat təşkil edir. Belə bir məsələ də var ki, borclu ona 2500 manat ödəniş etməsini təsdiq edən qəbz təqdim edib. Lakin həmin vəsait tərəflərin ortaq hesabına köçürülüb. Ortaq hesaba köçürüldüyü üçün onu borcun ödənişi qismində qəbul edə bilmirlər. Bundan başqa, qətnamənin tarixi xx.xx.2024-cü il tarixə təsadüf edir, lakin ödəniş xx.xx.2024-cü il tarixdə, yəni qətnamədən öncə edilmişdir. İzahatının sonunda təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, bu hesab onların ortaq hesabıdır. Uzun illər öncə açılıb. Uşaq yıxılıb xəsarət aldığı üçün əməliyyat olunmalı idi. Borclu da könüllü olaraq onun əməliyyat xərclərini qarşılamaq üçün 2500 manat vəsaiti ortaq hesablarına köçürmüşdür. Bu ödəniş aliment ödənişi deyil. Bunu borclu özü də çox gözəl bilir. Sığorta ödənişini özü alıb və uşağın təhsil haqqısına ödəyib. İzahatının sonunda təqdimatın təmin edilməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, uşaq skuterlə qəza törədib. Xəsarət aldığı üçün əməliyyat olunmalı idi. Əməliyyat xərci üçün sığorta şirkətindən ödəniş almışlar. Şirkət onlara 1500 manat ödəniş edib. İcra məmuru onunla əlaqə saxlayıb alimenti ödəməli olduğunu bildirib. O, isə imkanının olmamasını əsas gətirib ayda iki dəfə olmaqla, həm aliment borcunun bir qismini, həm də aylıq aliment ödənişini həyata keçirə bilcəyini soruşub, lakin icra məmuru razılaşmayıb və 3 aylıq aliment ödənişini ödəməsini tələb edib. Onun hazırda aliment borcu yoxdur. Hətta aprel ayının aliment ödənişini də həyata keçirib. 2500 manat borca münasibətdə isə qeyd edir ki, həmin məbləği ödəməsini təsdiq edən qəbzi icra məmuruna təqdim edib. Lakin onu aliment ödənişi kimi qəbul etmir. Ümumi hesab olsa belə, həmin pulu, yəni 2.500 manatı Vüsalə xanım çıxardıb. İzahatının sonunda təqdimatın rədd olunmasını xahiş etmişdir. İş üzrə borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e44689/2025-5-39-001 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2371/2024 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçı Tələbkar ilə qalmalı, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat aliment tutulmalıdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2371/2024 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə eynitarixli, e44689/2025-5-39-003 saylı bildiriş borcluya ünvanlanmışdır. - Ödəniş qəbzinə əsasən Borclu tərəfindən AZ38ACAB******************** hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə 2500 manat məbləğində vəsait köçürülmüşdür. - Ödəniş qəzblərinə əsasən Borclu tərəfindən Tələbkar AZ15ACAB******************** hesab nömrəsinə: - xx.xx.2025-ci il tarixdə 940 manat; - xx.xx.2025-ci il tarixdə 940 manat; - xx.xx.2025-ci il tarixdə 1260 manat; - xx.xx.2025-ci il tarixdə 470 manat ödəniş həyata keçirilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Borclu adına iki daşınmaz əmlak qeydiyyata alınmışdır. Eyni zamanda, Borclu "xxxx" MMC-də direktor vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 549 manat təşkil edir. e44689/2025-5-39-001 saylı icra işində olan: - Tələbkar Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanladığı ərizəsi ilə müəyyən olunur ki, icra sənədi üzrə Borclu qazancından tutulan alimenti onun təqdim etdiyi rekvizit üzrə bank hesabına köçürülməsini xahiş etmişdir. - Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə verdiyi izahatla müəyyən olunur ki, izahatı sual-cavab şəklində alınmışdır. Borclu qarşısında qoyulmuş suallara cavabında icra sənədi barədə məlumatının olduğunu, 940 manat + 940 manat + 2500 manat olmaqla, ümumilikdə 4380 manat ödədiyini, adına 2 evi olduğunu, aidiyyəti təşkilatlarda qiymətli kağız, eləcə də əmanətinin olmadığını bildirmişdir. İcra məmurunun “icra sənədi üzrə bu günə (xx.xx.2025-ci il tarixə) olan aliment borunuz 1260 manat təşkil edir. Qeyd olunan aliment borcunuzu nə zaman tam şəkildə ödəyəcəksiniz?” sualına cavabında may ayının 2-si ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərinə aid edilir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsaslarına aid edilir: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; - icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; - könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45-ci maddəsinin 1, 2, 3, 6, 7-ci hissələrinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 63-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: - vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; - icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə yuxarıda göstərilən sənədləri nəzərdən keçirib, maddi hüquq normalarını təhlil edib hazırki təqdimatın bir neçə əsasa görə təmin edilməsini mümkün hesab etmir. İşdən görünən odur ki, tərəflər arasında ailə münasibətlərindən əmələ gəlmiş mübahisə məhkəmənin qətnaməsi ilə birinci instansiya məhkəməsində yekunlaşmış, qətnamədə tərəflər arasında yaranmış məsələlərə mərhələli şəkildə qiymət verilərək, nikahlarının pozulması, birgə nikahlarından dünyaya gəlmiş uşaqlarının yaşayış yerinin müəyyən olunması və digər hallarla yanaşı uşaqların saxlanması üçün aliment məsələsi də öz həllini tapmışdır. İcra sənədinə görə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Tələbkar yanında qalmaqla, yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulması müəyyən edilmişdir. Baxmayaraq ki, icra sənədi xx.xx.2024-cü il tarixə təsadüf edir, alimentin 2024-cü ilin mart ayından etibarən ödənilməli olması xüsusi ilə vurğulanmışdır. Hazırda təqdimatla müraciət edən icra məmuru borclunun aliment borcunun yarandığını, adına hər hansı əmlak aşkar edilmədiyi və mütəmadi olaraq xarici ölkələrə səfər etdiyi üçün icra sənədinin icrasını təmin etmək naminə ölkədən çıxışına müvəqqəti də olsa məhdudiyyətin qoyulmasını xahiş etmişdir. Daxil olmuş təqdimatın hərtərəfli araşdırılması baxımından həm təqdim edilmiş sənədlərə, həm də tələb edilmiş icra işində olan sənədlərə baxış keçirilmiş, eləcə də tərəflərin məhkəmə iclasında iştirakı təmin edilərək, məsələyə münasibətdə izahatları alınmışdır. Məhkəmə iclasında iştirakı zamanı icra məmuru alimentə görə qalıq borcun 2500 manat təşkil etdiyini bildirsə də, buna etiraz edən borclu hazırki vaxtadək ödənilməmiş aliment borcunun olmadığını bildirmişdir. İcra sənədi ilə müəyyən edildiyi kimi, alimentin aylıq məbləği 470 manat olub xx.xx.2024-cü il tarixdən etibarən ödənilməlidir. Təqdim edilmiş qəbzlərə görə borclu tərəfindən AZ38ACAB******************** hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə 2500 manat, AZ15ACAB******************** hesab nömrəsinə xx.xx.2025-ci il tarixdə 940 manat; xx.xx.2025-ci il tarixdə 940 manat; xx.xx.2025-ci il tarixdə 1260 manat; xx.xx.2025-ci il tarixdə 470 manat ödəniş həyata keçirilmişdir. AZ15ACAB******************** hesab nömrəsi üzrə həyata keçirilmiş ödənişlər mübahisə doğurmasa da, digər AZ38ACAB******************** hesab nömrəsinə köçürülmüş 2500 manat vəsait aliment ödənişi kimi qəbul edilmədiyi üçün hazırki təqdimatın verilməsinə əsas olmuşdur. Belə ki, icra məmurunun və tələbkarın bildirdiklərinə görə həmin ödəniş əməliyyat xərci üçün ödənilən vəsait olmaqla, icra sənədindən öncə və tərəflərin ortaq hesabına ödənilmişdir. Lakin həmin dəlillə razı olmayan borclu bu ödənişi bilavasitə aliment borcuna görə ödədiyini bildirmişdir. Göstərilən ödənişə münasibətdə qeyd edilməlidir ki, məhkəmə ödənişin icra sənədindən öncə (xx.xx.2024-cü il) edilməsi ilə razılaşsa da, nəzərə almaq lazımdır ki, icra sənədi ilə borclunun aliment öhdəliyi xx.xx.2024-cü il tarixdən etibarən yaranmışdır. Eyni zamanda, tərəflər arasında iddia tələbinə baxıldığı zaman uşaqların yaşayış yerinin müəyyən edilməsi məsələsi mübahisə predmetini təşkil etmədiyi üçün borclunun öncədən ödəniş etməsi həmin məbləğin aliment ödənişi qismində qəbul edilməsi üçün mane deyildir. Digər tərəfdən həm icra məmuru, həm də tələbkar bu ödənişin tələbkarla borclunun ortaq hesabına köçürüldüyünə istinad etmiş olsalar belə, göründüyü kimi, tələbkar adına olan bank rekvizitlərini yalnız 2025-ci ilin fevral ayında icra məmuruna təqdim etmişdir ki, məhz bundan sonra növbəti ödənişlər borclu tərəfindən həmin hesaba ödənilmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, məbləğin ortaq hesaba köçürülməsinə baxmayaraq, tələbkar həmin vəsaiti qəbul etdiyini məhkəmə iclasında izahatı ilə təsdiq etmişdir. Digər tərəfdən icra sənədinin icrası istqamətində tədbirlərin həyata keçirilməsi zamanı borcludan sual-cavab formasında izahatı alınmış, suallar icra məmuru tərəfindən tərtib olunmuşdur. İzahatın alındığı tarixə (xx.xx.2025-ci il) borcluya qalıq qalmış borc məbləğinin 1.260 manat olduğu bildirilərək göstərilən məbləği nə vaxt ödəyəcəyi sual edilmiş, borclu isə cavabında 2 may tarixinə kimi ödəyəcəyini bildirmişdir ki, xx.xx.2025-ci il tarixli qəbzə əsasən həmin məbləğin tam ödənilməsi borclu tərəfindən təmin edilmişdir. Yəni icra sənədi üzrə edilmiş ödənişlərin hesablamasını həyata keçirən icra məmuru xx.xx.2025-ci il tarixə qalıq qalmış borc məbləğinin 1260 manat təşkil etməsini bildirməsinə baxmayaraq, elə həmin tarixdə də təqdimatla müraciət edib, verdiyi izahatında ödənilməmiş borcun 2500 manat olduğunu bildirərək qeyri-müəyyənliyə yol vermişdir. Təqdimatın yuxarıda qeyd olunan hallara görə əsassız olması ilə yanaşı məhkəmə onu da vurğulayır ki, icra məmuru təqdimatla müraciət edənədək, borclunun adına hər hansı əmlakın olub-olmaması ilə bağlı sorğular verdiyinə istinad etsə də, nə təqdimata əlavə edilmiş sənədlərdə, nə də ki, tələb edilmiş icra işində qeyd etdiyi məzmunda sorğulara rast gəlinməmişdir. Halbuki, məhkəmənin məlumat əldə etmək üçün imkanlarından yararlandığı elektron məhkəmə informasiya sistemində sorğuların edilməsi zamanı borclunun adına əmlakın olması ilə yanaşı gəlir yerinin də olması müəyyən edilmiş, lakin icra məmuru bu hallara diqqət yetirməyib, yəni məcburi icra tədbiri qismində borlcunun əmlakı üzərinə həbs qoymaq yaxud tələbi əmək haqqısına, gəlirinə yönəltmək əvəzinə bilavasitə konstitusion hüququ olan azad hərəkət etmək hüququnun məhdudlaşdırılmasını tələb etmişdir. Halbuki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalı, təxirəsalınmaz sosial ehtiyaca cavab verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Avropa İnsan Hüquqları Konvensiyasına 4 saylı protokolun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş, ictimai qaydanı qorumaq, cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Qeyd edilməlidir ki, qanunda nəzərdə tutulan əsaslar olmadan, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması Avropa Konvensiyası ilə qoruma altına alınan hərəkət etmək azadlığı hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən hallar məcmu şəkildə təqdimatın əsassız olduğunu deməyə əsas verir və təmin edilməsi məhkəmə tərəfindən mümkün hesab edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2371/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-202/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-202/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver