Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-215/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “əmlak üzərinə həbsin qoyulması” barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC adına olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 1 və Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 42,9 kv.m təmirli mənzil alınaraq Tələbkar verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci də Borclu MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədlərinin və qanunvericiliyin tələbləri bir daha izah edilmiş, lakin borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. İcraat zamanı Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 1 və Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 saylı mənzillərin Borclu MMC-yə aid olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 izahatında təqdimatı müdafiə edərək borclu tərəfindən 5116,87 manat məbləğində ödənişin həyata keçirildiyini və qalan məbləğin isə ödənilmədiyini bildirdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar qeyd edilən mənzillərin sökülmədiyini və bunun təsdiqi kimi həmin mənzillərin cavabdeh şirkətin adına qeydiyyatdan keçdiyini, habelə sökülməsi ilə bağlı hər hansı sübut təqdim etməmələrini, həmçinin həmin mənzillərin mövcüd fotoşəkillərini məhkəməyə təqdim etdiyini bildirərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Borclu MMC-nin nümayəndəsi X3 məhkəməyə izahatında bildirmişdir ki, barəsində təqdimat verilən mənzillər hazırda sökülmüşdür və şirkətin maddi vəziyyəti ağır olduğundan ödənişi həyata keçirə bilmirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata borclunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022- 029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 42,9 kv.m təmirli mənzil alınaraq Tələbkar verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Borclu MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə e232275/2023-5-33 nömrəli bildiriş borcluya göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-25/2024 saylı qərardadı ilə icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin “...cavabdeh Borclundən 42,9 kv.m təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi...” hissəsində icra üsulu dəyişdirilərək, mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil dən 116688 manat (2720 manat x 42,9 m2) məbləğində pul cavabdeh Borclundən tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu MMC-nin adına Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 1 (əmlakın ümumi sahəsi 39 kv.m) və Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 (əmlakın ümumi sahəsi 45,2 kv.m) saylı mənzillər qeydiyyatdadır. Təqdimatın ətraflı araşdırılmasını təmin etməkdən ötrü e232275/2023-5-33 saylı icra işi istənilmiş, 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olduğu, müvafiq qərarla icraata başlanıldığı, icraata başlamaq haqqında qərar və bildirişin icra edilməsi üçün borcluya, məlumat üçün isə tərəflərə göndərildiyi, borclunun əmlak vəziyyətinin “Elektron icra” informasiya sistemi vasitəsi ilə yoxlanıldığı və onun adına tələbin yönəldiləcək daşınmaz əmlakların aşkar edildiyi müəyyən edilmişdir. Həmçinin icra işinə əlavə edilmiş 16 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Borclu MMC tərəfindən 5116,87 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 ünvanı üzərinə həbs qoyulmalıdır. Məhkəmə təqdimatın təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, müvafiq məhdudiyyətin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Məhkəmə hesab edir ki, borclunun ödəməli olduğu borc məbləği üzərinə həbs qoyulması tələb edilən əmlakların ümumi dəyərinə mütənasib deyil, əksinə əmlakların dəyəri borc məbləğindən xeyli artıqdır. Bu səbəbdən üzərinə həbs qoyulan əmlakın dəyəri borc məbləğinə uyğun olmalıdır və hazırda digər mənzilin üzərinə həbs qoyulmasına zərurət yoxdur. İş üzrə qanuni qüvvəyə minmiş qərarlarla görünür ki, cavabdeh şirkət tərəfindən əvvəlcə 42,9 kv.m təmirli mənzilin iddiaçıya verilməsi qət edilmiş, daha sonra icra üsulu dəyişdirilərək onun bazar dəyəri olan 116688 (yüz on altı min altı yüz səksən səkkiz) manat pulun tutulması qərara alınmışdır. Bununla da hazırda həmin ünvanda cavabdehə Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 (əmlakın ümumi sahəsi 45,2 kv.m) ünvanı üzərinə həbs qoyulması ədalətli olmaqla icra vərəqəsinə mütənasibdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 44, mənzil 5 (əmlakın ümumi sahəsi 45,2 kv.m) ünvanı üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-215/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-215/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver