Məhkəmə qərarları › İş №8(006)-216/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-216/2023

06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-216/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3473/2022 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə borclu X2 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5006/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, avans kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı Borclu verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh X3 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3473/2022 saylı qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 beh kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Borclu verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən cavabdeh X3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5588/2022 saylı qərarı ilə cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(103)-3473/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda borclu X3 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3473/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində ondan cəmi 65.030 manat məbləğində pulun alınaraq Borclu ödənilməsi göstərilmişdir. Həmin məhkəmə qərarı icra olunması üçün Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmiş və ona icra məmuru tərəfindən könüllü müddət verilmişdir ki, borcunu ödəsin. Lakin maddi vəziyyəti ağır olduğu üçün qeyd olunan vəsaiti tam olaraq ödəyə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qərarına əsasən qeyd olunan vəsaitləri ödəyə bilmədiyinə görə 500 manat cərimə olunmuşdur. Belə ki, hal-hazırda rəsmi olaraq heç yerdə işləmir. Ona görə də, ödənişlər etmək onun üçün çətindir. Ailədə oğlu aldığı əmək haqqı ilə kirayə, kommunal xidmətləri ödəyir. Onun aylıq əmək haqqı təxminən 500 manat təşkil edir. Dolanışığı çətindir. Lakin bütün bu çətinliklərə baxmayaraq, borcu ödəməkdən yayınmır. Belə ki, şəxsən Nəsimi rayon İcra şöbəsində yazdığı ərizədə maaşının qanunla icazə verilən 5 %-ni deyil, hətta tam olaraq tutulması barədə ərizə vermişdir. İcra sənədində olan problemlərlə əlaqədar maaşından pulun tutulması gecikdirilsə də, şəxsən onun tərəfindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. Xüsusi ilə vurğulayır ki, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. Hal-hazırda kirayədə qalır. İş yeri üzrə rəsmi maaşının da tam olaraq tutulmasına etiraz etmir. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq fikri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsas müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri işə baxmış hakim tərəfindən həll edilir. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət iş üzrə son (yekun) qətnaməni qəbul edən məhkəmədən getmir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi kifayət qədər müddətin keçməsini, borclunun hansı müddət ərzində icra sənədini icra edə biləcəyini əsaslandıra və bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Digər tərəfdən, məhkəmə qeyd edir ki, borclu X2 ərizəsi təmin ediləcəyi təqdirdə, bu tələbkarın icra sənədi üzrə borcunu tələb etmək hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3473/2022 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə borclu X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar