Məhkəmə qərarları › İş №8(006)-204/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-204/2024

02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-204/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan şikayət”ə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Hazırda Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədinin icraatına xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. Qərardad üzrə eyni tarixli icra vərəqəsi 1 gün sonra, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Ötən müddət ərzində əsas mülki işə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-463/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi verilmişdir ki, Borclu MMC-dən (daha sonra MTK) Tələbkar xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.169.336,5 manat, ünvan 2 ünvanında yerləşən 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42.500 manat, vurulmuş mənəvi zərərə görə 15.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3.226.866,5 manat pul tutulmuşdur. Qətnamə üzrə icra sənədi eyni tarixdə Borclu MTK-nın ünvanı üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru X1 e7432/2024-7-9 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə icraata qəbul edilmişdir. Ötən 6 ay müddət ərzində icra sənədinin icrası təmin edilməmiş, icra məmurundan borcluya məxsus və xx.xx.2021-ci il tarixli qərardadla üzərinə həbs qoyulmuş əmlaklar hesabına qətnamənin icrası tələb edilmiş və xx.xx.2021-ci il tarixli icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən İcra şöbəsinə müraciət edilərək, qərardadın icrası ilə bağlı məlumatsız olmalarının nəzərə alınaraq, görülmüş icra tədbirləri barədə məlumat verilməsi, sənədlərin təqdim edilməsi və icra işi ilə tanış olmaq üçün şərait yaradılması xahiş edilmiş, lakin icra məmuru edilmiş müraciətlərə cavab verməmiş, yalnız xx.xx.2024-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı və DƏDKR PHŞ-nin xx.xx.2022-ci il tarixli cavab məktubu təqdim edilmişdir. İcra məmurunun köməkçisi olduğunu bildirən şəxs hər dəfə işin arxivdə olduğunu, arxiv işçisinin işdə olmadığını və təqdim edilmiş sənədlərdən başqa, icra işində heç bir sənəd olmadığını bildirmişdir. DƏDKR PHŞnin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazasında Borclu MTK-nın Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada yerləşən 672,6 m2 qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoyulmuşdur. Mübahisələndirilən qərarda isə icra sənədində qeyd olunan tələbin borclu tərəfindən təmin edilməsi qeyd edilmişdir. Lakin həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, icra məmuru həmin icra sənədini qəbul etdikdən sonra qanunla üzərinə düşən vəzifələri yerinə yetirərək, tələbin könüllü icrası üçün borcluya bildiriş, icraata başlamaq haqqında qərarı verməli və bunu poçt qəbzləri ilə təsdiqləməli, borclu hüquqi şəxsin rəhbərini İcra şöbəsinə dəvət etməli, onun izahatını almalı, tələb könüllü icra edilmədikdə hüquqi şəxsin rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etməli, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli, ölkədən getmək hüququnu məhdudlaşdırmalı idi. Tələbkar özü 84 yaşlı, ahıl qadındır. Bu yaşda səhhətindəki problemlərlə yanaşı, MTK-nın əmlaklarına qanunsuz müdaxilələri və qanunsuzluğun dayandırılması barədə aidiyyəti orqanlara müraciətlərinin nəticəsiz qalması ilə əmlaklarının yerləyeksan edilməsi nəticəsində uzun müddətdir ki, əsəb, stres yaşayır, psixoloji sarsıntılar keçirir. Əmlakları gözünün qabağında dağıdılmış, məhv edilmişdir. MTK isə 6 ildir ki, arxayın hərəkət edir, biznesini inkişaf etdirir, milyonlar qazanır, barəsində isə heç bir tədbir görülmür, məhkəmə qərarları kağız üzərində qalır. MTK tələbkarın əmlaklarının yerində göydələnlər, ticarət mərkəzləri ucaldıb, xoşbəxt həyatını davam etdirir. Tələbkara qarşı edilmiş bu zülmlərin, onun küçəyə atılmasının müqabilində İcra şöbəsinin də MTK-ya fürsət verməsi, məhkəmə qərarının icrasından yayınmaq üçün şərait yaratması təəssüf doğurur. Reyestrdə qadağa qoymaq satışa və ya özgəninkiləşdirilməyə qadağa qoymaq demək deyil. Axı satışa qadağa qoyulmadığı və ya qadağa qərardadı icra edilmədiyi halda, borclunun imkanı yaranır ki, əmlakları satsın və ya özgəninkiləşdirsin. İcra məmuru bir dəfə də olsun, MTK-ya getməyib, MTK-dan layihə sənədlərini istəməyib, satışına qadağa qoyulması nəzərdə tutulan 672,6 m2 sahənin layihəyə əsasən binanın konkret hansı hissəsi, mərtəbəsində yerləşməsini müəyyən etməyib, bu haqda müvafiq akt, cizgi tərtib etməyib, qadağa qoyulmalı sahə ilə bağlı MTK-nı xəbərdar etməyib. Həmin sahənin harada olması bəlli deyil. İcra məmurunun bu hərəkətləri məhkəmə qərarına hörmətsizlik, qərəz, vəzifə borcunu yerinə yetirməmək, MTK ilə əlbirlikdir. Əgər qərardad icra edilmişdirsə, tələbkarın iştirakı ilə akt tərtib olunmalı idi ki, icraata xitam vermək mümkün olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə tələbkar və borclu (nümayəndəsi), həmçinin, icra məmuru məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar vəkilinümayəndəsi Vəkil şikayəti müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra icraatı tərəflərinin və icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın şikayətini, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Məhkəmə aktı dərhal qüvvəyə minmiş, icra sənədi xx.xx.2021-ci ildə imzalanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan, icra sənədinə xitam verilmişdir. Tələbkar tərəfindən icra məmuruna ünvanlanmış xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, o, icra tədbirləri barədə məlumat verilməklə, sənədlərin təqdim edilməsini xahiş etmişdir. İcra işinin materiallarında olan: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nizami rayon İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi Nizami rayon İcra şöbəsi tərəfindən aidiyyəti üzrə icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra işinin materiallarında olan: İcra vərəqəsindən görünür ki, Borclu MMC-dən Tələbkar xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.573.042 manat, ünvan 2 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42.500 manat, vurulmuş mənəvi zərərə görə 15.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin, cəmi 3.630.572 manat pul tutulması, ekspertiza tədqiqatına görə 100 manatın Borclu MMC-dən alınaraq AR ƏN MEM-in hesabına köçürülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu MTK-nın direktoru Nümayəndə xx.xx.2024-cü il tarixdə qərar və bildirişi qəbul etməsinə dair imza etmişdir. xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcun və icra ödənişinin ödənilməsi məqsədilə borclunun bir sıra banklarda olan hesablarından göstərilən məbləğlərdə pulun tutulması barədə sərəncam verilmişdir. "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclunun hesablaşma hesabına inkasso sərəncamlarının qoyulması təmin olunmuşdur. "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inkasso sərəncamları icraya qəbul edilmişdir. "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inkasso sərəncamları 2 ay ərzində bankda saxlanacaq və hesaba vəsait daxil olduqca qanunla müəyyən edilmiş ardıcıllıqla ödəniləcəkdir. "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inkasso sərəncamlarında möhür olmadığına görə geri qaytarılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Tələbkar ərizəsi əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(103)-1177/2024 nömrəli mülki işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Borclu MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında inşa etdiyi binada 672,6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Həmin qərardad əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, könüllü icra üçün nəzərdə tutulan müddət ərzində icra sənədinin icrası təmin edilmədiyindən, borclu məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə də xəbərdar edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata o əsasla xitam verilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Halbuki, icranın təmin edilməsi ilə bağlı hər hansı bir sənəd, o cümlədən tələbkarın şikayətində istinad etdiyi DƏDKR PHŞ-nin məktubu icra işinin materiallarında yoxdur. İcra işinin materiallarından yalnız icra məmurunun hərəkətsizliyi və icraata xitam verilməsi haqqında əsası müəyyən edilə bilməyən qərarın qəbul edilməsi müəyyən edilir. Nəzərə alınsa ki, həmin mülki iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamə ilə Borclu MMC-dən Tələbkar xeyrinə cəmi 3.630.572 manat pul tutulması qət edilmişdir, belə olan halda mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia təmin (qismən) edildikdə müvəqqəti təminat tədbiri barədə qərardad məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalı olduğundan, icra məmuru icra sənədinin icrasını təmin etməli və yalnız bundan əsaslandırılmış qərarla icraata xitam verməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-15.3-cü maddələrinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: - məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; - məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; - tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; - icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; - qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; - icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.6-cı maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara istinadən məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və AR MPM-in 263-264, 267-268-ci maddələrinə müvafiq olaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin. İcra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar