Məhkəmə qərarları › İş №8(006)-209/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-209/2025

25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-209/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1149/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1149/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızından 8815 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixində daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasında üzrsüz səbəbdən yayınmışdır. Lakin hazırki vaxtadək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1149/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Ələsgərova (İsmayılova) Jalə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-297/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş və cavabdeh Ələsgərova (İsmayılova) Jalə İlham qızından 8.815 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e275962/2024-5-6 saylı bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1149/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızına tələbi icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1149/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən ünvan 1 ünvanında yaşayan Ələsgərova (İsmayılova) Jalə İlham qızının məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1149/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra müddətində, yəni 10 gün ərzində borclu X3 tərəfindən üzrsüz səbəbdən icra olunmadığı üçün ödənilməli olan 8815 manat məbləğin 7 faizi həcmində icra ödənişinin tutulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 8815 manat məbləği tutulanadək hər ay borclu X1 əmək haqqından 50 faiz miqdarının tutularaq Nəsimi rayon depozit hesabına köçürülməsinin və borc məbləği tam şəkildə ödənildikdən sonra icra sənədində qeyd olunan 8815 manat məbləğin 7 faiz həcmində icra ödənişinin tutularaq xx.xx.2024-cü il tarixli qərarda qeyd olunan hesaba köçürülməsinin təmin edilərək Nəsimi rayon İcra şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən borclu xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızı barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Borclu tərəfindən yazılmış izahatdan görünür ki, borclu ödənişin maaşından tutulduğunu, kirayə qaldığını, öhdəsində azyaşlı övladının olduğunu və imkanı düzələn kimi borcu bağlayacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən öhdəliyin yerinə yetirilməsi üçün hər hansı bir addımın atılmamasını, borc məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1149/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Ələsgərova (İsmayılova) Jalə İlham qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar